Bədxassəli melanomada adyuvant kombinə immunoterapiya tədqiqatı (IMMUNED) əməliyyat edilmiş, qalıq xəstəliyi olmayan mərhələ-4 xəstəlikdə fərq yaratdı

ESMO 2019da ilkin nəticələri təqdim edilərkən diqqət çəkən IMMUNED tədqiqatı may 2020-ci ildə Lancetdə geniş təhlilləri ilə dərc edildi və gündəlik praktikanı dəyişdirəcək nəticələr ortaya qoydu.
Tədqiqata 2015-2018-ci illər arasında 4. mərhələdə olmaqla yanaşı oliqometastatik (az sayda metastaz vermiş) və əməliyyat edilmiş, əməliyyatdan sonra qalıq xərçəngi olmayan cəmi 167 xəstə daxil edildi. Tədqiqata selikli qişa və uveal (göz) melanoması olan xəstələr daxil edilmədi.
Tədqiqatın başlandığı 2015-ci ildə oliqometastatik, əməliyyat edilmiş 4. mərhələli melanomada FDA təsdiqli dərman seçimi yox idi.
Faza-II randomizə edilmiş üçqollu, ikiqat kor tədqiqatda:
- Qol: ikili plasebo alan xəstə qrupu (müalicəsiz izləmə qrupu),
- Qol: Nivolumab 3 mg/kg, 14 gündən bir və 3. qol ilə oxşar saxlayıcı müalicə,
- Qol: Nivolumab 1 mg/kg, eyni vaxtda ipilimumab 3 mg/kg 21 gündən bir 4 kursdan sonra saxlayıcı nivolumab 3 mg/kg xəstəlik təkrarlanana qədər və ya yan təsirə görə dayandırma səbəbi olmayan xəstələrdə 1 il müddətinə tətbiq edildi.
IMMUNED tədqiqatının nəticəsində:
- Median (ortanca) 28.4 aylıq izləmə müddətində nivolumab-ipilimumab kombinasiyasında xəstələrin yarısından çoxunda xərçəng təkrarlanmadığı üçün median residivsiz (təkrarsız) sağqalım müddətinə hələ çatılmadığı halda, yalnız nivolumab qolunda bu müddət 12,4 ay, plasebo qolunda isə 6,4 ay idi.
- Kombinasiya qolu plasebo ilə müqayisə ediləndə residivsiz sağqalımda % 77 artım əldə edildi (HR: 0∙23 (97∙5% CI 0∙12–0∙45; p<0∙0001). Yalnız nivolumabda bu nisbət % 46 səviyyəsində qaldı (HR:0∙56 (0∙33–0∙94; p=0∙011).
- Kombinasiya qolunda 2 illik residivsiz sağqalım % 70 (55∙1–81∙0), yalnız nivolumab qolunda % 42 (28∙6–54∙5); plasebo qolunda % 14 (5∙9–25∙7) olaraq müəyyən edildi.
Müalicə ilə əlaqəli 3. və 4. dərəcəli (ciddi) yan təsir kombinasiya qolunda % 71, yalnız nivolumab qolunda isə % 27 idi. Yan təsirə görə müalicənin dayandırılması kombinasiya qolunda % 62, yalnız nivolumab qolunda % 13 olaraq müəyyən edildi.
Tədqiqatda kombinasiya qolunda görülən yan təsir nisbətlərinin və yan təsirə bağlı müalicə dayandırılmasının əvvəlki tədqiqatlarda bildirilən immunoterapiya yan təsiri nisbətlərindən daha yüksək olduğu müşahidə edildi.
Melanomanın adyuvant müalicəsinin tarixi və gəlinən nöqtə


3. mərhələli yüksək riskli bədxassəli melanoma xəstələrində əməliyyatdan sonra adyuvant yüksək dozalı interferonun (INF) effektivliyi 1996-cı ildə Journal of Clinical Oncologydə dərc edilmiş ECOG 1684 tədqiqatında müalicə qolunda plasebo qoluna nisbətən median 1 illik sağqalım üstünlüyü göstərdi. Bu nəticələr yüksək dozalı interferon alfa 2B-yə bədxassəli melanomanın adyuvant müalicəsində FDA təsdiqi gətirdi. Lakin yüksək dozalı IFN tətbiqi çoxsaylı yan təsir və dözümlülük çətinliyi də yaratdı.
