Fasiləli oruc (intermittent fasting) və xərçəng

Bu məqalədə
Qərbdə intermittent fasting adı ilə tanınan fasiləli oruc pəhrizi, ən populyar qidalanma proqramlarından biri olmaq yolundadır. Digər qidalanma formalarından fərqli olaraq fasiləli orucun diqqət mərkəzi qidalar deyil, qidalanma vaxtıdır. Xərçəng və kimyaterapiya dövründə də qidalanma olduqca vacibdir və bu dövrdə qidalanmada dəyişikliklər müşahidə edilə bilər. Əvvəllər sevdiyiniz yeməyi sevməməyə başlaya, yeni qidaları siyahıya əlavə etməyə bilərsiniz. İştahasızlıq və ürəkbulanma vaxtaşırı qida qəbulunu məhdudlaşdırır. Lakin bu vəziyyət düşünüldüyü qədər zərərli olmaya bilər. Yeni araşdırmalar xərçəng müalicəsi zamanı yaşana bilən iştahasızlığın həmişə mənfi qəbul edilməməli olduğunu, hətta uyğun hesab edilən xəstələrdə vaxtaşırı ac qalmağın müsbət təsirlərinin ola biləcəyini düşündürür.
Fasiləli aclıq, insanların 16-48 saat ərzində çox az kalori aldıqları və ya heç almadıqları qidalanma formasıdır. Müxtəlif formalarda sınanır: 8 saat yemək və 16 saat aclıq; 2 saat yemək və 21 saat aclıq kimi. Fasiləli aclığa oruc pəhrizi və ya dövri aclıq da deyilir.
Bu müxtəlif aclıq modelləri məməlilərdə fiziki və zehni performansı artırmaq üçün sınaqdan keçirilən yanaşmalardır. Fasiləli aclıq modelində bədənin əzələ kütləsi qorunarkən bədəndə yağ nisbətinin azaldığı müşahidə edilmişdir. Fasiləli və dövri aclıqla aparılan araşdırmalar xərçəng hüceyrələrini kimyaterapiyaya və ya digər xərçəng əleyhinə müalicələrə qarşı daha həssas edə biləcəyi iddiasını irəli sürmüşdür. Əlavə olaraq digər araşdırmalar oruc tutmağın autofagiyanı tətiklədiyini və CD8 sitotoksik T hüceyrələrini aktivləşdirərkən T-tənzimləyici hüceyrələri inhibə edərək immun sistemini tənzimləyə bildiyini göstərmişdir. Həmçinin bu qidalanma tərzi insulin, leptin, adiponektin kimi hormonların modulyasiyasına kömək etmişdir. Fasiləli aclıq əvvəlcə diabet və polikistik yumurtalıq sindromunun nəzarəti üçün araşdırılmışdır, lakin indi xərçəngin qarşısının alınması və ya müalicəsi üçün potensial yanaşma kimi diqqət çəkir.

Gəmiricilər üzərində aparılan araşdırmalar kimyaterapiyadan əvvəl ac qalmağın sağqalmanı uzatdığını, metastaz və toksikliyi (əlavə təsirləri) azaltdığını göstərmişdir. Eyni şəkildə, tirozin kinaz inhibitorlarının tətbiqindən əvvəlki dövri aclıq kiçikhüceyrəli ağciyər xərçəngi də daxil olmaqla müxtəlif xərçəng hüceyrə xətlərinin böyüməsini əngəlləmişdir. 24 ilə 72 saat arasında dəyişən fasiləli aclığı araşdıran 8 tədqiqat aparılmışdır. Tədqiqatların % 63-ü (8 tədqiqatın 5-ində) aclığın şiş böyüməsini inhibə etdiyini (basqıladığını); qalan 3 tədqiqat isə normal pəhrizlə qidalanan heyvanlarla müqayisədə şiş böyüməsində əhəmiyyətli fərq tapılmadığını göstərmişdir.
Bir neçə heyvan təcrübəsinin sistematik icmalı ac qalmağın metastaz göstəricisini və şiş böyüməsini azaltdığını göstərmişdir. Bu icmala görə kimyaterapiyadan əvvəl fasiləli aclıq tətbiq edildikdə heyvanlarda kimyaterapiyanın səbəb olduğu əlavə təsirlərdə əhəmiyyətli azalma ilə kimyaterapiyaya daha yaxşı dözə bildikləri göstərildi.
