Qüsursuz qüsurlarla dolu dünyaya minnətdarlıqla uyğunlaşmaq

Bu məqalədə
Judy oksigen maskasını düzəldib nazik qollarından dayaq alaraq ağ xəstəxana çarpayısında dikəlməyə çalışdı: “Necə deyəcəyimi bilmirəm, amma xahiş etsəm...” Yenidən dərindən nəfəs alıb cümləsini davam etdirərkən adət etmədiyim şəkildə kəkələyirdi: “Dəfnimdə oxumağı düşünərdinizmi?” Bir müddət cibimdəki stetoskopla məşğul olurmuş kimi içimdəki qəribə hissi büruzə verməməyə çalışdım. Qəribə sükutu fərq edəndə “Şərəf duyardım. Ağlında bir mahnı varmı?” dedim.
Oksigen maskasını düzəldərkən daha dik oturmağa çalışırdı: “Açığı, yox. Sadəcə kədərli mahnı olmasın. İnsanların ağ geyinib həyatımı qeyd etməsini istəyirəm. Bach kimi gözəl bir şey oxuya bilərsiniz."
Dəyişdirici güc
Judy-nin xərçəng hekayəsi yeddi il əvvəl uzun müddət araşdırılan bağırsaq problemləri ilə başladı. Ona yumurtalıq xərçəngi əlamətlərinin daha sadə xəstəliklər kimi görünə, asanlıqla bağırsaq və ya sidik kisəsi ilə bağlı yanlış diaqnoz ala biləcəyini izah etmişdim.
Aylarla narahatlıq, davamlı testlər və yanlış diaqnozlar sonda tibb aləminə etibarını itirməsinə səbəb oldu, lakin Judy tez qəzəbdən qəbul mərhələsinə keçdi; müasir tibbin məhdudiyyətlərinə incikliyi onu əhatə edən dünyaya dərin sevgiyə çevrildi – bu dəyişdirici güc həm də heyrətamiz lütf idi.
Judy aqressiv əməliyyatından sonra çətin olsa da yoqaya qayıtdı. Kimyaterapiya üçün aylıq xəstəxana yatışlarına sevgi dolu xəstənin yanında bir neçə gün keçirməyi səbirsizliklə gözləyən minnətdar müşayiətçi qatılırdı. Kimyaterapiya cihazı işə düşüb ilk damla axanda pəncərəni göstərir, albalı ağaclarının yeni açmış çiçəklərinin gözəlliyinə diqqət çəkirdi. Remissiyada (müalicəsi bitmiş halda) xəstəlik və müalicə yükündən yorulmuş digər xəstələrə baxmağa vaxt sərf edirdi. Bənzətmə və fəlsəfə ilə onlara və səhiyyə işçilərinə kiçik, sadə sevinclərlə dolu hər günün əslində nə qədər qiymətli olduğunu yenidən öyrətmişdi.
Son vəzifə
Xəstəliyi təkrarlanıb ağırlaşanda ailəsinə, dostlarına və həyatına sevgisi daha da gücləndi. 72 yaşında həyatdan ayrılmağa hazırlaşarkən mənə çətin daşıyacağım məsuliyyət verib dəfnində oxumağımı istədi. Mən isə sadəcə qaçmaq istəyirdim.
Oxuya bilmədiyim üçün deyil; müntəzəm çıxış edən, klassik təhsilli müğənniyəm. Oxumaq istəmədiyim üçün deyil; bu xahişin böyük şərəfini qəbul edirəm, amma oxumamağımın yaxşı olacağını düşünürəm. Gələnlərdən birini razı salıb yükü çiynimdən atmaq üçün etməyəcəyim şey demək olar yox idi. Üstəlik, proqramım dolu idi: şübhəsiz, xəstə qəbullarını ləğv etməli və ya əməliyyatı yenidən planlaşdırmalı olacaqdım, bu da xəstə və işçilər üçün çətinlik yaradacaqdı. Harada məşq edəcəkdim? Yolda maşında? Xəstəxananın pilləkən boşluğunda? Bəs allergiya mövsümü? Bütün mahnı boyu asqırıb öskürəcəkdimmi? Emosional tərəfi də vardı. Boğazda böyük düyünlə oxumaq çox çətin olacaqdı. Judy-nin layiq olduğu son səfərdə məndən istədiyi rol üçün şərait uyğun görünmürdü.
Düşündüyüm bütün bu mümkün problemlərin bəhanə olduğunu, qaçmaq istəməyimin əsl səbəbini bilirdim. Əslində bir səbəb vardı: “Xilas edə bilmədiyim həyatı niyə qeyd etməliydim?"
İrəliləmiş yumurtalıq xərçəngi ilə mübarizə aparan çox xəstənin tam sağalmadığını, Judy-nin isə çoxundan uzun yaşadığını bilirdim. Çox xəstəni müalicə edəcək təhsil və təcrübəm varkən tanıdıqca dərin hörmət və sevgi duyduğum birinin həyatını niyə xilas edə bilmədim? Yetərincə çalışmadığım üçün deyildi; optimal əməliyyat, ən yeni kimyaterapiyalar almışdı. Səylərimin yetərsiz olduğuna inam və utanc Judy-nin xərçəng yolunda qazandıqlarını kölgələyirdi. Onu sağalda bilməmişdimsə ailəsi ilə necə üzləşib həyatını/ölümünü qeyd etdiyimiz tədbirin baş qəhrəmanı ola bilərdim? Burada olmağımızın ilkin səbəbi mən deyildimmi? Bacarmamışdım. Bu şərəfli vəzifəyə layiq deyildim.
