Radioterapiya xərçəng vaksini təsiri yarada bilərmi?

Bu məqalədə
2017 San Antonio Süd Vəzi Xərçəngi Simpoziumunda təqdim edilmiş tədqiqata görə, radioterapiya ilə şiş nahiyəsinin şüalandırılması şiş DNA hissələrinin xərçəng hüceyrəsində yığılmasına səbəb olaraq bir növ xərçəng vaksini təsiri yaradır.
Xərçəng vaksini nədir, necə işləyir?
2 növ xərçəng vaksini var: qoruyucu və müalicəedici.
Qoruyucu xərçəng vaksinləri, onillərdir uğurla tətbiq edilir və hazırlandıqları mikroblara qarşı çox uğurlu qorunma təmin edir. Məsələn, hepatit-B virusuna qarşı hazırlanmış HBV vaksini qaraciyər xərçəngindən, insan papilloma virusuna qarşı hazırlanmış HPV vaksini isə uşaqlıq boynu xərçəngindən olduqca effektiv qorunma təmin edir.
Müalicəedici (terapevtik) xərçəng vaksinlərinin effektiv növləri xərçəng tibbində daha yenidir və indiyə qədər xərçəng müalicəsində yalnız 2 təsdiqlənmiş vaksin var; prostat xərçənginin müalicəsi üçün sipuleucel-T (Provenge) və dəri xərçəngi bədxassəli melanomanın müalicəsində talimogene laherparepvec (Lmlygic). Bu vaksinlər təsdiq aldıqları xərçəng növləri üçün tam sağalma (kür) vəd etmir; bu baxımdan xərçəngi müalicəedici vaksinlərin qoruyucu vaksinlər qədər effektiv olmadığını demək olar. Çünki xərçəngin yaranmadan qarşısını almaq yarandıqdan sonra müalicə etməkdən asandır! Həmçinin hələ də populyarlığını qoruyan Kuba xərçəng vaksinləri isə əhəmiyyətli effektivlik göstərə bilmədikləri üçün indiyə qədər heç bir xərçəng növündə istifadə təsdiqi almamışlar.
Müalicəedici xərçəng vaksinlərinin məqsədi şişin immun sistemi tərəfindən fərq edilməsini təmin etmək və immun sistemini şişə qarşı aktivləşdirməkdir. Bədənimizdə xərçəngin yaranmasının səbəbi immun sisteminin zəifləməsindən çox, şişlərin inkişaf zamanı immun sistemindən gizlənmək mexanizmləri yaratmasıdır. Xərçəng, immunoterapiyalar kimi müdaxilələrlə immun sisteminin fərq edə bildiyi hala gəldikdə daha asan müalicə edilir. Xərçəng vaksinləri immunoterapiyanın yalnız bir növüdür (aşağıdakı qrafikə baxın).
Radioterapiya xərçəng vaksini kimi necə işləyir?
Radioterapiya ilə xərçəng hüceyrələrinin ölümü tətiklənərkən xərçəng hüceyrələrinə aid DNA hissələri və digər hüceyrə elementləri müdafiə hüceyrələrimizdən T-hüceyrələrini şiş mühitinə cəlb edə və ya aktivləşdirə bilər. Normalda şiş mikromühitində yuxulu və ya şişlə uyğunlaşmış vəziyyətdə olan müdafiə hüceyrələrimiz radioterapiyanın təsiri ilə yenidən orqanizmimizin xeyrinə işləməyə başlaya bilər.
Hüceyrə kulturası, siçan modelləri və insan xəstələrlə aparılmış erkən klinik tədqiqatların tapıntılarında;
- artan şüalanma dozalarına məruz qalan xərçəng hüceyrələrində şiş DNA-sının ikizəncirli fraqmentlərinin sitoplazmada yığıldığı,
- səhv DNA hissələrinin DNA təmir sisteminin üzvü olan ekzonukleaza 1 (Trex 1) fermentini aktivləşdirdiyi,
- bu vəziyyətin interferon beta (INFb) vasitəsilə immun sistemini tətiklədiyi görüldü.
Bu şəkildə radioterapiya, in situ xərçəng vaksini kimi təsir edir və bu vəziyyət “abskopal immunogenlik” də adlandırılır.
Bu tapıntılara əsasən tədqiqat qrupu 4-cü mərhələ kiçik hüceyrəli olmayan ağciyər xərçənginin müalicəsi üçün yeni nəsil immunoterapiya dərmanı ipilimumab (Yervoy) ilə radioterapiyanın kombinə edildiyi klinik tədqiqata başladı.
Bu yanaşmanın ən faydalı olacağı xərçəng növlərini və müalicə ardıcıllığını müəyyən etmək üçün əlavə tədqiqatlar da aparılır.

Mənbələr
Potential of radiation therapy to convert the tumor into an in situ vaccine.
Oral Presentation at: 2017 San Antonio Breast Cancer Symposium; December 5-9, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.