Pankreas xərçənginin müalicəsində yeni səhifə açıldı

Bu məqalədə
Mədəaltı vəzin ən çox rast gəlinən xərçəngi, pankreatik adenokarsinomaolub, buna «ekzokrin pankreas xərçəngi» də deyilir. Pankreas adenoxərçəngi Qərb ölkələrində xərçəngə bağlı ölümlərin ilk 5 səbəbindən biridir və 2030-cu ildə ABŞ-da xərçəngə bağlı ölümlərin ikinci aparıcı səbəbi olması gözlənilir.
Bunun 2 əsas səbəbinin olduğu düşünülür:
- Piylənmə nisbətlərinin artmasına bağlı pankreas xərçəngi tezliyinin artması və
- Pankreas xərçəngi üçün effektiv yeni müalicələrin hələ tapılmaması. Lakin bir çox digər xərçəngin müalicəsində, xüsusilə 2010-cu ildən sonra, çoxsaylı və müxtəlif effektiv müalicələr istifadəyə verildi (məsələn, immun nəzarət nöqtəsi inhibitorları və ağıllı dərmanlar kimi).
Bununla yanaşı, pankreas xərçəngi müalicəsində fərq yaradan yeni kimyaterapiya kombinasiyası 2011-dən sonra 4. mərhələ pankreas xərçəngində istifadəyə verilmişdi: FOLFIRINOX rejimi !
Pankreas xərçəngində yeganə tam sağalma şansı cərrahiyyədir, lakin təkcə pankreas xərçəngi əməliyyatı ilə 5 illik sağqalım nisbətləri aşağıdır (təxminən % 10). Buna görə əməliyyatdan sonra adyuvant (qoruyucu) kimyaterapiya tətbiq edilir və bu yanaşmanın xərçəngin təkrarı nisbətlərini azaltdığı məlumdur. Pankreas xərçənginin adyuvant müalicəsində indiyədək standart qəbul edilən kimyaterapiya dərmanı 6 aylıq gemsitabin olmuşdur. Adyuvant müalicəyə baxmayaraq 2 il ərzində residiv (təkrar) olan xəstələrin nisbəti % 69 ilə 75 arasındadır. Fluorourasil, leykovorin, irinotekan və oksaliplatin (FOLFIRINOX) kombinasiyası, metastatik pankreas xərçəngli xəstələrdə birinci xətt müalicə kimi tətbiq edildikdə ümumi yaşam müddətində gemsitabindən üstün olduğu əvvəllər göstərilmişdi. Bu nəticələr əsasında pankreas əməliyyatından sonra adyuvant müalicə kimi gemsitabinlə modifikasiya olunmuş FOLFIRINOX-uneffektivliyini müqayisə edən bir faza 3 klinik tədqiqat aparıldı və bu diqqətçəkən tədqiqatın nəticələri 20 dekabr 2018-ci ildə NEJMdə dərc edildi.
Qeyd: Modifikasiya olunmuş FOLFIRINOX-da standart rejimlə müqayisədə bolus fluorourasil dozası, sümük iliyinin basqılanması və ishal kimi yan təsirləri azaltmaq məqsədilə çıxarılmışdır.
Tədqiqatın təfərrüatları
Tədqiqatda pankreas xərçəngi əməliyyatı olmuş 493 xəstə qiymətləndirildi. Xəstələr təsadüfi qaydada 2 qola bölünərək;
- Təcrübə qrupuna modifikasiya olunmuş FOLFIRINOX (oksaliplatin 85 mg/m2, irinotekan 180 ilə başlanıb təhlükəsizlik təhlilindən sonra 150 mg/m2, leykovorin 400 mg/m2 və fluorourasil 2400 mg/m2 hər 14 gündən bir),
- Nəzarət qrupuna gemsitabin (1000 mg/m2 dozada 1., 8., 15. günlərdə hər 4 həftədən bir) tətbiq edildi
- Müalicələr 24 həftə (6 ay) davam etdi
- Tədqiqatın ölçmək istədiyi birincili sonlanma nöqtəsi xəstəliksiz sağqalım idi. İkincili sonlanma nöqtələri ümumi sağqalım və təhlükəsizlik kimi müəyyən edildi.
Tədqiqatın nəticələri
Median (ortanca) 33.6 aylıq izləmənin nəticəsində;
- Modifikasiya olunmuş FOLFIRINOX qrupunda ortanca xəstəliksiz sağqalım müddəti 21.6 ay olduğu halda gemsitabin qolunda 12.8 ay idi. Gemsitabin əvəzinə modifikasiya olunmuş FOLFIRINOX vermək xərçənglə bağlı hadisə, ikincili xərçəng və ya ölüm riskini % 42 azaltdı.
- 3. ildə xəstəliksiz sağqalım modifikasiya olunmuş FOLFIRINOX qolunda % 39.7, gemsitabin qolunda isə % 21.4 idi.
- Median ümumi sağqalım modifikasiya olunmuş FOLFIRINOX qolunda 54.4 ay, gemsitabin qolunda 35 ay idi. Modifikasiya olunmuş FOLFIRINOX istifadəsi ölüm riskini % 36 azaltdı.
- 3. ildə ümumi sağqalım nisbətləri isə % 63.4-ə qarşı % 48.6 idi.
- Ciddi (3. və 4. dərəcə) yan təsirlər modifikasiya olunmuş FOLFIRINOX alanların % 75.9 hissəsində, gemsitabin alanların isə % 52.9 hissəsində görüldü (gemsitabin qrupunda 1 xəstə interstisial pnevmonit adlı yan təsir səbəbindən həyatını itirdi).

Nəticə
Onkoloji praktikanı dəyişəcək bu dəyərli klinik tədqiqata görə pankreas xərçənginin adyuvant müalicəsində modifikasiya olunmuş FOLFIRINOX gemsitabinlə müqayisədə əhəmiyyətli dərəcədə daha yaxşı yaşam müddətləri göstərir. Bununla yanaşı, bu kombinə kimyaterapiya rejimində yan təsirlərin nisbətinin də daha yüksək olduğu unudulmamalıdır.
Mənbələr
FOLFIRINOX or Gemcitabine as Adjuvant Therapy for Pancreatic Cancer.
N Engl J Med, 20 December 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.