Lancet 2015-də dərc edilmiş EORTC 18071də yüksək riskli 3. mərhələli, əməliyyat olunmuş bədxassəli melanomalı xəstələr faza-III randomizə tədqiqata daxil edildi. Xəstələrə adyuvant ipilimumab induksiya müalicəsində 10 mg/kg 3 həftədən bir 4 doza, saxlayıcı müalicədə isə eyni dozada hər 3 aydan bir 3 ilə qədər tətbiq edildi.
Residivsiz sağqalım plasebo qolunda 17.1 ay olduğu halda, ipilimumab qolunda 26.1 ay ilə statistik baxımdan olduqca əhəmiyyətli üstünlük əldə edildi. Bu tədqiqat ipilimumaba 3. mərhələli yüksək riskli əməliyyat edilmiş xəstələrdə adyuvant müalicə üçün FDA təsdiqi gətirdi.
Müalicənin yan təsirlərinə görə dərmanı davam etdirə bilməmə nisbətləri induksiya zamanı % 29, bütün müalicə müddətində isə % 52 oldu. Tədqiqatın uzunmüddətli nəticələri 2019-cu ildə Eur J Cancerdə dərc edildi və ümumi sağqalımda % 27 üstünlük əldə edildi. Tədqiqatdakı yan təsir profili və müalicəni davam etdirə bilməyən xəstələrin yüksək nisbəti suallar doğurdu. Şimali Amerika Qruplararası Tədqiqatında (E1609) mərhələ 3-4 (3B-C və M1A-B) əməliyyat edilmiş xəstələrdə adyuvant ipilimumab 10 mg/kg, 3 mg/kg dozalarda 4 kurs verildi və saxlayıcı müalicədə eyni dozalarda 12 həftədən bir 4 saxlayıcı doza tətbiq edildi. Tədqiqatda bu iki qol yüksək dozalı interferon alfa müalicəsi ilə müqayisə edildi. İlk dəfə bu tədqiqatda standart müalicə olan yüksək dozalı interferon alfaya qarşı adyuvant 3 mg/kg ipilimumab sınandı və % 22 sağqalım üstünlüyü göstərildi. İpilimumabın 10 mg/kg dozası ilə yüksək dozalı interferon arasında sağqalım fərqi müəyyən edilmədi və bu mənfi nəticəyə mümkün səbəb kimi 10 mg/kg dozada % 50 nisbətində 3. və 4. dərəcəli (ciddi) yan təsirə görə müalicənin davam etdirilə bilməməsi göstərildi. İpilimumab 10 mg/kg dozada 3. və 4. dərəcəli yan təsir % 58, 3 mg/kg dozada isə % 37 tapıldı.
NEJMdə 2017-ci ildə dərc edilmiş, 906 mərhələ 3 və 4 bədxassəli melanomalı xəstənin iştirak etdiyi CheckMate 238 tədqiqatında əməliyyatdan sonrakı adyuvant müalicədə nivolumab ilə ipilimumab müqayisə edildi; 1 illik residivsiz sağqalım nivolumabda % 70.5 olduğu halda, ipilimumab % 60.8-də qalmışdı. Gözlənildiyi kimi nivolumab ilə 3. və 4. dərəcəli yan təsir % 14,4, ipilimumab ilə isə % 45,9 tapıldı. Bundan sonra 2017-ci ildə nivolumab əməliyyat edilmiş mərhələ 3-4 bədxassəli melanomada FDA təsdiqi aldı.
