Xərçəngdə immunoterapiya müalicəsi və Coley toksinləri

"İmmun sisteminin nəzarət nöqtəsi inhibitorları" adlanan yeni nəsil immunoterapiya dərmanları dəri xərçəngi bədxassəli melanoma başda olmaqla bir çox xərçəng növündə təsir göstərir. Bu dərmanlar xərçəng hüceyrələrini öldürmək əvəzinə xəstənin immun sistemini dəstəkləyib vəzifəsini yerinə yetirməsini təmin edir.
Bu immunoterapiya dərmanları çox yeni olsa da, immun sistemini aktivləşdirərək xərçəngi müalicə etmək fikri çox qədimə gedir. Belə ki, bu fikir 100 il əvvəl fərqli baxışlardan düşünməyə həvəsli gənc cərraha aid idi.
Əlaqəli mövzu:
Bu gənc cərrahın adı William Coleyidi. 1890-cı ilin yayının sonlarına doğru New York-da yeni xəstəni müayinə etməyə hazırlaşırdı. Bilmədiyi isə bu gənc qadının onun həyatını və xərçəng araşdırmalarının gələcəyini dəyişdirəcəyi idi.
Bessie kimi də tanınan gənc qadının adı Elizabeth Dashiell idi. Bessie 17 yaşındaydı və əlində yara şikayəti ilə gəlmişdi. Kiçik zədə kimi görünürdü. Zədələnən yerdə kiçik şişkinlik vardı, lakin heç sağalmırdı və çox ağrıyırdı. Başqa həkimlərə görünmüş, amma heç biri düzgün diaqnoz qoymamışdı.
Coley əvvəl Bessie-nin infeksiyaya yoluxduğunu düşündü. Lakin biopsiyada bunun sarkoma adlanan irəliləmiş bədxassəli (maliqn) xərçəng olduğu üzə çıxdı.
O günlərdə Bessie üçün ediləcək çox şey yox idi. Bu hadisə radioterapiya və kimyaterapiya müalicələrindən əvvəl idi. Buna görə Coley edə biləcəyi yeganə işi etdi və yayılmanı dayandırmaq üçün Bessie-nin sağ qolunun dirsəkdən aşağısını amputasiya etdi (kəsdi). Lakin müdaxilə işə yaramadı və 1 ayda xərçəng xəstənin ağciyərlərinə, qaraciyərinə və bütün bədəninə metastaz verdi.
Bessie-nin son günləri ağrı içində keçdi və vəziyyəti ürəkparçalayan idi. 23 yanvar 1891-ci ildə xəstəsi ölərkən Coley yanında idi. Bessie-nin ölümü gənc cərrahlar arasında böyük təsir yaratdı.
Bessie-nin ölümü Coley-i hərəkətə gətirdi. O dövrdə xərçəng haqqında çox şey bilinmirdi. Buna görə Coley New York Xəstəxanasında onlarla köhnə xəstə dosyesini araşdırmağa başladı. Bu amansız və aqressiv xəstəliyi anlamağa kömək edəcək nəsə axtarırdı.
Coley bioloji baxımdan müstəsna hal olduqda özündən “Bu niyə oldu?” soruşmaq üçün diqqətli olmalı olduğunu düşünürdü.
Coley belə bioloji müstəsna hallardan birini kəşf etdi. Bu, Fred Stein adlı alman mühacirin halı idi. Stein 8 il əvvəl New York Xəstəxanasında xəstə olmuşdu. Boynunda həkimlərin dəfələrlə çıxarmağa çalışdığı şiş vardı. Təəssüf ki, şiş hər əməliyyatdan sonra qayıtmışdı və həkimlər onun bu xəstəlikdən ölməsini gözləyirdilər.
O vaxt Stein streptokok adlı bakteriyanın dəridə yaratdığı qızdırmalı infeksiyaya yoluxdu. Stein-in günləri sayılı görünürdü, lakin ölmədi. Hətta şişi yox oldu və xəstəxanadan çıxdı. Coley bu qədər ildən sonra Stein-in hələ yaşayıb-yaşamadığını maraq edirdi.
Beləcə 1891-ci ilin qışında cərrah William Coley detektiv William Coley oldu. Alman mühacirlərin yaşadığı Manhattan-ın aşağı şərq hissəsində sakinləri araşdırmağa başladı. Boynunda nəzərəçarpan çapığı olan Fred Stein-i qapı-qapı axtardı. Bir neçə həftədən sonra onu tapdı, ölmədiyini və yenidən xərçəngə tutulmadığını gördü.
Sonra Coley bakterial infeksiyadan sonra Stein-də xərçəngin niyə yox olduğunu və təkrarlanmadığını sorğuladı, streptokok infeksiyasının xərçəngi geri çevirdiyini düşündü. Ardınca xərçəng xəstələrinə bakteriya yeridərək bu təsiri təkrarlamağa çalışsa nə olacağını düşündü.
