Mədəaltı vəzi xərçənginin müalicəsində indiyədək alınmış ən yaxşı nəticələr

Bu məqalədə
İrəli mərhələli mədəaltı vəzi xərçəngi olan xəstələrdə aparılmış kiçik bir klinik tədqiqat, hazırda standart müalicə olan ikili kimyaterapiyaya üçüncü kimyaterapiyanın əlavə edilməsinin şişin kiçilməsini və ümumi sağqalımı əhəmiyyətli dərəcədə dəstəklədiyini müəyyən etdi.
Tədqiqatda irəli mərhələli mədəaltı vəzi xərçənginin standart müalicəsi olan nab-paklitaksel üstəgəl gemsitabinə, sisplatin əlavə edilmişdir.
Klinik tədqiqatın aparıcı müəlliflərindən Gayle Jameson, "Həm median proqressiyasız (irəliləməsiz) sağqalım, həm də ümumi sağqalım ikili standart kimyaterapiya ilə əldə edə biləcəyimizin demək olar iki qatı idi, buna görə bu xəstəlikdə həqiqi irəliləyişə nail olduğumuza inanırıq" dedi.
Mədəaltı vəzi xərçəngi hüceyrələrində DNT təmiri problemi olduğunu bilirik və mövcud standart müalicə bu zəifliyi hədəfləmirdi. Sisplatin DNT təmiri problemi olan hüceyrələri hədəfləyə bilir və buna görə işə yaramış ola bilər.
Tədqiqat 3 Oktyabr 2019-cu ildə Journal of the American Medical Association (JAMA) Oncology'jurnalında dərc edildi.
Tədqiqatçılar bu üçlü rejimə, triple-drug regimen ('TGen Triple') adını vermişlər.
Nəticələrin təfərrüatları
Tədqiqata median yaşı 65 olan və əvvəllər müalicə almamış 25 irəli mərhələli mədəaltı vəzi xərçəngi xəstəsi daxil edildi.
Bu xəstələrin çoxunda (% 76) başlanğıcda CA19-9 səviyyələri yüksək idi və daha sonra bu şiş markerinin ölçüləri ilə 18 xəstə izləndi.
Bütün xəstələr 1.-8. günlərdə və hər 21 gündən bir kimyaterapiyanı bu dozalarda aldı:
- nab-paklitaksel 125 mg/m2
- gemsitabin 1000 mg/m2 və
- sisplatin (bu 3 dozadan biri 25 mg/m2; 37.5 mg/m2 və ya 50 mg/m2)
Sisplatin üçün maksimum dözülən dozanın 25 mg/m2 olduğu ortaya çıxdı.
Xəstələrə həmçinin hər dövrün 2. və 9. günlərində intensiv hidratasiya (maye) verildi və hər dövrün 9. günündə dərialtı pegfilgrastim verildi (leykopeniya və neytropeniyanın qarşısını almaq üçün).
Median müalicə müddəti 8 kurs / dövr idi və qrupun demək olar üçdə biri ən az 6 ay müalicə ala bildi.
- Qiymətləndirilə bilən 24 xəstədə obyektiv cavab göstəricisi % 71 idi
- İki xəstənin (% 8) tam cavab və 15 xəstənin (% 62) qismən cavab aldığı bildirildi.
- Tədqiqatçılar digər dörd xəstədə (% 17) xəstəliyin sabitləşdiyini, lakin üç xəstədə (% 12) proqressiv (irəliləyən) xəstəliyin olduğunu bildirdilər.
- 24 xəstənin 16-sı (% 64) 1 il, 10-u (% 40) 2 il sağ idi.
- 3. ildə dörd xəstənin (% 16) hələ sağ olduğu və bir (% 4) xəstənin 4 ildən çox yaşadığı bildirildi.
Əvvəlki tədqiqatların nəticələri ilə müqayisə
Tarixən irəli mərhələli mədəaltı vəzi xərçəngli xəstələrdə heç bir müalicə alınmadıqda ümumi sağqalım müddəti 3 ilə 6 ay arasında dəyişirdi.
İrəli mərhələli mədəaltı vəzi xərçəngini müalicə etmək üçün təsdiqlənmiş ilk dərman olan gemsitabinlə bu müddət təxminən 7 aya yaxınlaşdı.
Sonra nab-paklitaksel üstəgəl gemsitabin birlikdə ümumi sağqalımı 8.5 aya qədər uzatdı. Daha sonra FOLFIRINOX ilə 11 aya çatdı.
İndi bu tədqiqatda istifadə edilən üçlü dərman rejimi ilə median ümumi sağqalım 16.4 ay müəyyən edildi. Tədqiqatda median proqressiyasız sağqalım 10.1 ay idi və 9 həftəlik izləmədə % 88 xəstəlik nəzarəti göstəricisi əldə edildi.
Yan təsirlər
Müalicə ilə əlaqəli ciddi (3. dərəcə və ya daha yüksək) yan təsirlər əsasən hematoloji (qan mənzərəsi ilə bağlı) idi; xəstələrin % 68-də trombositopeniya, % 32-də anemiya və % 24-də neytropeniya inkişaf etdi.
Ölümcül hadisələr 24 xəstənin üçündə (% 12) baş verdi və bunlardan ikisinin tədqiqatda iştirakla bağlı olduğuna qərar verildi.
Hematoloji yan təsirlər tez-tez görülsə də, mənfi hadisələrin çoxu klinik müdaxilə tələb etmədi və müalicəyə dözümlülük qəbuledilən idi; xəstələrin demək olar üçdə ikisi 3 və ya daha çox dövr üçün tam dozalı müalicəni tamamladı.
Bu tədqiqatda bildirilmiş yüksək obyektiv cavab göstəricisi faza 1b / 2 mədəaltı vəzi xərçəngi klinik tədqiqatlarında müşahidə olunan ən yüksək göstəricilər arasındadır.
Tədqiqatçılar həmçinin başlanğıcda yüksək CA19-9 səviyyələri olan xəstələrin çoxunda CA19-9 səviyyələrinin sürətlə azaldığını və bunun şiş ölçüsünün azalmasını göstərən radioloji nəticələrlə uyğun olduğunu qeyd etdilər.
Bununla belə, bu kiçikmiqyaslı klinik tədqiqatın nəticələrinin daha böyükmiqyaslı faza-3 tədqiqatı ilə təsdiqlənməsinə ehtiyac var. Metastatik mədəaltı vəzi xərçəngi üçün bu üçlü rejimin faza-3 tədqiqatı indi davam edir.
Mənbələr
A Phase 1b/2 Pilot Clinical Trial. JAMA Oncology, 03 October 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.