Xərçəng müalicəsində yeniliklər və Avropa Onkologiya Konqresi ESMO 2017

130 ölkədən 23 min onkologiya mütəxəssisini bir araya gətirəcək Avropa Onkologiya Konqresi ESMO 2017, 8-12 sentyabr tarixlərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək.
ESMO adı ilə tanınan Avropa Tibbi Onkologiya Cəmiyyəti (European Society for Medical Oncology) 1975-ci ildə yarandığından bəri başda Avropa olmaqla dünyanın hər yerində xərçəng tədqiqatlarını dəstəkləmək missiyasını yerinə yetirir.
Konqresə bu il rekord iştirakla yanaşı, rekord sayda elmi iş müraciəti də olmuşdur; belə ki, ötən illə müqayisədə %30 artımla 1500 orijinal tədqiqat qəbul edilmişdir. Həm elmi, həm də ictimai məlumatlılıq xərçəng tədqiqatlarının ən mühüm motivasiyasıdır və onkologiya mütəxəssislərini birləşdirən beynəlxalq illik toplantılar sərhəd və təbəqə tanımayan bu xəstəliklə mübarizədə atılan ən mühüm addımlardan biridir.
Bu il ESMO-da yenə son illərdə olduğu kimi xərçəng immunoterapiyası və hədəfə yönəlmiş molekulyar müalicələr ön planda görünür, lakin bir qədər fərqli şəkildə!
Yeni tapılan xərçəng dərmanı adətən əvvəlcə irəliləmiş mərhələdəki xərçənglərdə sınanır. Sonra bu dərmanların erkən mərhələlərdə fayda verib-vermədiyi araşdırılır; erkən mərhələdə təsirli xərçəng müalicələri irəliləmiş mərhələlərə nisbətən çox azdır. Çünki erkən mərhələdə istifadə olunacaq dərmanın təsirli olub-olmadığını ölçmək üçün daha uzun zamana (bəzən onilliklərə) ehtiyac var və erkən mərhələlərdə əməliyyat və digər müdaxilə üsulları daha sürətli və qalıcı nəticə verə bilər. Lakin əməliyyatdan sonra xərçəngin təkrarlanmasının qarşısını alan daha çox müalicə seçiminə ehtiyac var.
Son illərdə irəliləmiş mərhələdəki çoxsaylı xərçəng növlərində təsirli olduğu göstərilən immunoterapiyaların və ağıllı dərmanların erkən mərhələdəki xərçənglərdə nəticələrinin açıqlanacaq olması baxımından ESMO 2017 diqqəti üzərinə çəkir.
Gəlin bu tədqiqatların bir neçəsinə birlikdə nəzər salaq:
1- Ağciyər xərçənginin 3-cü mərhələsində standart müalicə kimyaterapiya ilə eyni vaxtda radioterapiyanın tətbiqidir. Bu müalicəyə baxmayaraq 5 illik sağqalım göstəriciləri %30 civarındadır. Buna görə 3-cü mərhələ ağciyər xərçəngində standart kimyaradioterapiyadan sonra xəstəliyin təkrarlanma ehtimalını azaldacaq qoruyucu (adjuvant) müalicə axtarışı uzun müddətdir gündəmdədir. PD-L1-i bloklayan immunoterapiya dərmanlarından biri olan durvalumab (Imfinzi) bu mərhələdəki ağciyər xərçəngində standart müalicədən sonra sınanmış və ilkin nəticələr xəstəliyin müalicə ilə nəzarətdə saxlanma müddəti (proqressiyasız sağqalım) baxımından ümidverici hesab edilmişdir (PACIFIC tədqiqatı).
2- Adjuvant immunoterapiyanın digər mühüm nümunəsi dəri xərçəngi bədxassəli melanomdur. Bu xəstəlikdə şiş əməliyyatla çıxarıldıqdan sonra qoruyucu olaraq verilən immunoterapiya ipilimumab-ın (Yervoy) xəstəliyin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azaltdığı ESMO 2016-da təqdim edilmiş bir tədqiqatda görülmüşdü, lakin bunu göstərən tədqiqatda istifadə olunan doza olduqca yüksək idi (10 mg/kg). İmmunoterapiyaların yüksək dozada verilməsi bizdə həm artan immunoterapiya yan təsiri həm də onsuz da yüksək olan xərcin daha da artacağı narahatlığını yaratmışdı. Buna görə 10 mg/kg ipilimumab ilə digər immunoterapiya dərmanı nivolumab-ın standart dozasının 2 həftədə bir tətbiqi müqayisə edildi (CheckMate 238 tədqiqatı).
