Abemasiklib erkən mərhələli süd vəzi xərçəngində xəstəliyin təkrarlanması riskini azaldır

Bu məqalədə
Erkən mərhələli və xərçəngin təkrarlanması baxımından yüksək riskli süd vəzi xərçənginin müalicəsində abemasiklib (ABŞ-da Verzenio, Türkiyədə Yulareb) yaratdığı həyəcanla yanaşı çoxsaylı sualları da gündəmə gətirdi.
Hormon müsbət süd vəzi xərçənginin müalicəsində təsdiq alması ilə tanış olduğumuz yeni nəsil xərçəng dərmanlarından hüceyrə siklinin CDK4 / 6 inhibitoru abemasiklibin standart hormonal müalicəyə əlavə edilməsinin yüksək riskli hormon reseptoru müsbət (HR+), insan epidermal böyümə faktoru reseptoru 2 (HER2) mənfi süd vəzi xərçəngində erkən residiv (təkrarlanma) riskini əhəmiyyətli dərəcədə azaltdığı ESMO Virtual Konqresi 2020 çərçivəsində təqdim edilən və eyni vaxtda Journal of Clinical Oncology jurnalında dərc edilən faza-3 klinik tədqiqat ilə göstərildi.
MonarchE adlı klinik tədqiqata daxil edilən 5600 xəstə arasında tək hormonal müalicə ilə abemasiklib və hormonal müalicənin birlikdə tətbiqinin 2 illik nəticələri müqayisə edildi və abemasiklib istifadəsinin xəstəliksiz sağqalım riskini %25 azaltdığı görüldü (p = 0,0096; HR, 0.75;% 95 CI, 0.60 - 0.93).
2. ildə xəstəliksiz sağqalım nisbəti abemasiklib qolunda %92,2, yalnız hormonları basqılayan müalicə alan qrupda isə %88,7 idi.
Son 20 ildə ilk irəliləyiş
Tədqiqatın baş tədqiqatçısı Dr. Stephen Johnston: "Bu, süd vəzi xərçənginin adyuvant (əməliyyatdan sonrakı qoruyucu) müalicəsində 20 ildən çox müddətdə müşahidə edilən ilk irəliləyişdir." dedi.
Süd vəzi xərçənginin təkrarlanması üçün ən riskli vaxtın müalicədən sonrakı ilk 2 il olduğunu bilirik. Əsas məsələ 2 illik, yoxsa daha uzun müalicəyə ehtiyacınızın olmasıdır. Başqa bir klinik tədqiqat fərqli dərmanla 3. ildəki residiv nisbətlərini araşdırır və bunun nəticələrini görmək üçün daha çox gözləməli olacağıq.
Bəs bu tətbiq bu xəstə qrupu üçün yeni müalicə standartına çevrilə biləcəkmi, HR +, HER2 mənfi, erkən mərhələli və yüksək riskli xəstələr kimyaterapiya almadan belə bir kombinasiya (CDK4 / 6 inhibitoru və hormonal dərman) ilə müalicə edilə bilərmi?
Tədqiqatın təfərrüatları
Abemasiklib ilk dəfə 2017-ci ildə hormonal müalicə və ya kimyaterapiyadan sonra xərçəngin proqressiya etdiyi HR +, HER2 mənfi irəliləmiş süd vəzi xərçəngində tək preparat kimi və ya fulvestrant ilə birlikdə MONARCH-2 tədqiqatından əldə edilən məlumatlar əsasında FDA təsdiqi aldı (baxın: əlaqədar FDA təsdiqi). Daha sonra 2018-ci ildə aromataza inhibitoru ilə birlikdə birinci xətdə MONARCH-3 tədqiqatı ilə təsdiq aldı.
MonarchE isə HR müsbət HER2 mənfi erkən mərhələli süd vəzi xərçəngində birinci xətt adyuvant müalicə kimi abemasiklibin təsirini araşdırdı.
Kimlər residiv baxımından yüksək riskli hesab edildi?
- Əməliyyatın patoloji müayinəsində limfa düyününün müsbət olması,
- əsas şişin ölçüsünün ≥5 cm olması,
- histoloji baxımdan 3. dərəcəli şiş (geade 3)
- və / və ya Ki67 indeksi ≥% 20 olan xəstələr yüksək riskli hesab edildi.
Hansı hormon basqılayıcı dərmanın seçiləcəyi həkimə həvalə edildi və klinik göstərişə uyğun olaraq hormonal müalicə 5-10 il davam etdirildi.
