Ağciyər xərçəngi nə qədər sürətlə böyüyür? İkiqat artma və yayılma müddəti anlayışları

Bu məqalədə
Ağciyər xərçənginin nə qədər sürətlə böyüdüyünü və nə qədər müddətdə yayıldığını bilmək istəyən çox insan var. Bu, xərçəngin nə vaxt yaranmağa başladığı sualını da gündəmə gətirir. Mövzu yalnız riyazi məsələ deyil, çünki ağciyər xərçənginin böyümə sürəti müalicə qərarlarına, hətta müalicə yanaşmalarına təsir edə bilər. Məhz buna görə genetik test nəticələrini gözləmək, yoxsa dərhal müalicəyə başlamaq, aşkar edilmiş ağciyər düyününü müşahidə edib gözləmək, yoxsa dərhal müdaxilə etmək lazım olduğu kimi suallar çox vacibdir. Bu məqalə ağciyər xərçənginin böyüməsi və yayılması barədə tez-tez verilən belə suallara cavab verməklə yanaşı, böyümə sürətindən başqa mühüm amilləri də nəzərdən keçirəcək.
Hər xərçəng fərqlidir
Hər insan fərqli olduğu kimi, hər xərçəng də fərqlidir. Hətta eyni növ və mərhələdəki iki ağciyər xərçəngi molekulyar səviyyədə çox fərqli davrana bilər. Hər xərçəng eyni sürətlə böyümür və böyüsə belə, nə qədər sürətlə böyüyəcəyini etibarlı şəkildə təxmin etmək lazımdır; bu da kifayət etmir, daha çox məlumat tələb olunur. Hər bir müalicə qərarı çoxsaylı amillərə əsaslanır.
Diaqnozla müalicənin başlanması arasındakı müddət nəticələrə təsir edə bilər. Bəzi hallarda dərhal müalicəyə başlamaq düzgün seçim olmaya bilər. Müəyyən gen mutasiyasının hədəflənə bildiyi hallarda test nəticələrini 3-4 həftə gözləmək daha yaxşı nəticə verə bilər.
Ağciyər xərçənginin böyümə sürətini anlamaq vacibdir, lakin təkbaşına kifayət etməyə bilər. Xərçəngin necə böyüyüb yayılacağı barədə məlumat verən başqa amillər də var; bunlardan biri ağciyər xərçənginin alt növüdür.
Ağciyər xərçəngi nə qədər sürətlə böyüyür?
Proliferasiya, ağciyər xərçəngi hüceyrələrinin nə qədər sürətlə böyüdüyünü ifadə edir.
İkiqat artma müddəti, şişin ölçüsünün ikiqat artması üçün lazım olan vaxtdır.
İkiqat artma müddəti xərçəngin nə qədər sürətlə böyüyəcəyini anlamağa kömək edə bilər. Ümumilikdə ağciyər xərçənglərinin ölçüsü orta hesabla dörd-beş ayda ikiqat artır.
Bununla belə, ağciyər xərçəngində ikiqat artma müddətinin ən mühüm müəyyənedicisinin şişin kiçik hüceyrəli ağciyər karsinoması (KHAK), yoxsa kiçik hüceyrəli olmayan ağciyər karsinoması (KHDAK) olduğunu deyə bilərik.
Əlaqəli mövzu: Kiçik hüceyrəli və kiçik hüceyrəli olmayan ağciyər xərçəngi – fərqləri hansılardır?
Kiçik hüceyrəli olmayan ağciyər xərçənginin (KHDAK) ikiqat artma müddəti
KHDAK-nin ikiqat artma müddəti bəzi amillərdən asılı olaraq dəyişə bilər, məsələn:
- Xərçəngin alt növü: KHDAK-nin öz daxilində də ən azı 4 alt növü var: adenokarsinoma, skuamoz (yastı hüceyrəli) karsinoma, böyük hüceyrəli karsinoma, NOS (not otherwise specified = başqa cür təsnif edilə bilməyən).
- Siqaretçəkmə tarixçəsinin olması
Bir tədqiqat şişin böyümə sürətini araşdırmaq üçün orta hesabla 25 gün ara ilə kompüter tomoqrafiyası (KT) müayinələrindən istifadə edib. Müayinələrdən sonra xəstələrin şişləri əməliyyatla çıxarılıb.
