4-cü mərhələ limfoma haqqında bilinməli olanlar

Bu məqalədə
4-cü mərhələ limfoma xərçəng limfa sistemindən kənarda onurğa beyni, ağciyərlər və ya qaraciyər kimi bədənin uzaq nahiyəsinə metastaz verdikdə (yayıldıqda) meydana gəlir.
Limfoma limfosit adlandırılan bir növ ağ qan hüceyrəsində yaranan xərçəngdir. Bu hüceyrələr bədənin immun sisteminin bir hissəsi olan limfa sistemindən keçir. Bir çox xərçəngdə olduğu kimi limfomanın dörd mərhələsi var.
4-cü (IV) mərhələ limfoma çox vaxt müalicə edilə bilər. Limfoma diaqnozu olan xəstənin proqnozu (xəstəliyin gedişi) limfomanın növü və şəxsin yaşı daxil olmaqla bir çox amildən asılıdır.
Bu yazıda limfoma əlamətləri, müalicələri və ömür müddətləri də daxil olmaqla müxtəlif limfoma növləri müzakirə edilir.
Limfoma növləri
Limfoma insanların limfa sistemində inkişaf edən xərçəngi təsvir etmək üçün istifadə etdikləri termindir. İki əsas limfoma növü var:
- Hodgkin limfoması və
- Hodgkin olmayan limfoma (Non-Hodgkin limfoma).
Hodgkin limfoması
Hodgkin limfomasının xüsusiyyəti Reed-Sternberg hüceyrələrinin mövcudluğudur. Bu hüceyrələr xərçəngləşmiş yetişkin / yetkin B tipli immun hüceyrələridir.
Hodgkin limfomalarının yüzdə 95-i bu 4 alt növdən ibarətdir; bunlara klassik Hodgkin limfoması deyilir.
- nodulyar skleroz
- qarışıq hüceyrəli
- limfositlə zəngin (lymphocyte-rich)
- limfositdən kasad (lymphocyte-depleted)
Hodgkin limfoması olan insanların təxminən yüzdə 5-ində isə nodulyar limfosit üstünlüklü Hodgkin limfoması var.
Hər bir fərqli Hodgkin limfoması alt növünün müalicə seçimlərini müəyyən edən fərqli xüsusiyyətləri var.
Hodgkin olmayan limfoma
Hodgkin olmayan limfoma, Hodgkin limfomasından fərqli olaraq, B tipli və ya T tipli immun hüceyrələrindən yarana bilər. Həmçinin limfa düyünlərindən kənarda mədə, bağırsaqlar və dəri kimi digər orqanlarda da yarana bilər.
90-dan çox Hodgkin olmayan limfoma növü var və onları müxtəlif formalarda təsnif etmək mümkündür.
Hodgkin olmayan limfoma təsir etdiyi limfosit növünə görə T-hüceyrəli və ya B-hüceyrəli Hodgkin olmayan limfoma kimi təsnif edilə bilər. Alternativ olaraq limfomanın nə qədər sürətlə böyüdüyünü və yayıldığını əks etdirmək üçün onu indolent (mülayim / yumşaq) və ya aqressiv kimi təsvir edə bilərlər.
Hodgkin limfomasında olduğu kimi, Hodgkin olmayan limfomanın növü müalicəni müəyyən edəcək.
Limfomanın əlamətləri hansılardır?
Hodgkin limfoması və Hodgkin olmayan limfoma bir çox oxşar əlamətə malikdir. Bəzi əlamətlər xəstəlik mədə və ya ağciyərlər kimi limfa sistemindən kənar orqanlara təsir etdikdə yaranır.
4-cü mərhələ limfomanın əlamətlərinə bunlar daxil ola bilər:
- dəri altında böyümüş limfa düyünləri (limfadenopatiya)
- yorğunluq
- titrəmə
- iştaha itkisi
- qaşınma
- davamlı / inadkar öskürək
- təngnəfəslik (dispnoe)
- döş qəfəsində ağrı
- qarında şişkinlik
- erkən doyma
- asan göyərmə və ya qanama
- tez-tez infeksiyalar
- ürəkbulanma və ya qusma
B simptomları adlandırılan əlamətlər qrupu həm Hodgkin, həm də Hodgkin olmayan limfomanın mərhələləndirilməsi barədə fikir verir. Bu əlamətlər adətən daha irəliləmiş limfomada yaranır və bunları ehtiva edir:
- 6 ayda bədən çəkisinin yüzdə 10-undan çox istənilməyən itki
- infeksiya ilə əlaqəli olmayan qızdırma
- paltarları isladan gecə tərləmələri
- Əlaqəli mövzu: Limfoma (limfa xərçəngi) nədir? (ətraflı)
Limfomanın müalicəsi
4-cü mərhələ limfomanın müalicəsi insanın limfoma növündən, tibbi tarixçəsindən və hansı orqanlara təsir edəcəyindən asılı olacaq.
Hodgkin limfomasının müalicəsi
4-cü mərhələ Hodgkin limfomasının müalicəsi adətən çoxsaylı kimyaterapiya dərmanlarının dövrlərini ehtiva edir.
Kimyaterapiya kombinasiyasındakı dərmanlara bunlar daxil ola bilər:
- ABVD: Hodgkin limfomasında ən çox üstünlük verilən rejimdir; doksorubisin, bleomisin, vinblastin və dakarbazin ehtiva edir.