MonarchE tədqiqatına 5637 xəstə daxil idi. Abemasiklib və hormonal müalicə qrupu 2808, yalnız hormonal müalicə qrupu isə 2829 xəstədən ibarət idi.
İki qrup əsas xüsusiyyətləri baxımından yaxşı balanslaşdırılmışdı. Xəstələrin böyük əksəriyyəti (təxminən %85) 65 yaşdan kiçik idi və %56,5 menopauzadan sonrakı dövrdə idi.
Həmçinin, %37 daha əvvəl neoadyuvant kimyaterapiya, təxminən %58 isə adyuvant kimyaterapiya almışdı.
Uzaq metastazolmadan sağqalım riski də abemasiklib və hormonal müalicə ilə yalnız hormonal müalicəyə nisbətən %28 azaldı (2. ildə müvafiq olaraq %93.6 və %90.3).
Kombinə müalicə alan qoldakı xəstələrin yalnız 92-də, ancaq hormonal müalicə alanların isə 142-də uzaq orqan metastazlarının inkişaf etməsi olduqca diqqətçəkən fərqlər kimi qarşımıza çıxdı.
Sümükdə residiv olan xəstələrin sayı abemasiklib ilə 32, yalnız hormonal müalicə ilə 81 idi; abemasiklib alan 29 xəstədə və yalnız hormonal müalicə alan 42 xəstədə qaraciyərdə residiv müşahidə edildi.
Nəticələr abemasiklib qolunda ən çox müşahidə edilən yan təsirlərin ishal, (%82), neytropeniya (%45), yorğunluq (%38) olduğunu göstərdi; bunun əksinə, nəzarət qrupunda artralgiya (% 31), isti basmalar (% 21) və yorğunluq (%15) ən çox rast gəlinən yan təsirlər idi.
Abemasiklib qrupundakı xəstələrin %2.3-də venoz tromboembolik hadisə (damar tıxanması), yalnız hormonal müalicə alanların isə %0.5-də bu hadisə qeydə alındı. İnterstisial ağciyər xəstəliyinin rastgəlmə nisbətləri müvafiq olaraq %2.7 və %1.2 idi.
Lazım gəldikdə gündə iki dəfə 150 mg-dan 100 mg-a doza azaldılmasına icazə verən tədqiqat dizaynına baxmayaraq, 463 (%16.6) xəstə yan təsirlər nəticəsində abemasiklib qəbulunu dayandırdı. Onlardan 306-sı hormonal müalicəyə davam etdi. Bu hal klinik praktikada nəzərə alınmalı mühüm məsələ olacaq.
Bununla belə, ishalın tezliyi və şiddəti zamanla əhəmiyyətli dərəcədə azaldı və abemasiklib qrupunun yalnız %4.8-i bu yan təsir nəticəsində istifadəsini dayandırdı.
Yadda qalan suallar...
Nəticələri müsbət görünən bəzi klinik tədqiqatlar cavablandırdıqları qədər çox sual da yaradır və monarchE də istisna deyil.
Məsələn, HR +, HER2 mənfi erkən süd vəzi xərçəngində adyuvant hormonal müalicəyə başqa CDK4 / 6 inhibitoru olan palbosiklibin əlavə edilməsini qiymətləndirən və eyni zamanda ESMO toplantısında təqdim edilən çox oxşar PALLAS tədqiqatının mənfi nəticələrinin ortaya çıxardığı bir müəmma var.
Burada ən mühüm məsələ 2 il kimi çox qısa müşahidə müddəti kimi qarşımıza çıxır.
İkincisi, xəstəliksiz sağqalımda görülən irəliləyişlər həqiqətən önəm verdiyimiz nəticəyə gətirib çıxaracaqmı: ümumi sağqalımı da yaxşılaşdıracaqmı? Yenə bunu zaman göstərəcək, amma onkoloqlar, xəstələr, təsdiq və ödəniş qurumları bu sualın cavabına böyük önəm verirlər.
Bəs gec residiv necə?
Həmçinin CDK4 / 6 inhibitoru adyuvant müalicədə istifadə edilərsə, optimal müddət nə olacaq?
Başqa bir məsələ CDK4 / 6 inhibitorlarından hansı xəstələrin ən çox fayda görəcəyini proqnozlaşdıran biomarkerlərin hələ müəyyən edilməməsidir. Çünki bu dərmanlar olduqca bahadır. 2 illik adyuvant müalicə dünyanın hər yerində CDK4 / 6 inhibitoru ilə dərman müalicəsinə namizəd ola biləcək xəstələrin əksəriyyəti üçün əlçatmazdır.
*
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.