Xərçəng müalicəsinə FÖVQƏLADƏ CAVAB VERƏN nədir? Əhəmiyyəti, biologiyası və genetikası

Xərçəng xəstələrinin kiçik bir faizi müalicəyə müstəsna müsbət cavablar göstərir və irəliləmiş mərhələdə xəstəliyi olmasına baxmayaraq, klinik baxımdan oxşar şişləri olan xəstələrdən əhəmiyyətli dərəcədə daha uzun yaşayır.
Davam edən tədqiqat layihəsi bəzi xəstələrin niyə fövqəladə cavablar verdiyini araşdırır. Tədqiqatçılar bu xəstələrin təxminən dörddə birinin şişlərində müəyyən molekulyar xüsusiyyətlər aşkarladılar. Bəzi hallarda şiş genomunda çox sayda nadir genetik dəyişiklik mövcuddur. Digər hallarda şişlər müəyyən növ immun hüceyrələri ilə zəbt edilmişdi.
Nəticələr 19 noyabrda Cancer Celljurnalında onlayn yayımlandı. Bu nəticələr 2014-cü ildə başlanmış milli layihə olan ABŞ Milli Xərçəng İnstitutunun (NCI) Fövqəladə Cavab Verənlər Təşəbbüsünün müəyyənləşdirdiyi 111 xəstədən götürülmüş şiş biopsiyası nümunələrinin genomik təhlilindən əldə edilir.
Xərçəngdə fövqəladə cavab verən nə deməkdir?
Fövqəladə cavab verənlər oxşar xəstələrin %10-undan azında təsirli olacaq bir müalicəyə qismən və ya tam cavab verən şəxs kimi müəyyən edilir. Bu müstəsna vəziyyətdə cavab müddəti normal median cavab müddətindən ən azı 3 dəfə daha uzundur.
Fövqəladə cavab verən 111 xəstənin iştirak etdiyi bu tədqiqatda xəstələrin təxminən dörddə birində (% 24, 26 xəstə) müalicəyə müstəsna müsbət cavabları potensial olaraq izah edə biləcək molekulyar xüsusiyyətlərə malik şişlər olduğu görüldü.
Tədqiqata rəhbərlik edən NCI Xərçəng Genomikası Mərkəzinin direktoru Dr. Louis Staudt dedi: "Hər xəstədə hansı dərmanların faydalı olacağını dərhal müəyyənləşdirə bilməyəcəyik. Buna yaxın deyilik. Lakin bu tədqiqatın göstərdiyi odur ki, müstəsna cavab verən xərçəng növlərində meydana çıxa bilən müəyyən mutasiyaları müəyyənləşdirmişik."
Staudt bu mutasiyaların xərçəngin izləyəcəyi yolu "işıqlandıra biləcəyini" və potensial olaraq xərçəngin aqressiv olub-olmayacağını, müalicə tələb edib-etməyəcəyini və ya müşahidə ilə idarə oluna bilib-bilməyəcəyini proqnozlaşdırmaq üçün istifadə edilə biləcəyini bildirdi. Buna görə bu tədqiqatın qısa müddətdə faydalı ola biləcəyini söylədi.
"Daha uzunmüddətli perspektivdə bu, gələcək tədqiqatlara ilham verən növdə bir araşdırmadır. Fövqəladə cavab verənlərin bəzilərində genetik olaraq inaktivləşdiyini aşkar etdiyimiz hüceyrə yollarının bəzilərini hədəfləyən dərmanları əhatə edən klinik sınaqlar başlanacaq."
Aşağıda tədqiqatın qrafik xülasəsini görmək olar:

Qrafikin izahı: Bu tədqiqatda şişin mikromühitiilə yanaşı, genetik və epigenetik dəyişiklikləri müəyyənləşdirmək üçün müstəsna cavab verən 111 xəstənin şiş biopsiyaları təhlil edildi. İnteqrativ təhlil xəstələrin təxminən dörddə birində müalicəyə cavab üçün inandırıcı mexanizmlər aşkar etdi. Mexanizmlər dörd geniş kateqoriyaya ayrıldı: DNA zədələnməsinə cavab, hüceyrədaxili siqnallaşma, immun iştirak və xəstəliyin əlverişli gedişinə xas genetik dəyişikliklər — bir çox şiş birdən çox kateqoriyaya daxildir. Bu təhlillər müalicənin uğurunu dəstəkləyən nadir genetik lezyonları aşkar etməklə yanaşı, xərçəng müalicəsinə cavaba təsir edə biləcək onkogen mexanizmlərlə bağlı çox sayda yoxlanıla bilən hipotez təqdim edir.