Vəziyyəti ağır xəstələrdə fikri sınamağa qərar verdi. İlk sınağını Bessie Dashiell kimi sarkoması olan Zola adlı italyan mühacirdə etdi. Zola-nın boğazına təsir edən şişləri vardı. Çox xəstə idi, çətin yeyir, danışır, hətta çətin nəfəs alırdı. Coley aylarla Zola-nın streptokok infeksiyasına yoluxmasına çalışdı. Lakin yetərli cavab ala bilmədi.
Sonra Coley daha güclü bakteriya istifadə etdi. Bu dəfə Zola çox ağır və qızdırmalı xəstəliyə tutularaq onu asan öldürə biləcək infeksiya ilə mübarizə aparmağa başladı. 24 saatda Zola-nın portağal böyüklüyündə şişi kiçilməyə başlamışdı.
Zola tam sağaldı. Coley nəsə tapdığını bilirdi. Araşdırmağa və bakteriyanın istifadəsi üzərində işləməyə davam etdi. Zamanla qızdırmalı infeksiya yaradaraq xərçəngi müalicə edən bu üsula Coley toksinləri adını verdi.
Bu, həyəcanlı dövr idi. Coley görünməmiş uğurlar qazanır, səyləri Amerikada və xaricdə alqışlanırdı. Qızdırmalı infeksiyaların bəzi xərçənglərdə işlədiyini kəşf edən tək Coley deyildi (Busch 1866, Fehleisen 1883, Eschweller 1898, Schmidt 1910, Wolffheim 1921, Braunstein 1929, Engel 1934, Sinek 1936, Schulz 1969). Lakin heç kim Coley toksinlərinin, yəni qızdırmalı infeksiyaların necə və niyə bəzən işlədiyini, bəzən işləmədiyini bilmirdi. Coley də izah edə bilmirdi. Sonra daha yaxşı anlaşılacaqdı ki, Coley toksinləri bədəndə qızdırmalı infeksiya yaradaraq immun sistemini aktivləşdirən və tənzimləyən müxtəlif mexanizmləri tətikləyirdi. Eynilə indiki immunoterapiyalarabənzər şəkildə, lakin fərqli mexanizmlərlə.
İmmun sistemi ilə xərçəngin əlaqəsi 1990-cı illərədək sirr qalacaqdı. Xərçəng hüceyrəsini birbaşa öldürən kimyaterapiyaların kölgəsində qalan immun sisteminin əhəmiyyəti Prof. Dr. James Allison-un işləri ilə 90-cı illərdən sonra üzə çıxmağa başlamışdır.
1900-cü illərin əvvəlində radioterapiya hazırlananda Coley toksinlərinə maraq bu yeni müalicənin kölgəsində qaldı. 1936-cı ildə Coley öləndən sonra qızı Helen Coley Nauts atasının bioqrafiyasını araşdırarkən bütün qeydlərini nəzərdən keçirdi və onun Coley toksinləri ilə çoxlu xəstəni müalicə etdiyi nəticəsinə gəldi. Lakin uğurlu sayıla biləcək bu nəticələr sonrakı tədqiqatlarda aydın şəkildə təkrarlana bilmədi.
O vaxtdan araşdırmaçılar immun sistemi barədə daha çox öyrəndilər və müasir immunoterapiyalar hazırlandı. Bu gün həmin inkişaf sayəsində xərçəng müalicəsində uğurlu nəticələr alınır. İmmun sisteminin gücündən istifadə edən müalicələr melanomadan başqa böyrək, ağciyər, baş-boyun, mədə, leykemiya və sidik kisəsi xərçəngi kimi növlərdə tətbiq edilə bilir.
Xərçənglə mübarizə üçün immun sisteminin gücündən faydalanan hər müalicədə 100 il əvvəl Willim Coley-in başlatdığı işlərə hörmət edilməlidir.
- Əməliyyatda istifadə edilən İMMUNOTERAPİYA GELİ ilə xərçəngin təkrarlanmasının qarşısını alma
- Xərçəngdə immunoterapiyanın təsirli olub-olmayacağını proqnozlaşdıran biomarker kəşf edildi
- İmmunoterapiya dərmanlarının yan təsirləri nələrdir, necə müalicə edilir?
- Bağırsaq florasının müxtəlifliyi immunoterapiyaların effektivliyini artıra bilər
Mənbələr
Training The Immune System To Fight Cancer Has 19th-Century Roots.
https://www.npr.org/
2. Edward F McCarthy, MD.
The Toxins of William B. Coley and the Treatment of Bone and Soft-Tissue Sarcomas.
Iowa Orthop J. 2006; 26: 154–158.
3. Rihova B, Stastny M.
History of Immuno-therapy - from Coley Toxins to Check-points of the Immune Reaction.
Klin Onkol. 2015;28 Suppl 4:4S8-14.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.