Tədqiqat şişin ölçüsünün orta ikiqat artma müddətinin 191 gün olduğunu müəyyən edib. Kiçik hüceyrəli olmayan şişlər kiçik hüceyrəli ağciyər şişlərindən əhəmiyyətli dərəcədə daha yavaş böyüyüb. Siqaret çəkən şəxslərdə şişlər heç çəkməyən və ya siqareti tərgitmiş şəxslərlə müqayisədə daha sürətlə ikiqat artıb.
Maraqlı tapıntılardan biri ikiqat artma müddəti 400 gündən çox olan şişləri olan xəstələrdə proqnozun (xəstəliyin gedişinin) mütləq daha yaxşı olmaması idi. Belə şişləri olan xəstələrin üçdə birində xərçəng bədənin uzaq hissələrinə yayılmışdı.
Başqa bir tədqiqat da KT ilə aşkar edilmiş ağciyər xərçənginin ikiqat artma müddətini araşdırıb. Tədqiqatçılar şişləri üç kateqoriyaya ayırıblar:
- Sürətlə böyüyən, ikiqat artma müddəti 183 gündən az olanlar: 15,8%
- Tipik/normal, ikiqat artma müddəti 183 ilə 365 gün arasında olanlar: 36,5%
- Yavaş böyüyən, ikiqat artma müddəti 365 gündən çox olanlar: 47,6%
Sonra bu ikiqat artma müddətlərini alt növlərlə müqayisə ediblər. Yavaş böyüyən qrupdakı xəstələrin 86,7%-sində ağciyər adenokarsinoması adlanan alt növ olub. Bu alt növdəki xəstələrin yalnız 20%-si sürətlə ikiqat artma qrupunda olub.
Bunun əksinə, sürətlə böyüyən qrupdakı xəstələrin 60%-ında ağciyərin skuamoz hüceyrəli karsinoması olub. Yavaş böyüyən qrupda isə bu alt növə yalnız 3,3%-də rast gəlinib.
Ağciyərin skuamoz hüceyrəli karsinoması adətən ağciyər adenokarsinomasından daha sürətlə böyüməyə meyillidir.
Tədqiqatlar həmçinin EGFR müsbət olan adenokarsinomaların ikiqat artma müddətini də araşdırıb. Ağciyər xərçəngi olan və bu mutasiyanı daşıyan şəxslərin çoxunun siqaretçəkmə tarixçəsi yoxdur və ya çox azdır. Bu tədqiqatlar qarışıq nəticələr verib: bəziləri daha uzun ikiqat artma müddəti göstərib, digərləri isə göstərməyib.
Kiçik hüceyrəli ağciyər xərçənginin ikiqat artma müddəti
KHDAK-nin 4 mərhələsi var, lakin kiçik hüceyrəli ağciyər xərçəngi 2 mərhələdə qiymətləndirilir:
- döş qəfəsi ilə məhdud mərhələ və
- irəliləmiş (bədənin digər hissələrinə yayılmış) mərhələ.
Kiçik hüceyrəli ağciyər xərçəngində ikiqat artma müddəti KHDAK-də olduğu qədər yaxşı araşdırılmayıb. Bunun həm sürətli, həm də mərhələdən asılı olduğu görünür.
2012 ildə aparılan tədqiqat kiçik hüceyrəli ağciyər xərçəngi olan şəxslərin ilkin KT görüntülərini araşdırıb. Əsas şişin orta ikiqat artma müddəti 70 gün, təsirlənmiş limfa düyünləri üçün isə 51,1 gün olub. İkiqat artma irəliləmiş mərhələli xəstəlikdə məhdud mərhələli xəstəlikdən daha sürətli olub. İrəliləmiş mərhələli xəstəliyin ikiqat artma müddəti 24 gün olduğu halda, məhdud mərhələdə 97,6 gün olub.
Böyümə sürətinə təsir edən amillər
Ağciyər xərçənginin böyümə sürətinə təsir edə bilən bir sıra amillər var, bunlara daxildir:
- Ağciyər xərçənginin əsas növü (KHDAK və KHAK) və alt növü
- Genetik mutasiyalar, məsələn EGFR
- Siqaretçəkmə vəziyyəti
- Kişilər və qadınlar arasındakı fərqlər
- Şişin diaqnozunda istifadə edilən üsullar
Müxtəlif xərçəng alt növlərinin fərqli sürətlə böyüyə bildiyi müşahidə edilib. Siqaretçəkmə tarixçəsi kimi digər amillər də rol oynayır.