Bu nəticələr genetik testlərin gündəlik klinik xidmətdə istifadəsini dəstəkləyir.
2020-ci ilin əvvəlində NCI komandası bu yanaşmanın həyata keçirilə bilməsini təsdiqləyən pilot tədqiqatın nəticələrini yayımladı. Təhlil edilən 100-dən çox halın altısında klinik olaraq təsirli ola biləcək germ xətti (irsi) mutasiyalarının olduğu müəyyən edildi.
Maraq tədqiqata istiqamət verdi
Staudt dedi: "Xəstələrimizlə bu gözəl və məmnunluq verən fövqəladə cavab təcrübəsini yaşadıq, ona görə də bunun necə baş verdiyini dərhal maraq etdik. Bu tədqiqatın böyük hissəsini hərəkətə gətirən məhz bu maraq idi".
Hazırkı tədqiqatda Staudt və həmkarları mutasiyaları, nüsxə sayı dəyişikliklərini, anormal metilləşməni, normadan kənar gen ekspressiyasını və şiş mikromühitinin hüceyrə quruluşunu aşkar etmək üçün çoxsaylı genomik metodologiyalardan istifadə etdilər.
Müstəsna cavablar üçün fərz edilən mexanizmlər ümumilikdə aşağıdakı dörd kateqoriyaya bölünmüşdür:
- DNA zədələnməsinə cavab (15 xəstə),
- hüceyrədaxili siqnal yolu (9 xəstə),
- proqnostik genetik qarşılıqlı təsir (9 xəstə) və
- immunoloji qarşılıqlı təsir (16 xəstə).
Bir çox xəstədə bu mexanizmlərdən iki və ya daha çoxu mövcud idi.
Müəlliflər "sitotoksik kimyaterapiyaların tez-tez istifadəsinin DNA zədələnməsinin yaranması və DNA zədələnməsinə cavabla paralel olduğunu" bildirirlər. Bu xəstələrdə DNA zədələnməsinə cavabın üstünlüyündən danışmaq olar.
26 xəstə müstəsna müsbət cavab verənlər kimi müəyyən edildi. Bu xəstələrdə aşağıdakı xərçəng növləri var: beyin şişi (8 xəstə); mədə-bağırsaq xərçəngləri (6 xəstə); süd vəzi xərçəngi (4 xəstə); xolangiokarsinoma (2 xəstə); ağciyər xərçəngi (2 xəstə); mədəaltı vəzi, endometrium (uşaqlıq), yumurtalıq və sidik kisəsi xərçəngi (hər biri 1 ədəd).
Bu xəstələrin çoxu (% 65, 17 xəstə) DNA-nı zədələyən agentləri ehtiva edən kimyaterapiya ilə müalicə edildi. Yarısından çoxunda (% 54, 14 xəstə) hədəflənmiş müalicələr istifadə edildi, bəzi xəstələr isə hər ikisini aldı.
Müstəsna xəstə nümunələri
- Beyin şişi glioblastoma multiforme (GBM) olan bir xəstə ardıcıl olaraq cərrahiyyə, lokal karmustin və radioterapiya ilə müalicə edildi. Xərçəng təkrarlandıqda temozolomid tətbiq edildi. Bu, 10 ildən çox davam edən tam cavaba səbəb oldu.
- Metastatik yoğun bağırsaq xərçəngi olan bir xəstə faza 1 klinik sınaqda tədqiqat dərmanı TRC102 (metoksiamin) ilə birlikdə temozolomid aldıqdan sonra 45 ay (son izləmə) davam edən və demək olar ki, tam olan cavab göstərmişdir. TRC102 alkilləşdirici və antimetabolit kimyaterapevtiklərə müqavimət yaradan yol olan DNA əsasının eksiziya təmiri yolunun inhibitorudur.
- Metastatik, estrogen reseptoru müsbət süd vəzi xərçəngi olan bir xəstə anastrozol (Arimidex) ilə birlikdə yüksək səviyyəli ERBB2 amplifikasiyasına görə trastuzumab aldı. Bu, hələ də davam edən 2,4 illik qismən cavabla nəticələndi. Xəstə klinik olaraq HER2 müsbət olsa da, şişində ERBB2 mRNA ekspressiyası son dərəcə aşağı idi. Molekulyar profilləmə şişi HER2 ilə zənginləşdirilmiş alt tip əvəzinə bazalabənzər alt tip kimi təsnifləndirdi. Müəlliflərə görə bu, trastuzumabın müstəsna cavaba töhfə verməsinin ehtimalının az olması demək idi. Xəstə estrogen reseptoru müsbət olduğu üçün alınan cavaba aromataza inhibitoru olan anastrozolun səbəb olduğu düşünülür.
