Bioloji baxımdan fərqli neyroendokrin şişlərin diaqnozu və müasir müalicəsi

Bu məqalədə
Neyroendokrin sistem hormon istehsal edən (endokrin) hüceyrələr və sinir hüceyrələrindən ibarətdir. Neyroendokrin hüceyrələr əsasən həzm sistemi (mədə, bağırsaqlar kimi) və ağciyər kimi orqanlarda olur. Neyroendokrin şişlərbədənin hər yerində görülə bilsə də, çox vaxt qastrointestinal (mədə-bağırsaq) sistemdə, ağciyər və mədəaltı vəzidə olan neyroendokrin hüceyrələrdə yaranan, nadir xərçənglərdir.

Neyroendokrin şişlərin çoxu erkən mərhələlərdə heç bir əlamət göstərmir və böyüməsi illər çəkir. Bununla yanaşı, bəzi növləri aqressivdir və sürətlə böyüyür. Bu, şişin vaxtında aşkarlanmasını və nəzarətə alınmasını çətinləşdirir.
Neyroendokrin şişlərlə bağlı maraqlı mövzulara yaxından baxaq.
Neyroendokrin şişlərdə xəstəliyin gedişini proqnozlaşdırmaq mümkündürmü?
Bəzi neyroendokrin şişlərin niyə yavaş böyüdüyü, digərlərinin daha aqressiv olduğu barədə mövcud elmi fikir nədir?
“Şişi təşkil edən hüceyrələrin diferensiasiya dərəcəsi və xərçəngin hansı mərhələdə olması ən vacib proqnostik (xəstəliyin gedişini proqnozlaşdıran) markerlərdir.
Zəif diferensiasiya etmiş, yəni yetişməmiş neyroendokrin şiş hüceyrələri ilə yaxşı diferensiasiya edənlər bəzi patoloji oxşarlıqlara malik olsa da, bioloji və klinik baxımdan tamamilə fərqli xüsusiyyətlər daşıyırlar. Məsələn, zəif diferensiasiya etmiş neyroendokrin xərçənglər TP53, RB1 və NRAS genlərindəki mutasiyalarla xarakterizə edilir. Digər tərəfdən tam diferensiasiya edən (yetişən) şiş hüceyrələri çox vaxt xromatinin yenidən qurulmasında iştirak edən gen dəyişiklikləri ilə xarakterizə olunur və bir çox halda bu şiş növləri aydın onkogen mutasiyaya malik deyil.
Bu fərqlərlə yanaşı, yaxşı diferensiasiya edən neyroendokrin şişlər öz daxilində fərqli xüsusiyyətlər göstərən heterogen / qarışıq quruluşa malikdir və xəstəliyin gedişi şişin dərəcəsindən və yarandığı birincili nahiyədən asılıdır. Məsələn, nazik bağırsaqda görülən neyroendokrin şişlər çox yavaş böyüsə də, metastaz verərək bədənin fərqli nahiyələrinə yayılmağa meyillidir. Digər tərəfdən rektal (yoğun bağırsağın son hissəsi) neyroendokrin şişlər səthi və xoşxassəli olmağa meyilli olsa da, metastaz verdikdə adətən daha aqressiv olur. Bu fərqlərə görə şişin qaynaqlandığı birincili nahiyəyə əsasən neyroendokrin şişlər qiymətləndirilməli və müalicə yanaşması buna görə hazırlanmalıdır. Genotip (genetik quruluş) ilə fenotip (hüceyrə görünüşü) arasındakı əlaqəni müəyyən etməkdə yolun çox başlanğıcındayıq, lakin epigenetik dəyişikliklərin şiş yaranmasında mühüm rol oynadığı hər gün daha aydın olur.”
Erkən diaqnoz məsələsi
Neyroendokrin şişlər erkən dövrdə əlamət verməməyə meyillidir. Lakin erkən aşkarlandıqda bu şişlərin müalicəsinin müsbət nəticələndiyini bilirik. Neyroendokrin şişlərin erkən diaqnozunda haradayıq?
“Bu şiş növü üçün erkən diaqnoz olduqca mürəkkəb problemdir. Səbəbi irəliləməyən və buna görə hər hansı simptoma (əlamətə) səbəb olmayan növlərinin olmasıdır. Buna görə klinik əhəmiyyətli neyroendokrin şişlərin nadirliyi nəzərə alınanda, ailə tarixçəsi, genetik von Hippel-Lindau sindromu və ya çoxsaylı endokrin neoplaziya xaricində əlamətsiz və ya hələ əlamət verməyən neyroendokrin şişləri müəyyən etmək üçün rutin skrininq protokolu yoxdur.