- BEACOPP: Bleomisin, etoposid, doksorubisin, siklofosfamid, vinkristin, prokarbazin və prednizon ehtiva edir. Həkimlər bu rejimi spesifik / müəyyən xüsusiyyətləri olan insanlar üçün nəzərdən keçirirlər. Təsirlidir, lakin ikincili xərçəng (məsələn, leykemiya) və sonsuzluq risklərinə görə daha az yayılmış seçimdir.
- Stanford V: Mikloretamin, doksorubisin, vinblastin, vinkristin, bleomisin, etoposid və prednizon ehtiva edir. Həkimlər bu rejimdən tez-tez istifadə etmirlər.
Sonrakı izləmədə böyük kütlələri və ya rezidual (qalıq) xəstəlik sübutu olan insanlar üçün şüa müalicəsi tövsiyə edilə bilər.
Həmçinin bir kök hüceyrə transplantasiyası və ya eksperimental dərmanlar və ya dərman kombinasiyaları daxil olmaqla başqa müalicə üsulları tövsiyə edilə bilər.
Hodgkin olmayan limfomanın müalicəsi
Non-Hodgkin limfomanı müalicə etmək üçün çox vaxt standart kimyaterapiya kombinasiyası olan CHOP istifadə edirik. Bu rejim siklofosfamid, doksorubisin, vinkristin və prednizon dərmanlarını ehtiva edir.
Aqressiv non-Hodgkin limfoma növləri üçün CHOP rejiminə rituximab adlandırılan immunoterapiya dərmanı əlavə edilə bilər. Bu kombinasiya müalicənin effektivliyini artırır və Hodgkin olmayan limfomanı potensial olaraq müalicə edə bilər.
Həmçinin Hodgkin olmayan limfomanın müalicəsində də kök hüceyrə transplantasiyası, radioterapiya və ya başqa dərmanlar tövsiyə edilə bilər.
Limfoma müalicəsinin xülasəsi
Mövcud müalicə seçimlərinin davamlı yaxşılaşdırılması o deməkdir ki, bəzən növdən və insanın risk amillərindən asılı olaraq limfoma hətta 4-cü mərhələdə olsa belə tamamilə müalicə edilə bilər. Tam sağalma mümkün deyilsə, müalicə insanın əlamətlərini idarə etməyi və həyat keyfiyyətini qorumağı məqsəd qoyur.
4-cü mərhələ limfomada ömür müddətləri
Sağqalma (həyatda qalma) göstəriciləri xərçəngin növü və mərhələsi üçün müalicənin uğurlu olmasının nə qədər ehtimal edildiyini daha yaxşı anlamağa imkan verir.
Sağqalma göstəriciləri xərçəngin mərhələsindən asılı olaraq dəyişən təxminlərdir. Hər kəsin fərqli olduğunu və bir çox insanın bu təxminlərdən xeyli uzun yaşaya biləcəyini bilmək vacibdir.
Ümumiyyətlə, 4-cü mərhələ Hodgkin limfoması üçün 5 illik sağqalma göstəricisi yüzdə 65-dir. Aşağıdakı risk amilləri insanın proqnozuna təsir edir və limfomanı daha ağır edə bilər:
- B simptomlarının olması
- 45 yaşdan yuxarı olmaq
- Kişi olmaq
- Bəzi xüsusi qan göstəricilərinə malik olmaq
Hodgkin olmayan limfomanın bütün mərhələləri üçün ümumi 5 illik nisbi sağqalma göstəricisi yüzdə 71-dir.
Nisbi sağqalma göstəriciləri bu xəstəliyi olanları xəstə olmayanlarla müqayisə edir və müxtəlif növ və mərhələlər üçün geniş dəyişir. Bir çox amil sağqalma göstəricisinə təsir edə bilər. İnsan özünəməxsus risk amillərini həkimi ilə müzakirə etməlidir.
Xülasə
Limfoma limfa sisteminin xərçəngidir. 4-cü mərhələ limfoma xərçəngin limfa sistemindən kənarda bir orqana yayıldığı deməkdir.
Sağqalma göstəriciləri şəxsin risk amillərindən və xərçəng növündən asılı olaraq geniş dəyişir. 4-cü mərhələ limfomada sağqalma göstəricisi digər mərhələlərdən aşağıdır, lakin bəzi hallarda həkimlər tam sağalma təmin edə bilərlər.
4-cü mərhələ limfoma diaqnozu alan insanlar müalicə seçimlərini və nəticələri həkimləri ilə müzakirə etməlidirlər. Bu xəstəliyin müalicəsi həkimlərdən, tibb bacılarından, sosial xidmət mütəxəssislərindən, psixi sağlamlıq məsləhətçilərindən və sosial dəstəkdən birgə yanaşma tələb edir.
*
Mənbələr
https://www.cancer.org/cancer/hodgkin-lymphoma/about/key-statistics.html
2. Survival rates and factors that affect prognosis (outlook) for non-Hodgkin lymphoma. (2018, August 1).
https://www.cancer.org/cancer/non-hodgkin-lymphoma/detection-diagnosis-staging/factors-prognosis.html
3. Survival rates for Hodgkin lymphoma by stage. (2018, May 1).
https://www.cancer.org/cancer/hodgkin-lymphoma/detection-diagnosis-staging/survival-rates.html
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.