Mammoqrafiyaya neçə yaşda başlamaq, nə sıxlıqla aparmaq lazımdır?

Xərçənglə mübarizədə ən mühüm strategiya xərçəngin erkən aşkarlanmasıdır. Süd vəzi xərçəngi, erkən mərhələdə aşkarlananda uğurla müalicə edilə bilən xəstəlikdir. Xüsusilə süd vəzi xərçəngində tövsiyə edilən skrininqlərin müntəzəm aparılması demək olar ki, hər 8 qadından birində rast gəlinən bu xərçəng növü üçün çox vacibdir. Buna baxmayaraq müntəzəm skrininq istəməyən, hətta onun zərərli olduğunu düşünən qadınların sayı da az deyil.
2015-ci ildə JAMAda dərc edilmiş, 2000 ilə 2014-cü illər arasında Amerikada aparılmış 3 böyük randomizə tədqiqatın meta-analizində süd vəzi xərçənginin erkən diaqnostikası üçün qadınlara tövsiyə edilən skrininqlərin fayda və zərərləri müzakirə edilmişdir. 40 yaşı tamam olmuş bütün müxtəlif yaş qruplarında və 13 il mammoqrafiya ilə izlənmiş qadınlarda süd vəzi xərçəngindən ölüm riskinin təxminən %20 azaldığı aşkarlanmışdır.
- Meta-analiz nədir? Meta-analiz müəyyən mövzuda aparılmış bir-birindən müstəqil çoxsaylı tədqiqatın nəticələrini birləşdirən və əldə edilən tapıntıların statistik təhlilini aparan genişmiqyaslı araşdırmadır. Meta-analiz nəticələri elmi baxımdan ən güclü dəlillərdir.-
Mart 2018-ci ildə oxşar şəkildə süd vəzi xərçəngi skrininqinə dair yeni meta-analiz nəticələri paylaşıldı. 2006-2011-ci illər arasında Hollandiyada 50 ilə 70 yaş arasında süd vəzi xərçəngi diaqnozu almış 72.612 qadına aid məlumatlar araşdırıldı və xüsusilə mammoqrafiya ilə müntəzəm skrininqdən keçdikdə bu qadınlarda süd vəzi xərçəngindən ölüm riskinin %20 azaldığı göstərildi.
Yenə həmin tədqiqatda, süd vəzi xərçəngi skrininq proqramında müntəzəm iştirak etməməyi seçən qadınlarda isə süd vəzi xərçənginin irəliləmiş mərhələdə aşkarlanma göstəricisinin 3 dəfə yüksək olduğu göstərildi.
“Lakin burada mammoqrafiyanın süd vəzi xərçəngindən qoruyan vasitə kimi qəbul edilməsi düzgün deyil. Mammoqrafiya ilə süd vəzi xərçənginin əlamətləri yaranmazdan illər əvvəl xərçəngə səbəb ola biləcək süd vəzi dəyişiklikləri aşkarlana bilər. Mammoqrafiya süd vəzi xərçəngini irəliləmiş mərhələdə deyil, müalicənin ən uğurlu olduğu erkən mərhələdə tapmağa və beləliklə ölüm riskini azaltmağa kömək edən qiymətli görüntüləmə üsuludur.”
Lakin mammoqrafiya da skrininq testi kimi bəzi risklər daşıyır. Ən çox müzakirə edilən problemi əslində zərərsiz olduğu ortaya çıxan şübhəli hal tapıldıqda tibbdə “həddindən artıq diaqnostika” adlandırılan lazımsız biopsiyaya səbəb ola bilməsidir. Bu vəziyyətin xüsusilə 40-45 yaş arasındakı qadınlarda daha çox olduğu müşahidə edilmişdir. 45 yaşdan sonrakı qadınlarda isə bu ehtimal azalır, üsul daha etibarlı hesab olunur. Buna görə mammoqrafiyaya başlama yaşı 40 olmalıdırmı, yoxsa 45? sualı çox mübahisəli mövzu olmuşdur.
Mammoqrafiya ilə süd vəzi xərçəngi skrininqinin kimlərə, hansı yaşlar arasında və hansı müddətlə aparılması tövsiyə edilir?
Ailəsində süd vəzi xərçəngi olmayan və süd vəzi xərçəngi üçün normal risk daşıyan qadınlar üçün Amerika Xərçəng Cəmiyyətinin (American Cancer Society-ACS) hazırladığı süd vəzi xərçəngi skrininq təlimatı bütün dünyada geniş istifadə edilir.
Buna görə;
- Orta süd vəzi xərçəngi riski olan qadınlar 45 yaşında mammoqrafiyaya başlamalıdır.
