İlk dəfə mədəaltı vəzi xərçənginin müalicəsi üçün ağıllı dərman təsdiqləndi

Bu məqalədə
27 dekabr 2019-cu ildə ABŞ Qida və Dərman İdarəsi (FDA), təsdiqlənmiş testlə zərərli və ya zərərli olması ehtimal edilən germinal xətt BRCA mutasiyası (gBRCAm) aşkarlanmış və xəstəliyi birinci xətt platin əsaslı kimyaterapiya rejimi ilə ən azı 16 həftə irəliləməmiş metastatik (4-cü mərhələ) pankreatik adenokarsinomalı (klassik mədəaltı vəzi xərçəngi) yetkin xəstələrin saxlayıcı müalicəsi üçün olaparib (Lynparza) adlı PARP inhibitorları qrupundan hədəfə yönəlmiş xərçəng müalicəsini təsdiqlədi. Yəni bu dərmanın istifadəsi üçün irəliləmiş mədəaltı vəzi xərçəngi olan xəstədə həm BRCA mutasiyası aşkarlanmalı, həm də xərçəng platin əsaslı kimyaterapiyaya həssas olmalıdır.
FDA həmçinin olaparib müalicəsi üçün mədəaltı vəzi xərçəngi xəstələrinin seçimində istifadə olunmaq məqsədilə BRCA1 və ya BRCA2 genlərində zərərli və ya zərərli olması ehtimal edilən germinal xətt mutasiyalarının müəyyənləşdirilməsi üçün diaqnostik vasitə kimi BRACAnalysis CDx testini (Myriad Genetic Laboratories, Inc.) təsdiqlədi.
Mədəaltı vəzi xərçəngində olaparibə FDA təsdiqi gətirən tədqiqat: POLO
Dərmanın effektivliyi ikiqat kor, plasebo nəzarətli, randomizə edilmiş və çoxmərkəzli POLO tədqiqatı ilə araşdırılıb. Əsas effektivlik göstəricisi proqressiyasız sağqalma, yəni müalicə ilə xəstəliyi nəzarətdə saxlama müddəti olub. Əlavə effektivlik göstəriciləri ümumi sağqalma və ümumi cavab faizi idi.
- Tədqiqat çərçivəsində mədəaltı vəzi xərçəngi olan 3315 xəstəyə genetik test aparılıb, 247 nəfərdə germinal, yəni irsi BRCA mutasiyaları tapılıb; deməli, mədəaltı vəzi xərçəngi xəstələrinin %7.4-ü BRCA-müsbət olub.
- Tədqiqatçılar 154 xəstəni 3:2 nisbətində təsadüfi iki qrupa ayırıblar; 92 nəfər olaparib, 62 nəfər plasebo alıb.
- Müalicə xəstənin son platin əsaslı kimyaterapiya dozasından 4 ilə 8 həftə sonra başlayıb.
- BRCA mutasiyalarının üçdə ikisi BRCA2, qalanı isə BRCA1 olub.
POLO tədqiqatının qısa nəticələri
- Olaparib alan xəstələrdə median proqressiyasız (irəliləməsiz) sağqalma müddəti 7.4 ay olduğu halda plasebo alan xəstələrdə 3.8 ay idi.
- Olaparib xəstəliyin irəliləmə riskini plaseboya nisbətən % 47 azaldıb.
- POLO nəticələri 2019-cu ilin iyununda ASCO Konqresində və eyni vaxtda NEJM jurnalında təqdim edilmişdi. O zaman ümumi sağqalma məlumatları yetişməmişdi. FDA təsdiqi zamanı isə ümumi sağqalma məlumatları təqdim edilib. Olaparib alanların median ümumi sağqalması 18.9 ay, plasebo alanlarınkı isə 18.1 ay olub və fərq statistik əhəmiyyət daşımayıb.
- Ciddi yan təsirlər (dərəcə 3, 4 və ya 5) plasebo alanların %23-ü ilə müqayisədə olaparib alanların %40-ında yaranıb. Həmçinin olaparib alanların % 5.5-i, plasebo alanların %1.7-si yan təsirlərə görə müalicəni dayandırıb. Olaparib yaxşı qəbul edilib və olapariblə plasebo alanlar arasında həyat keyfiyyəti baxımından fərq olmayıb. Klinik tədqiqatlarda olapariblə ən çox (>%10) görülən yan təsirlər ürəkbulanma, yorğunluq, qusma, qarın ağrısı, anemiya (qanazlığı), ishal, başgicəllənmə, neytropeniya, leykopeniya, nazofaringit / yuxarı tənəffüs yolu infeksiyası / qrip, artralgiya / mialgiya, disgevziya (dad hissinin pozulması), baş ağrısı, dispepsiya, iştahanın azalması, qəbizlik, stomatit, təngnəfəslik və trombositopeniyadır.
Olaparibin tövsiyə olunan dozası, gündə iki dəfə yeməklə və ya yeməksiz qəbul edilən 300 mg-dır.
Əlaqəli mövzu
Mənbələr
fda.gov 27 December 2019.
2. Talia Golan, Pascal Hammel, Michele Reni ve ark.
Maintenance Olaparib for Germline BRCA-Mutated Metastatic Pancreatic Cancer.
NEJM, 2 June 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.