Qüsurlarla dolu dünyaya uyğunlaşmaq
Qüsur və uğursuzluğuma görə günahkarlığımı anlamağa, qəbul etməyə çalışarkən “Judy məni niyə belə vəzifəyə seçsin?” sualını özümə verməyə bilmirdim. Judy-nin son 7 ili qüsurlu dünyaya uyğunlaşmanın sübutu idi. İrəliləmiş xərçənginə gec diaqnoz qoyulmasına səbəb olan bütün yanlış diaqnoz verən həkimləri bağışlamışdı. Əməliyyat çapıqları, kimyaterapiyanın yaratdığı keçəllik və kolostomiya torbası ilə çox çətinlik yaşasa da, bütün kövrəkliyinə baxmayaraq həyatına davam etdi. Ona görə heyran olduğu şeylər yanında idi: ilk növbədə nəvələri, sevgi dolu ailəsi, iti, yoqa və inandığı Allah – hamısı əzəmət və gözəlliklə təzahür edirdi; hər qüsur görünməz olurdu.
İndi ondan dərs almaq, mükəmməl həkim olmaq inadından vaz keçib obrazımı yenidən qurmaq növbəsi məndə idi; o həkim mən deyildim, əslində ola biləcəyim biri də deyildi. İnsan olduğuma görə özümü bağışlamağın, kövrəkliyimi görüb onun içində tükənmək əvəzinə gözəllik və harmoniya tapmağı seçə biləcəyimi bilməyin vaxtı idi. Judy-nin dəfələrlə göstərdiyi duruş və zərifliyi nümunə götürüb mükəmməlliyə çatmaq üçün özümə yüklədiyim yükdən qurtuldum, həssas yerlərimi qəbul etdim.
Tamlıq hissinin gözəlliyi
Sonda Mendelssohn’s Elijah-dan “If With All Your Hearts You Truly Seek Me” mahnısını oxumağa qərar verdim. Musiqinin sadə, mənalı mesajı, yüksələn şən melodiyası Judy-nin həyat fəlsəfəsini əks etdirirdi. Gözlənildiyi kimi, anım mərasimi girməli olduğum əməliyyatla eyni vaxta salınmışdı. Xəstə görüşləri arasında əməliyyat otağından çıxdım, tünd kostyum və ağ köynək geyinib xəstəxananın soyunma otağından maşınıma keçdim, səs məşqlərinə başladım. Həmin səhər kilsəyə gedərkən nərgiz və forsitiya çiçəklərinin üstünə qar səpilmişdi – qəribə şəkildə qüsurlu gözəllik idi, Judy-nin nəzakətlə verdiyi bütün müdriklik üçün gözəl metafora idi.
Qara geyinmiş onlarla insan kapellaya gedən dəhlizlərdə kiçik qruplarla toplanmışdı. Boş otaq tapıb vəzifəmə hazırlaşmaq üçün özümü oraya qapatdım, amma eşitdiklərim digər dəfnlərdən fərqli idi. İnsanlar alçaq səslə deyil, sanki hamının eşitməsini istəyirmiş kimi Judy-nin həyatlarına qatdığı gözəlliklərdən danışırdılar. Bu söhbətlərdə gülüş vardı.
Judy-nin oğlunu görəndə ona və ailəsinə başsağlığı vermək üçün qaranlıq otaqdan çıxdım. O da ailəsini illər boyu bir yerdə saxlamağımdakı roluma görə səmimi təşəkkür etdi; Judy-nin nəvələri, ailəsi və dostları ilə keçirdiyi yeddi il üçün, ona 7 il daha analıq etməsinə kömək etdiyim üçün. Xərçəng yolunda mənimlə getmək istəyəndə duyduğum şərəf kimi bu gün də bu yolu bitirməkdən şərəf duyurdum. Qəzəb və qorxu ilə başlayan yolumuz sevinc və mahnı ilə bitdi, hər qüsur bağışlama və sevgi ilə bütünün gözəlliyinə çevrildi...
*
Yuxarıda tərcüməsini verdiyimiz Dr. Richard M. Boulay-in yazısı həyatın qiymətli və kövrək olduğunu, xəstəliklə mübarizə apararkən də sevgi və gözəlliyi görməyin əhəmiyyətini xatırladır. Judy-nin hekayəsi çətinliklərlə dolu dünyaya necə uyğunlaşa biləcəyimizi, hər anı qiymətli etmək üçün yaxınlarımıza və dünyaya dəyər verməli olduğumuzu göstərir.
Həmçinin xəstə və həkimlərin uğurlarla yanaşı uğursuzluq və qüsurları qəbul edib dərs götürməli olduğunu deyir. Bu, yalnız xərçəng xəstələri üçün deyil, hamı üçün keçərli dərsdir. Həyatın çətinlikləri ilə üzləşərkən qüsur və məhdudiyyətlərdə də gözəllik, harmoniya tapa biləcəyimizi unutmamalıyıq.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.