Kimyaterapiya zamanı antioksidant, omeqa-3 və bəzi digər əlavələrin zərərləri göstərildi

Bu məqalədə
Döş xərçəngi üçün kimyaterapiya alarkən əlavələr qəbul etmək o qədər də yaxşı fikir olmaya bilər. Journal of Clinical Oncology adlı aparıcı elmi xərçəng jurnalında 19 dekabr 2019-cu ildə dərc edilmiş, mindən çox xəstəni əhatə edən tədqiqat antioksidant, dəmir, B12 vitamini və/və ya omeqa-3 yağ turşusu əlavələri qəbul edənlərdə nəticələrin qəbul etməyənlərdən daha pis olduğunu müəyyən edib.
A, C və E vitaminləri daxil olmaqla hər hansı antioksidant, həmçinin karotinoidlər və koenzim Q10istifadə etdiyini bildirən xəstələr əlavələri həm kimyaterapiya zamanı, həm də əvvəl istifadə etdikdə xərçəng residivi (təkrarı) yaşamaq ehtimalları % 41 daha çoxolub.
B12 vitamini, dəmir və omeqa-3 yağ turşusu əlavəsi alan xəstələr döş xərçənginin təkrarlanması və ölüm baxımından əhəmiyyətli dərəcədə daha yüksək risk daşıyıb.
Lakin multivitamin istifadəsi nəticələrə heç bir istiqamətdə təsir etməyib.
Kimyaterapiyadan əvvəl və müalicə zamanı hər hansı antioksidant istifadə edənlərdə döş xərçənginin təkrarlanma və ölüm riskinin artdığı müəyyən edilib. B12 vitamini, dəmir və omeqa-3 yağ turşusu istifadəsi də daha pis nəticələrlə əlaqələndirilib.
Son iyirmi ildə kiçik, amma böyüyən məlumat toplusu antioksidant əlavələrinin xərçəng xəstələri üçün zərərli ola biləcəyini düşündürür; baxın: bu mövzudakı əvvəlki tədqiqatlar). Mexanizmlər aydın olmasa da bəzi ilkin araşdırmalar antioksidantların ən azı bədxassəli melanoma və ağciyər xərçəngində metastazı təşviq edə biləcəyini düşündürür.
Yüksək təkrarlanma və ölüm göstəriciləri
Bu tədqiqat döş xərçəngi xəstələrinə doksorubisin, siklofosfamid, paklitaksel tərkibli müxtəlif müalicə rejimləri verilməsi üçün SWOG (S0221) tərəfindən aparılan faza 3 sınağı olan Qidalanma, Məşq, Həyat Tərzi və Xərçəng Proqnozu (DELCaP) tədqiqatının məlumatlarından istifadə edib. İştirakçılar iki ayrı vaxtda, təsadüfi təyinat zamanı və müalicə bitəndə əlavə istifadəsi haqqında sorğulanıb.
Cəmi 1134 xəstə hər iki sorğunu doldurub. Qrupda 251 təkrarlanma və 181 ölüm olub. Xəstəliyi təkrarlayan və ya ölənlərin daha yaşlı, postmenopauzal, yəni menopauzadan sonrakı dövrdə və daha yüksək bədən kütlə indeksinə (BKİ) malik olma ehtimalı çox olub. Həmçinin bəzi proqnoz, yəni xəstəliyin gedişi amillərinin onlar üçün mənfi olduğunu bildiriblər: dörd və daha çox müsbət limfa düyünü, estrogen və progesteron reseptorlarının mənfiliyi, insan epidermal böyümə faktoru reseptoru 2 mənfiliyi.
Müəlliflər əvvəlki ədəbiyyat məlumatları ilə müqayisədə bu işdə əlavə istifadəsinin az olduğunu və müalicə zamanı azalma meyli göstərdiyini qeyd edir. Xəstələrin yalnız % 17.5-i müalicə zamanı hər hansı antioksidant – A, C, E vitaminləri, karotinoidlər və ya koenzim Q10 – istifadə edib, % 44-ü multivitamin aldığını bildirib.
Ümumilikdə həm müalicədən əvvəl, həm də müalicə zamanı antioksidant istifadə edənlər daha yüksək xərçəng təkrarı və ölüm riski daşıyıb. Yalnız müalicədən əvvəl və ya yalnız kimyaterapiya zamanı antioksidant istifadə edənlərdə əlaqə müşahidə edilməyib.
Hər hansı vaxt antioksidantsız əlavə multivitamin və D vitamini istifadə edənlərdə əlaqə müşahidə olunmayıb. B12 əlavəsinin müalicədən əvvəl və müalicə zamanı istifadəsi daha pis xəstəliksiz sağqalma ilə əlaqəli olub. Dəmir əlavəsinin müalicə zamanı, həmçinin kimyaterapiyadan əvvəl və müalicə zamanı qəbulu daha çox təkrarlanma və ölümlə əlaqəli olub. Həm müalicədən əvvəl, həm də müalicə zamanı omeqa-3 yağ turşusu qəbulu daha pis xəstəliksiz sağqalma ilə əlaqəli olub, lakin ümumi sağqalma ilə əlaqə göstərməyib.
Müəlliflər bir çox müşahidə tədqiqatında olduğu kimi seçim, xatırlama və qarışdırıcı amillərlə bağlı qərəzlərin yanıltma potensialı olduğunu bildirir. Bəzi tədqiqatçılar xərçəng xəstələrinin % 60-dan çoxunun adjuvant (qoruyucu) müalicə zamanı antioksidant əlavəsi aldığını bildirsə də, bu tədqiqatda belə olmayıb. Antioksidant və digər əlavə alanların azlığı statistik gücü azaldıb.
Tədqiqat Döş Xərçəngi Araşdırma Fondu və Roswell Park Kompleks Xərçəng Mərkəzinin qrantları ilə dəstəklənib. DELCaP sınağı qismən Milli Xərçəng İnstitutu (NCI), Xərçəngin Profilaktikası Bölməsi, SWOG NCI İcma Onkologiyası Araşdırma Proqramı, Milli Klinik Tədqiqatlar Şəbəkəsi və Amgen tərəfindən dəstəklənib.
Hər hansı xərçəng diaqnozu qoyulmuş insanlar vitamin və ya başqa əlavəyə ehtiyacları olub-olmadığını həkimləri ilə müzakirə etməlidirlər. Antioksidantlar daxil vitamin və mineralları qidadan almağa çalışmaq ən doğru yoldur. Sağlam və balanslı qidalanma ilə hətta kimyaterapiya alarkən də bədəninizə lazım olan bütün qida maddələrini ala bilərsiniz.
Mənbələr
Dietary Supplement Use During Chemotherapy and Survival Outcomes of Patients With Breast Cancer Enrolled in a Cooperative Group Clinical Trial (SWOG S0221).
JCO, 19 December 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.