3- BRAF müsbət melanomda hədəfə yönəlmiş dərmanların yalnız metastatik xəstəlikdə deyil, əməliyyatdan sonra qoruyucu olaraq da faydalı olub-olmadığını qiymətləndirən BRIM8 və COMBI-AD tədqiqatlarının nəticələri də maraqla gözlənilir.
4- ASCO 2017-də ilkin nəticələrini gördüyümüz, ALK müsbət ağciyər xərçəngində alectinib (Alecensa) və crizotinib (Xalkori) müqayisəsinin daha uzunmüddətli nəticələrini ESMO 2017-də görəcəyik. Alectinib xüsusilə beyin metastazlarını əhəmiyyətli dərəcədə azaltması və ömrü uzatması baxımından crizotinib-dən üstün hesab edilmişdi (ALEX tədqiqatı). Bu tədqiqatlar mühüm bir sualı gündəmə gətirmişdir:
əvvəlcə ən güclü müalicə seçimi tətbiq edilməlidir, yoxsa bu müalicələr müəyyən ardıcıllıqla verilməlidir?
Ən güclü dərmanı ilk seçim kimi tətbiq edib xəstəliyi ən uzun müddət nəzarətdə saxlamaq ən yaxşı seçim ola bilər.
5- ESMO 2017-də təqdim olunacaq bütün diqqətəlayiq tədqiqatlar, əlbəttə, immunoterapiya və hədəfə yönəlmiş müalicələrlə bağlı deyil. Ağciyər xərçəngində gündəlik praktik fəaliyyətimizi və xəstələrin izlənmə qaydasını dəyişə biləcək bir Fransa tədqiqatı təqdim olunacaq. IFCT-0302 adlı bu tədqiqat ağciyər xərçəngi əməliyyatı və ya kimyaradioterapiyadan sonra təkrarlanma ehtimalı digər xərçənglərə nisbətən daha yüksək olan ağciyər xərçənginin rutin klinik baxışlar, ağciyər rentgenləri, kompüter tomoqrafiyaları və bronxoskopiya ilə hansı tezlikdə izlənməli olduğu barədə yeni fikirlər təqdim edir.
6- Diqqət çəkəcəyini düşündüyümüz digər tədqiqat uşaqlıq boynu (serviks) xərçəngi haqqındadır. NACTcervix tədqiqatı ilk dəfə mühüm bir suala cavab axtarır: neoadjuvant (kiçildici) kimyaterapiyadan sonra uşaqlıq boynu xərçəngi olan xəstələr üçün ən yaxşı müalicə seçimi əməliyyatdır, yoxsa radioterapiya ilə eyni vaxtda kimyaterapiya?
7- Son paylaşımımız ASCO 2017-nin ən çox diqqət çəkən iki tədqiqatı STAMPEDE və LATUTUDE haqqında olacaq. Bu tədqiqatlar göstərmişdi ki, prostat vəzi xərçəngində erkən dövrdə daha güclü hormon basqılanması (abirateron ilə) ömrü əhəmiyyətli dərəcədə uzadırdı. Prostat vəzi xərçənginin bütün müalicə strategiyasını dəyişməyə namizəd bu iki tədqiqatın daha uzunmüddətli, yalnız sağqalıma deyil, xəstələrin həyat keyfiyyətinə də yönələn nəticələri ESMO 2017-də təqdim olunacaq.
Veb saytımız vasitəsilə bütün insanlarımız üçün xərçəng təbabətindəki irəliləyişləri anlaşıqlı dillə və dəqiqliklə izah etmək missiyamızı ESMO 2017-də təqdim olunacaq mühüm tədqiqatları sizinlə paylaşaraq davam etdirməyin həyəcanını indidən yaşayırıq.
Mənbələr
esmo.org
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.