HER2 müsbət 4. mərhələli mədə xərçəngində ümidverici müalicələr

Bu məqalədə
Mədə və mədə-qida borusu birləşməsi xərçənglərinin %15 ilə 20-si xərçəng hüceyrəsinin səthində insan epidermal böyümə faktoru reseptoru 2-ni (HER2) həddindən artıq daşıyır və bunlara HER2 müsbət mədə xərçəngi deyilir. İrəliləmiş mərhələli və HER2 müsbət mədə xərçəngi olan xəstələr üçün standart 1. xətt müalicə kimyaterapiya və HER2-yə qarşı uzun illərdir istifadə etdiyimiz trastuzumab adlı anticisimdir. Bununla belə, sonrakı müalicə xətləri üçün müxtəlif anti-HER2 dərmanlarının sınaqdan keçirilməsi yazımızın mövzusu olan tədqiqata qədər əhəmiyyətli effektivlik göstərməmişdi.
Birinci xətdən sonrakı müalicələr üçün irinotekan, taksanlar, trifluridin-tipirasil və immunoterapiyalar əlavə seçimlərdir. Plasebo ilə müqayisədə nivolumab və trifluridin-tipirasil ümumi sağqalımı təxminən 2 ay artırır.
Trastuzumab deruxtecan (ABŞ-da fam-trastuzumab deruxtecan-nxki [Enhertu] kimi tanınır) “topoizomeraza I inhibitoru” sinfindən kimyaterapiya preparatına bağlanan anti-HER2 monoklonal anticisimdir. Trastuzumab deruxtecan Yaponiyada və ABŞ-da metastatik və əvvəllər bir neçə müalicə xətti almış HER2-müsbət süd vəzi xərçəngi olan xəstələrin müalicəsi üçün təsdiqlənib (baxın: əlaqədar FDA təsdiqi).
Bu dərmanın tərkibindəki anticisim xərçəng hüceyrəsinin səthində yerləşən HER2-yə bağlanaraq xərçəng hüceyrələrini öldürür. Dərmanda kimyaterapiya/anticisim nisbəti 8/1-dir, bu isə onu yüksək dərəcədə HER2 müsbət olmayan xərçəng hüceyrələri üçün də effektiv seçim edir.
Burada əvvəllər bir neçə müalicə xətti almış HER2 müsbət mədə və mədə-qida borusu birləşməsi xərçəngi olan xəstələrdə trastuzumab deruxtekanın açıq etiketli, çoxmərkəzli, faza II klinik tədqiqatının nəticələrini paylaşırıq.
Tədqiqatın təfərrüatları və nəticələr

- Tədqiqatın əsas sonlanım nöqtəsi obyektiv cavab nisbəti və ikincili sonlanım nöqtələri ümumi sağqalım, cavabın müddəti, proqressiyasız (irəliləməsiz) sağqalım, təsdiqlənmiş cavab və təhlükəsizlik idi.
- Tədqiqata daxil edilən 187 xəstənin 125-i trastuzumab deruxtecan, 62-si kimyaterapiya (55-i irinotekan və 7-si paklitaksel) aldı.
- Obyektiv cavab nisbəti trastuzumab deruxtecan ilə %51, kimyaterapiya ilə isə %14 idi.
- Median ümumi sağqalım trastuzumab deruxtecan qolunda əhəmiyyətli dərəcədə uzun idi: 12,5 aya qarşı 8,4 ay (ölüm üçün təhlükə nisbəti [HR] 0.59; 95% etibar intervalı 0.39 - 0.88; P=0.01).
- Ciddi (3. dərəcə və yuxarı) ən geniş yayılmış yan təsirlər trastuzumab deruxtecan qolunda daha çox idi: neytropeniya (%51-ə qarşı %24); anemiya (%38-ə qarşı %28); leykopeniya (%21-ə qarşı %11).
- Trastuzumab deruxtecan alan xəstələrin 12-də interstisial ağciyər xəstəliyi və ya pnevmonit inkişaf etdi (9-u yüngül, 3-ü ciddi səviyyədə); 1 həftə pnevmoniya səbəbindən həyatını itirdi.
Nəticə olaraq, trastuzumab deruxtecan ilə əvvəllər bir neçə müalicə xətti almış irəliləmiş HER2 müsbət mədə xərçəngləri üçün indiyədək bildirilən ən yaxşı sağqalım və cavab məlumatları əldə edilmişdir. Bununla belə, yan təsirlərin tezliyi az deyil; çoxu idarə oluna bilən yan təsirlərdir və xəstələr bu baxımdan diqqətlə izlənməlidir.
HER2 müsbət mədə xərçəngləri üçün digər innovativ müalicələr
HER2 hüceyrələrdə böyümə və çoxalmanın idarə olunmasında iştirak edən kritik elementlərdən biridir və HER2 genetik dəyişiklikləri olan xərçənglərdə bu hədəf Axilles vətəri kimi görülə bilər.
Aşağıda HER2 müsbət mədə xərçənglərinin çoxsaylı müxtəlif preparatlarla (monoklonal anticisimlər, immunoterapiyalar, hüceyrə immunoterapiyaları, kimyaterapiya-anticisim konjuqatları və tirozin kinaza inhibitorları) hədəfə alındığını görmək olar.

Yuxarıda məlum dərmanlardan başqa 2 hüceyrə immunoterapiyası (canlı dərman) üsulu xüsusilə diqqət çəkir. Bunlar hələ HER2 müsbət mədə xərçəngi üçün təsdiqlənməyib, lakin çoxsaylı klinik tədqiqatlarda sınaqdan keçirilir.
- Anadangəlmə immun sisteminin təbii öldürücü hüceyrələri olan NK (natural killer) hüceyrələrində yerləşən Fc reseptorları (FcR) gen mühəndisliyi üsulları ilə HER2-yə qarşı anticisimlərə bağlanır və anticisimdən asılı hüceyrə öldürücülüyü (antibody-dependent cellular cytotoxicity = ADCC) vasitəsilə xərçəngə qarşı immun cavabı başladır.
- Başqa bir hüceyrə immunoterapiyası isə adaptiv (qazanılmış) immun sisteminin bir elementi olan T-hüceyrələrinəyenə gen mühəndisliyi üsulları ilə HER2 müsbət hüceyrələri tanıyacaq şəkildə ximerik antigen reseptorlarının (CAR) yerləşdirilməsidir. HER2-yə xas ximerik antigen reseptorlarına malik CAR T-hüceyrələri, HER2-müsbət mədə xərçəngi üçün seçim ola bilər.
Mənbələr
2. Dan Zhao et al. Progress and challenges in HER2-positive gastroesophageal adenocarcinoma. J Hematol Oncol. 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.