Yastı hüceyrəli ağciyər xərçənginin müalicəsində böyük dönüşüm

Bu məqalədə
Kimyaterapiyaya immunoterapiya dərmanı pembrolizumab (Keytruda) əlavə edilməsinin 4. mərhələ kiçik hüceyrəli olmayan ağciyər xərçənginin skuamoz (yastı) hüceyrəli alt növündə ömrü əhəmiyyətli uzatdığına dair faza-3 klinik tədqiqat nəticələri 19. Dünya Ağciyər Xərçəngi Konfransı-nda və eyni vaxtda NEJM-də yayımlanan tədqiqatda təqdim edildi. Bu inkişaf onkologiya dünyasında çox diqqət çəkdi, çünki ağciyər xərçənginin yastı hüceyrəli alt növü təsirli müalicələrə ən çox ehtiyac duyduğumuz sahələrdəndir (son illərdə geniş yayılmış başqa ağciyər xərçəngi olan adenokarsinoma üçün çoxsaylı ağıllı dərman və immunoterapiya təsdiqi olsa da, yastı hüceyrəli ağciyər xərçəngində bu inkişafları görməmişdik).
KEYNOTE-407 klinik tədqiqatının nəticələrinə görə, yastı hüceyrəli ağciyər xərçəngində ikili kimyaterapiyaya pembrolizumab əlavə edilərkən median (ortanca) ümumi sağqalım 15.9 ay, yalnız ikili kimyaterapiya alanlarda isə 11.3 ay tapıldı.
Bir çox yeni xərçəng müalicəsi əvvəl proqressiyasız sağqalım, yəni «müalicə ilə xəstəliyi nəzarətdə saxlama müddəti» uğuru göstərdikdən sonra ümumi sağqalım uğuru göstərir. Yastı hüceyrəli ağciyər xərçəngində bu kimyaterapiya və immunoterapiya kombinasiyasının birbaşa ümumi sağqalım uğuru göstərməsi tədqiqatın digər diqqətəlayiq xüsusiyyətidir. Bu baxımdan KEYNOTE-407 «klinik təcrübəni dəyişdirən» tədqiqat ola bilər.
KEYNOTE-407 tədqiqatının dizaynı
Dördqollu bu klinik tədqiqatda əvvəl müalicə almamış, metastatik, skuamoz kiçik hüceyrəli olmayan ağciyər xərçəngli 559 xəstəyə ilk dörd dövr üçün bu müalicələr tətbiq edildi:
- Karboplatin + paklitaksel + pembrolizumab
- Karboplatin + paklitaksel + plasebo
- Karboplatin + nab-paklitaksel + pembrolizumab
- Karboplatin + nab-paklitaksel + plasebo
Plasebo qolundakı xəstələrdə xəstəlik proqressiya etdikdə (irəlilədikdə) aktiv immunoterapiyaya keçməyə icazə verildi.
Xəstələrin % 60-ı paklitaksel, % 40-ı isə paklitakselin yeni nanohissəcik forması olan nab-paklitaksel aldı.
Müalicə radioloji xəstəlik proqressiyasına və ya qəbuledilməz toksiklik (yan təsir) yaranana qədər davam etdi.
Tədqiqatın nəticələri
- İmmunoterapiya əlavə edilməsinin ümumi obyektiv cavab nisbətini % 20 artırdığı tapıldı.
- Median (ortanca) proqressiyasız sağqalım əlavə pembrolizumab alanlarda % 44 daha uzun idi (6.4 aya qarşı 4.8 ay).
- Bir il ərzində yalnız kimyaterapiya alanların % 48.3-ü sağ olduğu halda, immunoterapiya+kimyaterapiya kombinasiyası ilə müalicə edilənlərin % 65.2-si hələ sağ idi.

- İmmunoterapiyanın ümumi sağqalım faydası, PD-L1 ifadəsinin səviyyəsindən asılı olmayaraq faydalı idi.
- Müalicəyə obyektiv cavab nisbəti paklitaksel və nab-paklitaksel qruplarında fərqli deyildi.
- Yan təsirlər müqayisə edildikdə ciddi (3. dərəcə və ya yüksək) yan təsirlər plasebo+kimyaterapiya qrupunda %68.2, immunoterapiya+kimyaterapiya qolunda isə % 69.8 ilə demək olar eyni idi.
- Bununla belə immunoterapiya alanlarda yan təsirlərə görə bütün müalicə komponentlərinin dayandırılma nisbəti % 13.3, nəzarət qolunda % 6.4 idi. Digər tərəfdən həyat itkisi ilə nəticələnən yan təsirlər oxşar idi; pembrolizumab qolunda % 8.3, plasebo qolunda % 6.4 idi.

- Hər iki paklitaksel qrupunda immunoterapiya yan təsirləri arasında fərq müşahidə edilmədi.
Steroidlər immunoterapiyanın təsirini azaltmadı
Paklitakseldən əvvəl ilkin müalicə kimi lazım olan steroidlərin immunoterapiyanın effektivliyinə təsir edib-etmədiyi maraq doğururdu.
Əvvəlki tədqiqatda steroid verilməyən yastı hüceyrəli ağciyər xərçəngi xəstələrində karboplatin üstəgəl paklitaksel və ya nab-paklitakselə cavab nisbətlərinin daha üstün olduğu irəli sürülmüşdü.
Lakin KEYNOTE-407-də immunoterapiya alan və almayan qruplarda müalicənin ürəkbulanma kimi yan təsirlərini azaldan steroid istifadəsinin xəstəlik nəticələrini dəyişdirmədiyi görüldü.
Nəticə olaraq bu tədqiqat uzun illər əhəmiyyətli inkişaf əldə olunmamış yastı hüceyrəli ağciyər xərçəngi müalicəsində standart kimyaterapiya rejimlərinə immunoterapiya əlavə edilməsinin ömrü uzatdığını göstərən, klinik təcrübəni dəyişdirəcək gücdə tədqiqatdır.
Əlaqəli mövzu:
- Kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsində immunoterapiyanın yeri atezolizumab ilə möhkəmlənir
Mənbələr
Pembrolizumab plus Chemotherapy for Squamous Non–Small-Cell Lung Cancer.
NEJM, 25 September 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.