KEYNOTE-054 tədqiqatında əməliyyat edilmiş mərhələ 3 xəstələrdə plasebo qoluna qarşı pembrolizumab 200 mg 21 gündən bir 18 doza tətbiq edildi və 18 ayda residivsiz sağqalım % 71,4-ə qarşı % 53,2 oldu. 3. və 4. dərəcəli yan təsir nivolumab tədqiqatındakı səviyyəyə oxşar olaraq % 14,7 bildirildi. Bu tədqiqat da pembrolizumaba mərhələ 3 əməliyyat edilmiş melanomanın adyuvant müalicəsində FDA təsdiqi gətirdi.
Adyuvant hədəfə yönəlmiş müalicələrdən dabrafenib-trametinib kombinasiyası BRAF V600E və V600K mutant 870 xəstənin iştirak etdiyi faza-III tədqiqatda plaseboya qarşı sınandı və plaseboya nisbətən % 43 sağqalım üstünlüyü müəyyən edildi. Median 3,5 illik izləmədə gözlənilən sağalma nisbəti % 54, plaseboda isə % 37 tapıldı. Bu tədqiqat adyuvant kombinə müalicədə dabrefenib-trametinib kombinasiyasına aprel 2018-ci ildə FDA təsdiqi gətirdi.
Nəticə
Adyuvant immunoterapiya tədqiqatlarında BRAF mutasiyasının istisna meyarı olmadığını və tədqiqatlarda mərhələ 4 xəstələrin də daxil olduğu qrupların alt qrup təhlillərində BRAF mutasiyasının mövcudluğunun müalicə uğursuzluğunda həlledici olmadığını görürük.
IMMUNED tədqiqatının oliqometastatik xəstələri hədəfləməklə yuxarıdakı adyuvant tədqiqatlardan müəyyən qədər fərqləndiyini görürük. Bununla belə, BRAF mutant xəstələr IMMUNED tədqiqatında da istisna meyarı olmadı.
İmmunoterapiya kombinasiyası ilə əldə edilən uğurla yanaşı 3. və 4. dərəcəli yan təsir profilindəki nəzərəçarpacaq artım gündəlik praktikada narahatlıq doğursa da, OpaCIN-neo tədqiqatında nivolumab 3 mg/kg və ipilimumab 1 mg/kg dozada effektiv görünür və mühüm yan təsir nisbətinin % 40-dan % 20 səviyyəsinə endiyini görürük.
Davam edən CheckMate 915 faza-III randomizə tədqiqatında sabit dozalı nivolumab 240 mg 14 gündən bir və ipilimumab 1 mg/kg 6 həftədən bir dozanın kombinasiyasının effektivlik və yan təsir profilinin gələcəkdə əməliyyat edilmiş mərhələ 4 bədxassəli melanomalı xəstələrimizdə müalicə strategiyamızı müəyyən edəcəyini düşünürük.
Nəticə olaraq artan yan təsir profilinə baxmayaraq ipilimumab-nivolumab kombinasiyası xərçəngin təkrarlanma riski olduqca yüksək olan, əməliyyat edilmiş mərhələ 4 bədxassəli melanomanın adyuvant müalicəsində PD-L1 səviyyəsindən və BRAF V600 mutasiyasından asılı olmayaraq ümumi qrupda residiv riskinin % 80-ə yaxın azalması ilə gözardı edilə bilməyəcək nəticə göstərdi.
İndiyədək immunoterapiya ilə aparılmış adyuvant randomizə tədqiqatlara daxil edilən xəstələrin az hissəsini mərhələ 4 xəstələr təşkil edir. IMMUNED tədqiqatında əməliyyat edilmiş və qalıq xəstəliyi qalmamış oliqometastatik xəstə qrupunda əldə edilən uğurlu nəticələr praktikanı dəyişdirəcək xarakterdədir.
Mənbələr
Adjuvant nivolumab plus ipilimumab or nivolumab monotherapy versus placebo in patients with resected stage IV melanoma with no evidence of disease (IMMUNED): a randomised, double-blind, placebo-controlled, phase 2 trial.
Lancet, May 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.