Hormon pozitiv 4-cü mərhələ süd vəzi xərçənginin ilkin müalicəsi üçün Abemaciclib FDA təsdiqi aldı

26 fevral 2018-ci ildə FDAhormon reseptoru (HR) pozitiv, insan epidermal böyümə faktoru 2 (HER2) neqativ olan irəliləmiş mərhələ və ya metastatik süd vəzi xərçəngi olan postmenopauzal qadınlar üçün hormonal müalicə ilə birlikdə abemaciclib (ticarət adı Verzenio) adlı dərmanı təsdiqlədi.
Təsdiq HR-pozitiv, HER2-neqativ irəliləmiş mərhələ və ya metastatik süd vəzi xərçəngi olan postmenopauzal (menopauzadan sonrakı) qadınlarda randomizə edilmiş, ikiqat kor, plasebo nəzarətli, çoxmərkəzli MONARCH 3 adlı klinik araşdırmaya əsaslanır. Araşdırmada ümumilikdə 493 xəstə 2-yə 1 nisbətində iki qrupa ayrıldı. Bir qrupa hormon müalicəsinə (aromataza inhibitorları letrozol və ya anastrazol) əlavə olaraq abemaciclib, digər qrupa isə hormon müalicəsinə əlavə olaraq plasebo (aktiv maddə ehtiva etməyən dərman) verildi.
Araşdırmanın nəticəsində abemaciclib alan xəstələrdə müalicə ilə xəstəliyə nəzarət müddəti (proqressiyasız sağqalım) median olaraq 28.2 ay olduğu halda, plasebo alanlarda bu müddət 14.8 ay idi.
MONARCH 3-də abemaciclib alan xəstələrin ən azı % 20-də bildirilən yan təsirlər ishal, neytropeniya, yorğunluq, infeksiyalar, ürəkbulanma, qarın ağrısı, anemiya (qanazlığı), qusma, alopesiya (saç tökülməsi) və iştahanın azalmasıdır.
Abemaciclib aromataza inhibitoru ilə kombinasiyada istifadə edildikdə tövsiyə edilən başlanğıc dozasıac və ya tox gündə iki dəfə 150 mg-dır.
Abemaciclib əvvəllər hormonal müalicədən sonra xəstəliyi irəliləməyə davam edən - yəni ikinci xətt müalicə kimi - 4-cü mərhələ süd vəzi xərçəngi xəstələrində fulvestrant ilə birlikdə istifadə üçün 28 sentyabr 2017-ci ildə FDA təsdiqi almışdı.
Abemaciclibin (Verzenio) təsir mexanizmi nədir?
Abemaciclib xərçəng hüceyrəsindaxili böyümə siqnal yollarından siklindən asılı 4/6 kinazanı bloklayır. Palbociclib (İbrance) və ribociclibdən (Kisqali) sonra üçüncü nəsil siklindən asılı 4/6 kinaza inhibitoru olan abemaciclib də süd vəzi xərçənginin müalicəsində FDA təsdiqi aldı.

Əlaqəli mövzu:
Mənbələr
fda.gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.