Radioterapiyaya bağlı ağız yarasının görünməmiş səviyyədə qarşısını alan dərman

Bu məqalədə
Yeni agent şüa müalicəsi alan baş-boyun xərçəngi xəstələrində ciddi oral mukozit (ağız-boğaz yarası) tezliyini əhəmiyyətli dərəcədə azalda bilər. Bir faza 2 klinik tədqiqatında yeni agent olan GC4419 radioterapiyaya bağlı ciddi oral mukozit müddətini % 92 nisbətində azaltmışdır.
Tapıntılar 19-23 avqust 2018 tarixlərində Massaçusetsin Boston şəhərində keçirilən American Chemical Society (ACS) illik toplantısında təqdim edildi.
Bu dərman namizədini hazırlayan Galera Therapeutics şirkətinin baş elmi mütəxəssisi Dennis Riley mətbuat konfransında dedi: «Bütün solid xərçənglərin (bərk şişlərin) təxminən % 50-si radioterapiya ilə müalicə edilir. Radioterapiyanın xərçəng müalicəsi kimi bir çox faydalı təsiri var, lakin böyük əlavə təsiri iltihabdır və radioterapiyanın normal toxumaya əlavə təsirləri şişə yüksək doza tətbiqini məhdudlaşdırır.»
Radioterapiya iltihaba səbəb olur, çünki şüa müalicəsi kimyəvi bağları pozur və bədəndəki kimyəvi bağların təxminən % 85-i oksigen-hidrogen (OH) molekulları arasındakı «su» bağlarından ibarətdir. Şüalandırma bədəndə çox toksik (zərərli) superoksid molekulları yaradır. Superoksid normal hüceyrələr üçün xərçəng hüceyrələrindən daha toksikdir.
GC4419 zərərli superoksid molekulunu oksigen və hidrogen peroksidə çevirən ilk sinif superoksid dismutaza mimetikidir (yəni çevirici ferment kimi işləyir).
Beləliklə, normal hüceyrələr üçün zərərli superoksid xərçəng hüceyrələri üçün zəhərli hidrogen peroksidə çevrilir. Hətta bu baxımdan GC4419 əlavə təsirləri azaltmaqla qalmayıb şiş əleyhinə effektivliyə də malik ola bilər.
Tədqiqatın təfərrüatları
Bu faza 2 tədqiqatına metastaz verməmiş skuamoz (yastı) hüceyrəli baş-boyun xərçəngi olan (çoxu ağız boşluğunda və burun-udlaqda) 223 xəstə daxil edildi.
Xəstələr 3 qola ayrıldı:
- A qrupu gündə 30 mg GC4419 aldı (radioterapiyadan 60 dəqiqə əvvəl 60 dəqiqəlik venadaxili infuziya)
- B qrupu eyni protokolla gündə 90 mg GC4419 aldı; və
- C qrupu eyni protokolla gündəlik plasebo aldı.
Nəticələr
- Plasebo qrupunda təxminən 3 həftə ağır oral mukozitə bağlı simptomlar (şikayətlər) var idi və bu xəstələrin çoxuna qidalanmaq üçün qastrostomiya borusu yerləşdirildi (qarın dərisindən birbaşa mədəyə qidalanma üçün cərrahi yerləşdirilən boru).
- Ağır oral mukozitin orta gün sayı plasebo alan xəstələrdə 19; GC4419-u 30 mg alanlarda 8 gün və 90 mg alanlarda 1.5 gün idi.
Xüsusilə 90 mg doza ilə ağız yaraları tezliyinin çox aydın azalması olduqca diqqətçəkən idi.
GC4419 bu il 3-cü mərhələ klinik tədqiqatlarına daxil olmağa hazırlaşır. Daha çox klinik sınağın uğurlu olması və GC4419-un FDA təsdiqi alması halında digər xərçənglərin şüa müalicəsi zamanı əlavə təsirlərin qarşısını almaq üçün istifadə edilə bilər (məsələn, ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi və limfoma).
Bu tədqiqat «oksigen radikallarının hüceyrə prosesləri ilə zərərsizləşdirilməsi» kimi əsas tibbi bilginin elmi araşdırmalarla xəstələrin faydası üçün klinikada istifadə olunacaq dərmana necə çevrildiyini göstərmək baxımından da çox gözəl nümunədir.
Əlaqəli mövzu:
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.