Baş-boyun xərçəngləri üçün yeni immunoterapiya üsulu

Baş və boynun yastıhüceyrəli xərçəngləri ağız, burun və boğaz nahiyələrini örtən epitel hüceyrələrində (selikli qişada) inkişaf edir. Bu anatomik nahiyələrin yaxınlığı, məhdud sahədə çoxlu orqanın, onlarla sıx qonşuluqda həyati sinir və damarların yerləşməsi, həmçinin baş-boyun nahiyəsinin görünən olması səbəbindən bu xərçənglərin müalicəsi çətindir, yüksək ixtisaslaşma və multidissiplinar yanaşma tələb edir.

PD-1 və PD-L1hüceyrə səthində yerləşən immun sisteminin nəzarət nöqtələridir və bu molekullara xüsusi hazırlanmış inhibitorlar yeni nəsil xərçəng immunoterapiyalarıdır.
Kimyaterapiya ilə birlikdə PD-1 inhibitoru immunoterapiya (nivolumab və pembrolizumab) təkrarlayan və ya metastatik baş və boyun xərçənglərinin əsas müalicələrindən birinə çevrilib; hətta pembrolizumab iyun 2019-da aldığı FDA təsdiqi ilə irəli mərhələli və ya təkrarlayan, PD-L1 müsbət, yastıhüceyrəli baş-boyun xərçəngli xəstələrin birinci xətt müalicəsi üçün standart olub. Lakin cavab nisbətlərinin aşağı olması, müşahidə olunan cavab müddətləri və hiperproqressiya (xərçəngin sürətli irəliləməsi) riski bu xərçəngin PD-1 inhibisiyasına davamlı ola biləcəyini düşündürür. Həmçinin residiv (təkrarlanma) tez-tez müşahidə edilir. Bu mənfi halları aradan qaldırmaq və daha təsirli müalicə tapmaq üçün UCLA Jonsson Kompleks Xərçəng Mərkəzi və UCLA Stomatologiya Fakültəsinin alimləri bir araya gəldilər. Siçan modeli ilə apardıqları tədqiqatda anti-PD1 immunoterapiyası ilə yanaşı BMI1 zülalının funksiyasını basqılayan PTC209 adlı vasitəni birlikdə istifadə etdilər. Nəticələr xərçəngin böyüməsini və yayılmasını uğurla dayandıraraq təkrarlanmanın qarşısını aldığını və xərçəng kök hüceyrələrini aradan qaldırdığını göstərir.
Polycomb qrupu (PcG) zülalı olan BMI1 hüceyrələrin diferensiasiyası və çoxalmasında epigenetik nəzarəti təmin edir və xərçəng kök hüceyrəsinin özünü yeniləməsində mühüm rol oynayır.
Tədqiqatçılar yastıhüceyrəli baş-boyun xərçənginin inkişafını və metastaz qabiliyyətini təqlid edən, bütövlüyünü qoruyan şiş mikromühitindəBMI1-müsbət xərçəng kök hüceyrələrinin izlənməsinə imkan verən siçan modeli istifadə etdilər. Təcrübədə BMI1 zülalı farmakoloji və ya genetik üsullarla basqılanaraq fəaliyyətsizləşdirildi. Hər iki halda PD1 inhibitoru ilə kombinə müalicə tətbiq edilərək BMI1-müsbət xərçəng kök hüceyrələrində təsiri yoxlanıldı.
Tədqiqatçılar təcrübənin nəticələrini belə xülasə edirlər: “Burada anti-PD1 və sisplatin kombinə müalicəsinin yastıhüceyrəli baş-boyun xərçənginin böyüməsini basqıladığını, lakin bu xərçənglərdə BMI1-müsbət xərçəng kök hüceyrələrinin zənginləşdiyini müəyyən etdik. Əksinə, BMI1 zülalının farmakoloji və genetik yolla fəaliyyətsizləşdirildiyi, PD1 inhibitorunun istifadə edildiyi təcrübə dəstində metastatik yastıhüceyrəli baş-boyun xərçənginin basqılandığını və təkrarlanma riskinin azaldığını sübut etdik.”
BMI1 zülalının basqılanması BMI1 və xərçəng kök hüceyrələrini aradan qaldıraraq qazanılmış immun cavabın mühüm hüceyrələrindən olan CD8+ T hüceyrələrinin şiş mühitinə cəlbini və şişə qarşı güclü immun cavabın yaranmasını stimullaşdırır.
Nəticə olaraq bu tədqiqat BMI1 zülallarını hədəfləyən immunoterapiyanın şişə qarşı immuniteti aktivləşdirərək xərçəng kök hüceyrələrini aradan qaldırdığına dair sübut təqdim edən ilk klinikayaqədərki tədqiqatdır. Bu nəticələr PD1 inhibitoru ilə müalicə olunan, lakin sonradan müalicəyə davamlılıq göstərən baş və boyun xərçəngi xəstələri üçün ümidvericidir.
Mənbələr
BMI1 Inhibition Eliminates Residual Cancer Stem Cells after PD1 Blockade and Activates Antitumor Immunity to Prevent Metastasis and Relapse.
Cell Stem Cell, 21 July 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.