Digər tərəfdən ciddi və uzun illər əlamətlərlə irəliləyən, uyğun müalicə almayan xəstələrlə bağlı ciddi problemlər var. Qıcıqlanmış bağırsaq, xroniki ishal və ya bağırsaq tutulması kimi əlamət və tapıntılar neyroendokrin şişlə əlaqəsiz sayılaraq gözdən qaça bilər. Buna görə həkimlərin bu əlamət və tapıntıların mümkün əsas səbəblərindən xəbərdar olması düzgün müalicəni müəyyənləşdirmək üçün son dərəcə vacibdir.”
Xəstəliyin geniş görüldüyü nahiyələr və müalicədə son yeniliklər
Neyroendokrin şişlərin ən çox görüldüyü nahiyələr və müalicə strategiyaları nədir?
"Nazik bağırsaqmetastatik neyroendokrin şişlərin ən çox qaynaqlandığı birincili nahiyədir. Somatostatin reseptorlarının istehsal edildiyi neyroendokrin şişlərin birinci xətt müalicəsi kimi somatostatin analoqları istifadə edilir. Bu analoqlar eyni zamanda neyroendokrin şişlərin alt qrupu olan karsinoid şişlərin qaraciyər metastazlarında yaranan klinik mənzərə — karsinoid sindromu üçün də vacib müalicə seçimidir. Somatostatin analoqları həm şişin böyüməsini nəzarətdə saxlamaq, həm də karsinoid sindromunu yüngülləşdirmək üçün istifadə edilir.
Eyni zamanda şiş həcmini azaltmaq üçün tətbiq edilən debulking cərrahiyyəsi də əsas şiş daxil olmaqla metastatik mərhələli xəstələrdə əlamət və tapıntıları azaltmaq üçün düşünülür. Qaraciyərdə görülən neyroendokrin şişlər üçün, radiotezlik ablasiyası (yandırma müalicəsi) və ya hepatik arteriya embolizasiyası tez-tez tətbiq edilir. İkinci xətt müalicə adətən lütesium-177 (Lu-177) dotatate istifadə olunan peptid reseptor radioterapiyasıdır. Mədəaltı vəzidə görülən metastatik, somatostatin reseptorları istehsal edən neyroendokrin şişlər üçün də somatostatin analoqlarından istifadə edirik.
- Əlaqəli mövzu: Neyroendokrin şişlərin müalicəsi üçün Lütesium 177 FDA təsdiqi aldı
Bundan başqa everolimus, sunitinib, kimyaterapiya və Lu-177 dotatate digər müalicə seçimləri sayılır. Lakin müxtəlif müalicə seçimlərinin müqayisə edildiyi tamamlanmış tədqiqat yoxdur. Bu, seçimlərdən hansının hansı ardıcıllıqla istifadə ediləcəyinə qərar verməyi çətinləşdirir. Amma xərçəng aqressiv gedirsə, adətən kapesitabin və temozolomid adlı kimyaterapiyaları seçirik.”
Klinik tədqiqatlar
“Neyroendokrin şiş diaqnozu qoyulmuş geniş xəstə populyasiyası ilə güclü klinik tədqiqat portfelimiz var. Proqressiv (aqressiv, irəliləyən) neyroendokrin şişlər üçün lenvatiniblə birlikdə pemprolizumabın istifadə edildiyi və kabozantinibin plasebo ilə müqayisə olunduğu tədqiqatlar aparılır. Digər diqqətçəkən tədqiqatda ximerik antigen reseptorlu (CAR) T-hüceyrələrinin neyroendokrin şişlərdə effektivliyi araşdırılır. Yenə digər diqqətçəkən tədqiqatda tək immunoterapiya (PD-1 basdırıcı agent) istifadə edilir, lakin cavab nisbətlərinin aşağı olduğu aşkarlandı. Bununla belə, irəliləmiş mərhələ neyroendokrin şişlərində ikili immunoterapiyanın (ipilimumab və nivolumabın) birlikdə istifadəsinə dair yeni məlumatlar var. Müxtəlif immunoterapiyaların birlikdə istifadə edildiyi klinik tədqiqatların nəticələrini gözləyirik. İmmunoterapiya indiyədək neyroendokrin şişlərdə mühüm rol oynamasa da, laboratoriya və klinik tədqiqatlardakı irəliləyişlər son dərəcə həyəcanvericidir.”
Mənbələr
Update on Detecting and Treating Biologically Diverse Neuroendocrine Tumors: A Conversation With Jonathan R. Strosberg.
ascopost.com - Last Updated: 8/18/2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.