- Mədə-bağırsaq stromal şişi olan və KIT ekzon 11 delesiya mutasiyasını daşıyan bir xəstədə birinci sıra imatinib müalicəsindən sonra residiv baş vermişdi. Sonra bu xəstəyə sunitinib (Sutent) tətbiq edildi və tam cavab əldə olundu. Bu xəstədə hərtərəfli genetik təhlil aparıldıqda yalnız yüksək səviyyəli KIT ekspressiyası deyil, həm də sunitinibin hədəflədiyi bir neçə tirozin kinazanı kodlayan genlərin (KDR, Flt-1 və FLT3) yüksək səviyyədə ifadə olunduğu müəyyən edildi. Bu, xəstənin cavabını izah etmiş ola bilər.
Əlverişli genomik xüsusiyyətlər hansılardır?
Müəlliflər xəstəliyin əlverişli gedişini proqnozlaşdıra biləcək bəzi genetik xüsusiyyətlər müəyyənləşdirdilər. Xəstələrdə birinci sıra müalicədən sonra residiv baş versə də, xilasedici müalicədən sonrakı fövqəladə cavabları əlverişli genomik xüsusiyyətlərlə əlaqəli ola bilər.
Məsələn, yüksək dərəcəli GBM-ləri və astrositomaları olan bir neçə xəstədə adətən aşağı dərəcəli gliomada daha çox rast gəlinən və standart müalicədən sonra yavaş klinik gedişlə əlaqəli olan genetik xüsusiyyətlər mövcud idi.
Müəlliflər immun cavabı da qiymətləndirdilər. Cavab verən şişlərdə immun hüceyrələrin şişi zəbt etməsini nəzarət halları ilə müqayisə etdilər və fövqəladə cavab verən şişlərdə B hüceyrələrinin və aktivləşmiş (CD56dim) təbii öldürücü hüceyrələrin imzalarının daha yüksək olduğunu aşkar etdilər. Kimyaterapiya, radioterapiya və cərrahiyyədən sonra xəstəliyi irəliləyən metastatik sidik kisəsi xərçəngli bir xəstədə nivolumab (Opdivo) müalicəsi 7 ay davam edən tam cavab yaratdı. Belə nəticə sidik kisəsi xərçəngi xəstələrinin yalnız təxminən % 3-ündə görülür. Şiş nivolumabın hədəfi olan PD-1zülalını kodlayan PDCD1 geninin yüksək mRNA səviyyələri və PD-1 liqandı PD-L1-i kodlayan CD274 geninin ifadəsi baxımından müsbət idi. Həmçinin IFNG-nin yüksək səviyyəli amplifikasiyası mövcud idi (IFNG immun nəzarət nöqtəsi blokadasına müsbət cavabla əlaqəli sitokin olan interferon-qammanı kodlayan gendir).
Dəqiq onkologiya üçün çıxarılan dərslər
NCI Bölməsindən həmmüəllif rəhbəri S. Percy Ivy dedi: "Diaqnoz zamanı və xəstəlik irəlilədikdə yenidən genetik test aparmaq çox dəyərlidir, çünki bəzi genetik dəyişikliklər ola bilər və bu, müalicəni dəyişə bilər.".
"Bu tədqiqatın məqsədi bu xəstələrin müstəsna cavab verənlər kimi təsnifləndirilməsinə səbəb olan genetik quruluşları anlamaq idi və ümid edirik ki, bunu aşkara çıxara bilərik." deyə əlavə etdi.
Nəticə
Fövqəladə cavab verən xəstələrdən öyrənəcəyimiz çox şey var!
Genetik testlər, genetik hədəflərə yönəlmiş dərmanlar və uyğun xəstəyə immunoterapiya kimi dəqiq onkologiyaya yaxınlaşmaqda bizə kömək edəcəklər. Hələ bunu bütün xərçəng xəstələrinə təmin edə bildiyimiz nöqtədə deyilik, lakin daha dərindən araşdırıb daha çox öyrəndikcə daha yaxşısını təmin edə bilirik.
Dünyanın hər yerindən tədqiqatçıların bu səydə iştirakını təşviq etmək üçün NCI komandası və həmkarları molekulyar profilləmə nəticələrini və klinik məlumatlarını NCI Genomic Data Commons-da ictimaiyyətə açıq etdilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.