İkiqat artma müddətlərinə əsaslanan təxminlər
Şişin ikiqat artma müddəti onun böyüməsini təxmin etmək üçün istifadə edildikdə faydalıdır. Bir tədqiqat əməliyyat edilə bilməyən ağciyər xərçəngi olan şəxslərin təxmini yaşama müddətini araşdırıb. İkiqat artma müddətinin yaşama müddətini təxmin etmək üçün istifadə oluna biləcəyi müəyyən edilib.
Müalicə almayan xəstə üçün təxminlər
Tədqiqatçılar bəzən müəyyən xərçəng növünün ikiqat artma müddətinə baxaraq şəxsin müalicəsiz nə qədər yaşaya biləcəyini təxmin etməyə çalışırlar. Ümumilikdə mövcud modellərin bu suala düzgün cavab vermədiyi düşünülür.
Metastaz (yayılma) müddəti
Xəstələr ağciyər xərçənginin bədənin digər nahiyələrinə yayılmasının nə qədər çəkdiyini də bilmək istəyirlər. Buna metastaz deyilir. Xərçənglə əlaqəli ölümlərin 90%-ı metastazlarla bağlı olduğundan bu, vacib sualdır.
Fərqlər olsa da, demək olar ki, hər növ ağciyər xərçənginin potensial yayılma ehtimalı olduğunu qeyd etmək vacibdir. İstisna 0 mərhələ ağciyər xərçəngi və ya invaziv olmayan karsinoma in situdur.
Kiçik hüceyrəli ağciyər xərçəngi çox erkən yayıla bilər. Hətta erkən mərhələli kiçik hüceyrəli ağciyər xərçəngləri beyinə və ya başqa orqanlara yayıla bilər. KHAK-də beyinlə bağlı əlamətlər çox vaxt xəstəliyin ilk əlaməti olur.
Bunun əksinə, ağciyərin skuamoz hüceyrəli karsinomaları yayılmadan əvvəl xeyli böyüyə bilər. Ölçüsü 8-10 cm-ə çatdığı halda metastaz verməmiş skuamoz hüceyrəli ağciyər karsinomaları məlumdur.
Ümumilikdə ağciyər xərçəngi metastazlarının ən çox rast gəlindiyi yerlər bunlardır:
- Sümüklər (34,3%)
- Digər ağciyər (32,1%)
- Beyin (28,4%)
- Böyrəküstü vəzilər (16,7%)
- Qaraciyər (13,4%)
Böyümə sürətindən fərqli amillər
Şişin metastaz vermə (yayılma) ehtimalı adətən böyümə sürətindən və ya ikiqat artma müddətindən fərqli amillərdən asılıdır.
Şişin müəyyən ölçüyə çatmalı olduğu, əvvəlcə limfa düyünlərinə, oradan da başqa yerlərə yayılacağı düşünülürdü. Lakin artıq bunun belə olmadığını bilirik. Bunun əvəzinə şişlər yayılmağa kömək edən müəyyən mutasiyalara malik ola bilər. Sürət hüceyrələrin orqanizmdə necə daşınmasından/hərəkət etməsindən də asılı ola bilər.
Əvvəlcə xərçəng hüceyrələri həm olduqları yerdən, həm də immun sistemindən "yayınmalıdır". Normal hüceyrələr onları bir yerdə saxlayan molekullara malikdir. Xərçəng hüceyrələrində fərqli mutasiyalar onların daha asan və ya daha çətin ayrılmasını təmin edə bilər. Sonra isə qan, limfatik sistem və ya tənəffüs yolları vasitəsilə hərəkət etməlidirlər.
Xərçəngin limfatik sistemlə yayılması daha uzun çəkir. Lakin qan dövranı xərçəng hüceyrələrini bədənin digər hissələrinə daha sürətlə "əkmək" üçün yol ola bilər. Bəzən bu, şiş tapılmadan xeyli əvvəl də baş verə bilər. Hətta çox erkən mərhələli KHAK-də belə şiş hüceyrələrinin qan dövranında olması geniş yayılıb.