Fasiləli orucun insanlarda xərçəng tezliyinə təsirini qiymətləndirən araşdırma hələ aparılmayıb, yəni bu pəhrizin xərçəngdən qoruyub-qorumadığı bilinmir. Bir çox insan klinik tədqiqatında fasiləli orucun kimyaterapiyanın effektivliyi və təhlükəsizliyinə təsiri qiymətləndirilmişdir. Sistematik icmalda 24 ilə 180 saatlıq aclıq dövrü ehtiva edən bir neçə tədqiqat araşdırıldı. Bu tədqiqatlar fasiləli aclıqla qidalanmayan xəstələrlə müqayisədə hematoloji (qan və sümük iliyi ilə bağlı) əlavə təsirlər daxil olmaqla daha aşağı əlavə təsir göstəriciləri göstərmişdir.
2009-cu ildə dərc olunan bir hal seriyasında kimyaterapiyadan əvvəl və ya sonra 24 ilə 72 saat oruc tutan və qiymətləndirilən 6 xəstə izlənmiş və xəstələr oruc tutduqda əlavə təsirlərin daha az olduğu görülmüşdür. Başqa bir tədqiqatda, neoadjuvant və ya adjuvant dosetaksel, doksorubisin (adriamisin) və siklofosfamid alması planlaşdırılan HER2 mənfi, II / III mərhələ süd vəzi xərçəngi olan 13 xəstə kimyaterapiyadan əvvəl və sonra qısamüddətli oruc tutan və ya normal yemək yeyən olmaqla 2 qrupa ayrıldı. Kimyaterapiyadan 7 gün sonra qısamüddətli oruc tutan 7 nəfərlik qrupda hematoloji əlavə təsirlərin əhəmiyyətli dərəcədə aşağı, orta hemoqlobin və trombosit göstəricilərinin isə daha yüksək olduğu müşahidə edildi. Bununla yanaşı, hematoloji olmayan əlavə təsirlər arasında fərq yox idi. Tədqiqat həmçinin oruc tutan xəstələrdə immun sistemi hüceyrələrinin DNT zədəsinin bərpasının daha sürətli baş verdiyini qeyd etdi.
Ginekoloji xərçəngi olan 34 xəstədə kimyaterapiyadan əvvəl 36 saat və kimyaterapiyadan sonra 24 saat davam edən, ümumilikdə 60 saatlıq aclıq dövrü ehtiva edən randomizə tədqiqat xəstələrin həyat keyfiyyətini qiymətləndirdi. Oruc tutanlar daha az əlavə təsir yaşadı. Tədqiqat ərzində xəstənin bədən çəkisində əhəmiyyətli dəyişiklik olmadı, həmçinin aclıq həyat keyfiyyətini qorudu.
Nəticə
İnsanlara aid mövcud məlumatlar oruc pəhrizinin xüsusilə əlavə təsirləri azaltmaq baxımından kimyaterapiya nəticələri üçün faydalı ola biləcəyini düşündürür. Oruc pəhrizi uyğun şəkildə seçilmiş xəstələrdə təhlükəsiz görünür və orucla əlaqəli mənfi təsirlər aşağı dərəcəli görünür. Bununla yanaşı, oruc pəhrizi hələ böyük randomizə nəzarətli tədqiqatlarda araşdırılmamışdır və bu səbəbdən hazırda bu yanaşmanın xərçəngin qarşısının alınması və müalicəsində təhlükəsizliyi və effektivliyi ilə bağlı qəti nəticələr çıxarıla bilməz.
Mənbələr
Intermittent Fasting and Cancer
cancertherapyadvisor.com - 28 December 2018
2. Mattson MP, Longo VD, Harvie M.
Impact of intermittent fasting on health and disease processes.
Ageing Res Rev. 2017.
3. Brandhorst S, Longo VD.
Fasting and caloric restriction in cancer prevention and treatment.
Recent Results Cancer Res. 2016.
4. Caccialanza R, Cereda E, De Lorenzo F, Farina G, Pedrazzoli P; the AIOM-SINPE-FAVO Working Group.
To fast, or not to fast before chemotherapy, that is the question.
BMC Cancer. 2018.
5. Sun L, Li Y-J, Yang X, Gao L, Yi C.
Effect of fasting therapy in chemotherapy-protection and tumor suppression: a systematic review.
Transl Cancer Res. 2017.
6. de Groot S, Vreeswijk MPG, Welters MJP, et al.
The effects of short-term fasting on tolerance to (neo) adjuvant chemotherapy in HER2-negative breast cancer patients: a randomized pilot study.
BMC Cancer. 2015.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.