- Lakin istəyən qadınlara 40 yaşından etibarən mammoqrafiya ilə skrininq hüququ verilməlidir. Bu məsələdə səhiyyə mütəxəssisləri kömək etməlidir.
- 45 - 55 yaş arasındakı qadınlara ildə bir dəfə mammoqrafiya, bu yaşa qədər müntəzəm skrininqlərdə riski olmayan qadınlara isə həkim tövsiyə etdikdə 2 ildən bir skrininqə keçmək məsləhət görülməlidir.
- 55 yaşdan sonra qadınlara istədikləri halda mammoqrafiya ilə illik skrininq hüququ verilməlidir.
- Sağlam olan və ən azı 10 il yaşayacağı gözlənilən qadınlar mammoqrafiya ilə müntəzəm skrininqə davam etməlidir.
- Səhiyyə müəssisəsində skrininq məqsədilə aparılan həkim müayinəsi və ya öz-özünə aparılması tövsiyə edilən süd vəzi müayinələri artıq tövsiyə edilmir.

American Cancer Society-yə (ACS) görə süd vəzi xərçəngi üçün yüksək riskli olma meyarları hansılardır?
Ailə və şəxsi tibbi keçmişiniz barədə həkiminizlə danışmaq lazımdır. Lakin ümumiyyətlə,
- Ailəsində (ana, bacı və ya qız kimi birinci dərəcəli qohumunda) süd vəzi xərçəngi olan qadınlar,
- Məlum irsi gen mutasiyası (BRCA1 və ya BRCA2) olan qadınlar,
- 10 ilə 30 yaş arasında olarkən döş qəfəsi nahiyəsinə şüa müalicəsi aparılmış qadınlar və
- Özündə süd vəzi xərçəngi keçmişi olan qadınlar ikincili süd vəzi xərçənginin inkişafı üçün yüksək riskli hesab edilir. Bu qrupdan kənardakılar isə normal/orta riskli qəbul edilir.
-Əlaqəli mövzu: İrsi süd vəzi xərçəngi olan insanlar necə izlənməli və müalicə edilməlidir?
Süd vəzi xərçəngi üçün yüksək riskli hesab edilən insanlarda skrininqə başlama yaşı, tezliyi və üsulu necə olmalıdır?
Yüksək riskli şəxslərdə mammoqrafiyanın əvəzinə deyil, ona əlavə olaraq süd vəzi MRT-si (maqnit rezonans) aparılması tövsiyə edilir. Lakin MRT-nin müntəzəm illik aparılmasını dəstəkləyən kifayət qədər dəlil yoxdur. Xüsusilə şəxsi süd vəzi xərçəngi keçmişi, duktal karsinoma in situ (DCIS), lobulyar karsinoma in situ (LCIS), atipik duktal hiperplaziya (ADH) və ya atipik lobulyar hiperplaziya (ALH) keçmişi olan, yaxud mammoqrafiyasında süd vəzi toxuması “həddindən artıq” və ya “heterogen” sıx süd vəzilərinə malik olan şəxslərə MRT çəkilməsi tövsiyə edilir.
-Əlaqəli mövzu: Xərçəng olmayan, lakin xərçəng riskini artıran süd vəzi kütlələri
Yüksək riskli qadınların skrininqə başlama yaşı həkimlə görüşündən sonra müəyyən edilməlidir. Lakin qadınların çoxu üçün tövsiyə edilən yaşa görə 30 yaşında MRT və mammoqrafiya ilə skrininqə başlanmalı və sağlamlıqları davam etdiyi müddətdə sürdürülməlidir.
ACS təlimatında əvvəllər 40 yaş kimi müəyyənləşdirilmiş rutin süd vəzi xərçəngi skrininq yaşı niyə 45 yaşa dəyişdirildi?
Aparılmış tədqiqatlarda xərçəng riskinin 40-44 yaş arasında daha aşağı olması və skrininqdə həddindən artıq diaqnostikaya səbəb ola bilən şübhəli-yanlış müsbət nəticələrdən zərər görmə riskinin bir qədər yüksək olması səbəbindən 40 yaşında skrininqə başlamaq zəruri deyil. Risklər baxımından fayda-zərər balansı 45 yaşdan sonra daha əlverişli olur.
40 yaşında qadın nə etməlidir?
Bəzi qadınlarda süd vəzi xərçəngi olma narahatlığı daha üstün gələ bilər. Buna görə mammoqrafiya ilə erkən aşkarlana biləcək həqiqi şübhəli lezyonun gözdən qaçma ehtimalını minimuma endirmək istəyirsə, mammoqrafiya skrininqinə 40 yaşında başlamağın heç bir eybi yoxdur. Bu narahatlığını və özü üçün ən düzgün üsulu həkimi ilə müzakirə etməlidir.
