Nadir ginekoloji xərçənglərin müalicəsində kombinə immunoterapiya yeni müalicə seçimi kimi qarşımızdadır

Bu məqalədə
“İmmun nəzarət nöqtəsi inhibitorları” kimi təsnif olunan yeni nəsil immunoterapiyalardan ipilimumab və nivolumabın yeni kombinasiyası ASCO 2020 Virtual Konqresində təqdim ediləcək tədqiqata görə nadir ginekoloji xərçəngi olan xəstələrin müalicəsində yaxşı nəticələr almaq imkanı verə bilər.
Ginekoloji (qadınlara xas, qadın cinsiyyət yollarının) xərçənglər deyəndə ilk olaraq klassik uşaqlıq, serviks (uşaqlıq boynu) və yumurtalıq xərçəngləri ağla gəlir. Bu tədqiqata isə ginekoloji xərçənglərin aşağıdakı nadir alt növləri daxil edildi:

Nadir rast gəlinən xərçənglər üçün yeni dərmanların hazırlanması təəssüf ki, onkologiyanın yavaş inkişaf edən sahəsidir və nadir xərçənglərin müalicəsində qarşılanmamış böyük tibbi ehtiyac var. Bununla yanaşı, ginekoloji xərçənglərin nadir növləri bu xərçənglərin mühüm hissəsini, təxminən % 55-60-ını təşkil etdiyinə görə bu xəstələr üçün yeni müalicələr tapmalıyıq.
İmmunoterapiyalar – xüsusilə immun nəzarət nöqtəsi inhibitorları – immun sistemini xərçəngə qarşı aktivləşdirərək şişləri aradan qaldırmaq və ya nəzarətə almaq üçün yeni xərçəng müalicəsi seçimi olub. Məsələn, CTLA-4 inhibitoru ipilimumab ilə kombinə edilən PD-1 blokatoru nivolumab irəliləmiş mərhələ melanomu, böyrək və ya ağciyər xərçəngi olan xəstələrdə təsirlidir. Bununla belə, indiyədək az sayda tədqiqat nadir ginekoloji xərçənglərdə bu kombinasiyanın dəyərini araşdırıb.
Nadir ginekoloji xərçənglərdə kombinə immunoterapiyanı qiymətləndirən faza-II tədqiqat
Nadir ginekoloji şişi olan 41 xəstə bu faza II klinik tədqiqatına daxil edildi və ilk 4 doza üçün hər 3 həftədə 3 mg/kg nivolumab və 1 mg/kg ipilimumab verildi, sonra proqressiyaya (xəstəliyin irəliləməsinə) qədər hər 2 həftədə bir 3 mg/kg nivolumab ilə davam edildi. Tədqiqatın ölçmək istədiyi əsas sonlanım nöqtəsi klinik fayda nisbəti (tam cavab üstəgəl qismən cavab üstəgəl stabil xəstəlik) idi; ikincili sonlanım nöqtələrinə effektivliyin müəyyən proqnostik biomarkerlərlə (məsələn, PD-L1, şiş mutasiya yükü) əlaqəli olub-olmaması daxil idi.
Tədqiqatın nəticələri
- 41 xəstədən 39-u əvvəllər ən az bir xətt başqa müalicə almışdı.
- 11 xəstədə (% 27) obyektiv cavab, digər 9 xəstədə stabil xəstəlik görüldü; bu, % 49 klinik fayda nisbəti deməkdir.
- Xəstələrin təxminən üçdə ikisi (% 63) immun sistemi ilə əlaqəli əlavə təsir yaşadı, ancaq əlavə təsir profili bu kombinasiya müalicəsinin tətbiq olunduğu böyrək və kolorektal xərçənglərdəki ilə bənzər idi.

Bu faza-II tədqiqatın məlumatları daha irəli və xəstələrin təsadüfi seçildiyi faza-III klinik tədqiqatla təsdiqlənsə, tapıntılar onkoloqlara nadir ginekoloji şişləri olan xəstələr, xüsusilə gənc qadınlar üçün müalicə seçimində nəzərə alınacaq yeni vasitə təqdim edəcək.
Klein və həmkarları sonra bu qrupdakı tapıntıları təsdiqləmək üçün yalnız ginekoloji mənşəli deyil, bir çox nadir xərçəng növü olan daha geniş xəstə nümunəsində randomizə edilmiş tədqiqat aparmağı planlaşdırdıqlarını bildirdilər.
Mənbələr
Combination immunotherapy with ipilimumab and nivolumab in patients with rare gynaecological malignancies.
ASCO 2020. Abstract 6091
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.