Yeni çatdıqları yerdə xərçəng hüceyrələrinin çoxu ölür. Böyümənin baş verməsi üçün hüceyrələrə qan təchizatı, yəni angiogenezə ehtiyac var. Həmçinin immun sisteminin onlara hücum etməməsi üçün mühit dəyişməlidir. Bunun üçün normal hüceyrələrlə əlaqə qurmalıdırlar. Bəzi ağciyər xərçəngi hüceyrələri bu prosesləri daha asan həyata keçirməyə imkan verən mutasiyalar inkişaf etdirmiş ola bilər.
Bu, hüceyrələrin bədənin digər hissələrində məskunlaşmasının qarşısını almaq yollarını tapmağın vacib olduğu deməkdir. Məsələn, erkən mərhələli süd vəzi xərçəngində bisfosfonatlar xərçəngin təkrarlanma riskini azalda bilər. Bu dərmanlar sümük mikromühitini dəyişdirərək təsir göstərir. Sümükqoruyucu kimi tanınan bu dərmanların təsir mexanizmi sümük toxumasına yeni gəlmiş xərçəng hüceyrələrinin məskunlaşmasının qarşısını almağa çalışmaqdır.
Residiv (təkrarlanma) müddəti
Diaqnoz zamanı şişin ölçüsü və müsbət limfa düyünlərinin sayı xərçəngin residiv (təkrarlanma) ehtimalı ilə əlaqəlidir. Lakin bunlar ayrı-ayrı insanlarda nə baş verəcəyini proqnozlaşdıra bilməz. Yeni tədqiqatlar şişin hissələrindəki hüceyrə müxtəlifliyinin və ya fərqlərinin onun təkrarlanma qabiliyyətinə təsir edə bildiyini müəyyən edib.
Əlaqəli mövzu: Hansı xərçəng nə dərəcədə RESİDİV (TƏKRARLANMA) verir?
Ağciyər xərçəngi nə vaxt başlayır?
Bir çox xəstə xərçənginin nə vaxt başladığını bilmək istəyir. Bəlkə həyatlarının stresli dövrünə və ya müəyyən kimyəvi maddəyə məruz qalmağa görə xərçəng yarandığını düşünürlər. Lakin bu sualın aydın cavabı yoxdur.
2017 ildə aparılmış bir araşdırma ağciyər xərçənginin inkişafının uzun proses ola biləcəyini, bəlkə də onilliklər çəkə biləcəyini bildirib. Bu, xüsusilə ağciyər adenokarsinomaları (ağciyərin vəzilərindən qaynaqlanan xərçəng növü) üçün keçərli ola bilər. Yəni ağciyər xərçəngi əslində xəstəyə diaqnoz qoyulmasından xeyli əvvəl, bəlkə də onilliklər əvvəl başlamış ola bilər. Buna görə xərçəngi müəyyən hadisə və ya dövrlə əlaqələndirmək adətən çətindir və çox vaxt bir sıra amillərin qarşılıqlı təsiri mövcuddur.
Ağciyər xərçəngi erkən mərhələlərdə adətən heç bir əlamət vermir. Əksinə, əlamətlər çox vaxt xərçəng irəlilədikcə yaranır. Bu, xəstəliyin adətən irəliləmiş mərhələdə aşkar edilməsi deməkdir. Erkən mərhələdə fərq edilən ağciyər xərçəngi çox vaxt təsadüfi tapıntı kimi üzə çıxır və ya başqa vəziyyət üçün aparılan müayinələr zamanı aşkarlanır.
Yüksək riskli şəxslərdə aşağı dozalı kompüter tomoqrafiyası (KT) müayinəsi ağciyər xərçəngini erkən mərhələdə aşkar edə bilər. Lakin belə skrininqdən istifadə üçün müəyyən risk amillərinin olması tələb olunur.
Əlaqəli mövzu: Ağciyər xərçəngi skrininqi ilə diaqnoz alan xəstələrdə 20 illik sağqalım yüzdə 80-dir
Buna görə ağciyər xərçəngi diaqnozu çox vaxt xəstəliyin irəliləmiş mərhələsində qoyulur və bu, müalicə seçimlərinə və ümumi proqnoza (xəstəliyin gedişinə) təsir edir.
Nəticə olaraq ağciyər xərçənginin böyümə sürəti müxtəlif amillərdən asılıdır və hər xəstənin təcrübəsi fərqli olacaq. Ağciyər xərçəngi diaqnozu almış xəstələrin bu amilləri və böyümə sürətinin müalicə seçimlərinə necə təsir edə biləcəyini həkimləri ilə müzakirə etməsi vacibdir. Məsələn, sürətlə böyüyən şiş daha aqressiv müalicə yanaşması tələb edə bilər, yavaş böyüyən şiş üçün isə fərqli yanaşma daha uyğun ola bilər.