ACS-yə görə illik mammoqrafiyalar niyə 55 yaşdan sonra 2 ildən bir aparılmalıdır?
Süd vəzi xərçəngi qadınlarda menopauzadan sonra daha çox görülsə də, həmin yaşlarda daha yavaş böyüməyə meyllidir. Həmçinin süd vəzinin sıxlığı yaşla azaldığı üçün aşkarlamaq asanlaşır. Lakin skrininqi 2 ildən bir istəməyən qadınlar üçün 55 yaşdan sonra illik izləmədə qalmaq da digər seçimdir.
Mammoqrafiyada alınan şüalanma xərçəng yaradırmı?
Mammoqrafiya aşağı dozalı şüalanma ilə görüntü çəkən xüsusi rentgen cihazıdır. Klassik rentgendən ən mühüm fərqi daha aşağı şüalanma dozası ilə daha keyfiyyətli görüntü verə bilməsidir.
Bu mövzuda aparılmış çoxsaylı tədqiqat mammoqrafiyada verilən şüalanmanın xərçəngə səbəb olmadığı istiqamətindədir. Lakin bəzi tədqiqatlar bu riskin mammoqrafiyanın tezliyindən, alınan dozadan və məruzqalma müddətindən asılı olaraq dəyişə biləcəyini göstərir. Buna görə piylənməsi və ya iri süd vəziləri olan, eləcə də sıx süd vəzi toxuması olan qadınların görüntüləmə zamanı daha yüksək şüalanma dozası almasına görə riskin arta biləcəyi bildirilir. Buna baxmayaraq tövsiyə edilən skrininq strategiyaları ilə əlaqəli şüalanmaya bağlı süd vəzi xərçəngi insidensiyasının və ölüm tezliyinin şüalanmadan kənar yaranan süd vəzi xərçəngindən ölümlərə nisbətən aşağı olduğunu demək yanlış olmaz.
ACS-yə görə əllə süd vəzi müayinəsi artıq tövsiyə edilmir!
Klinik süd vəzi müayinəsi həkimin apardığı süd vəzi müayinəsidir. Bundan başqa, əvvəllər qadınlara ayda bir dəfə süd vəzilərini əllə öz-özünə yoxlamaq və əllərinə gələn şübhəli kütlələr barədə həkimlə məsləhətləşmək tövsiyə edilirdi. Son ASC təlimatında süd vəzi xərçəngi skrininqi məqsədilə klinik süd vəzi müayinəsinin və qadınların özlərinin əllə apardıqları süd vəzi müayinəsinin artıq aparılmaması tövsiyə edilir.
Buna səbəb kimi son illərin tədqiqatlarında əvvəlki nəticələrdən fərqli olaraq klinik müayinənin erkən diaqnostikaya çox az töhfə verdiyinin göstərilməsi, əllə müayinə ilə mammoqrafiyanın aparılmasının yanlış şübhəli lezyon göstəricisini artırması göstərilmişdir. Eyni şəkildə dəlillər qadınların aylıq əllə müayinəsinin süd vəzi xərçəngindən ölümləri azaltmağa kömək etmədiyini göstərir.
Lakin qadınlar süd vəzilərində fiziki olaraq görünən anormallıq gördükdə və ya fərqli törəmə hiss etdikdə bunu mütləq həkimlə bölüşməlidirlər.
Mükəmməl üsul olmasa da, mammoqrafiya bu gün hələ də süd vəzi xərçənginin erkən diaqnostikasında ən effektiv skrininq üsulu sayılır. Mammoqrafiya ilə müntəzəm skrininqlərin qadınlarda süd vəzi xərçənginə bağlı xəstəlik yükünü azaldan qiymətli vasitə olduğu xatırlanmalıdır.
ƏLAQƏLİ MÖVZULAR
Süd vəzi xərçənginin müalicəsində yeniliklər - 2017 və 2018
Süd vəzi xərçəngi həyatımı dəyişdirdi, lakin bu dəyişiklik müsbət istiqamətdə idi
Süd vəzi xərçənginin metastaz əlamətləri – nələrə baxmaq lazımdır?
Mənbələr
Lancet, 2012.
2. de Munck L, Fracheboud J, de Bock GH, den Heeten GJ, Siesling S, Broeders MJM.
Is the incidence of advanced-stage breast cancer affected by whether women attend a steady-state screening program?
Int J Cancer, Mar 25 2018.
3. American Cancer Society Releases New Breast Cancer Guideline.
cancer.org
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.