Xülasə
Ağciyər xərçənginin yayılma sürəti hər xəstədə fərqlidir. İkiqat artma müddəti mühüm məlumat verə bilər, lakin böyümə sürətini təxmin etməkdə yeganə müəyyənedici amil deyil.
Ağciyər xərçənginin fərqli alt növləri müxtəlif sürətlə böyüyə bilər. Böyümə sürətləri genetik mutasiyalar və siqaretçəkmə tarixçəsi kimi amillərdən də asılı ola bilər. Bəzi xərçəng növləri bədənin uzaq nahiyələrinə yayılmaqda daha uğurlu ola bilər.
Ağciyər xərçəngi KT müayinəsi ilə erkən aşkarlana bilər. Siqaret çəkdiyiniz üçün yüksək risk qrupundasınızsa, həkiminizlə ağciyər xərçəngi skrininqi barədə danışın.
Son söz
Hazırda yeni diaqnoz qoyulmuş xəstələrdə müalicəyə başlamazdan əvvəl adətən genomik testlər aparılır. Bu, bəzən iki-dörd həftə çəkən nəticələr gözlənərkən xəstələrin xərçəngin yayılacağından narahat olmasına səbəb ola bilər.
Xəstəliyin gedişi və ya insanın xəstəliyin öhdəsindən necə gəlməsi ən vacib məsələdir. Ən yaxşı müalicə seçimlərini bilmədən dərhal müalicəyə başlamaq bəzən daha çox zərər verə bilər.
Xərçəng müalicəsi sürətlə dəyişir və çoxsaylı yeni müalicə seçimləri var. Buna görə etibar etdiyiniz həkimi tapmaq vacibdir. Xəstəlik barədə məlumat almağın başqa yolu da qeyri-müəyyənliklə üzləşərkən dəstək ala biləcəyiniz mütəxəssislərlə və ya bu təcrübəni yaşamış şəxslərlə əlaqə qurmaqdır.
Mənbələr
2. Tulpule A, Bivona TG. Acquired resistance in lung cancer. Annu Rev Cancer Biol. 2020;4(1):279-297. doi: 10.1146/annurev-cancerbio-030419-033502
3. Osorio B, Yegya-Raman N, Kim S, et al. Clinical significance of pretreatment tumor growth rate for locally advanced non-small cell lung cancer. Ann Transl Med. 2019;7(5):17-17. doi:10.21037/atm.2019.02.14
4. Lin RS, Plevritis SK. Comparing the benefits of screening for breast cancer and lung cancer using a novel natural history model. Cancer Causes Control. 2012;23(1):175-85. doi:10.1007/s10552-011-9866-9
5. Mackintosh JA, Marshall HM, Yang IA, Bowman RV, Fong KM. A retrospective study of volume doubling time in surgically resected non‐small cell lung cancer. Respirology. 2014;19(5):755-62. doi:10.1111/resp.12311
6. Wilson DO, Ryan A, Fuhrman C, et al. Doubling times and CT screen–detected lung cancers in the Pittsburgh Lung Screening Study. Am J Respir Crit Care Med. 2012;185(1):85-9. doi:10.1164/rccm.201107-1223OC
7. Zhang R, Chen B, Zhou Y, et al. Volume doubling time of lung adenocarcinomas considering epidermal growth factor receptor mutation status of exon 19 and 21: three-dimensional volumetric evaluation. J Thorac Dis. 2017;9(11):4387. doi:10.21037/jtd.2017.10.58
8. Sharial M, Teo M, Doherty M, et al. Modern imaging technique assessment of small cell lung cancer doubling time. J Clin Oncol. doi:10.1200/jco.2012.30.15_suppl.e17561
9. Pérez-Morales J, Lu H, Mu W, et al. Volume doubling time and radiomic features predict tumor behavior of screen-detected lung cancers. Cancer Biomark. 2022;33(4):489-501. doi:10.3233/CBM-210194
10. Jamal-Hanjani M, Wilson GA, McGranahan N, Birkbak NJ. Tracking the evolution of non–small-cell lung cancer. N Engl J Med. 376:2109-2121 doi:10.1056/NEJMoa1616288
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.