Fasiləli aclıq / intermittent fasting / oruc pəhrizi – sağlamlığa təsirləri HƏYƏCANVERİCİDİR

Bu məqalədə
Fasiləli aclıq nədir?
Fasiləli aclıq enerji mənbəyi kimi qlükoza əvəzinə yağ turşuları və keton cisimlərinin istifadəsini təmin edərək enerji istehsalının səmərəliliyini əhatə edir. Fasiləli aclıq pəhrizi barədə diqqət çəkən elmi tədqiqatların ilki 1997 tarixli məqalə idi və kalori məhdudlaşdırılmasının – qida istehlakının azaldılmasının – heyvanlarda yaşlanma və ömür uzunluğuna nəzərəçarpan təsirlər göstərdiyini aşkar etdi. Tədqiqatçılar kalori məhdudlaşdırılmasının sağlamlıq faydalarının zərərli sərbəst radikalların azalmasından qaynaqlandığını irəli sürmüşdülər.
Fasiləli aclıq tibbi dildə və sosial mediada daha iki fərqli adla xatırlanır: intermittent fasting və oruc pəhrizi.
O vaxtdan heyvanlarda qaraciyərdən yaranan qlükozadan yağ hüceyrəsindən yaranan ketonlara metabolik keçidin gündəlik və ya həftədə bir neçə gün baş verdiyi bir sıra tədqiqatlar aparılmışdır. Fasiləli aclığın ömrün uzadılmasına təsirinin ölçüsü dəyişkən olsa da (cinsiyyət, pəhriz və genetik amillərdən təsirlənir), siçanlarda və insan olmayan primatlarda tədqiqatlar kalori məhdudlaşdırılmasının sağlamlığa müsbət təsirlərini göstərir.
Enerji məhdudlaşdırılmasına və oruc dövrlərinə hüceyrə səviyyəsində necə cavab verilir?
Bu yazıda daha sonra da təkrarlanacağı kimi aclıqda qısaca bu metabolik dəyişikliklər baş verir: qlükoza və yağ turşuları hüceyrələrin əsas enerji mənbələridir. Yeməkdən sonra enerji üçün qlükoza istifadə olunur, yağ isə piy toxumasında triqliserid kimi saxlanılır. Aclıq dövrlərində triqliseridlər enerji üçün istifadə edilən yağ turşularına və qliserola parçalanır. Aclıq zamanı başda qaraciyər olmaqla bir çox toxuma, xüsusilə beyin üçün böyük enerji mənbəyi təmin edən keton cisimlərinə çevirir. Qidalanma vəziyyətində keton cisimlərinin qan səviyyələri aşağıdır və insanlarda oruc başladıqdan sonrakı saatlarda yüksəlir.
Heyvanlar və insanlar üzərində tədqiqatlar davam etdikcə fasiləli orucun sağlamlığa faydalarının yalnız sərbəst radikal istehsalının azalması və çəki itkisi nəticəsində olmadığını göstərdi.
Fasiləli oruc orqanlar arasında və daxilində qlükoza tənzimlənməsini (şəkər tarazlığını) yaxşılaşdıran, stresə davamlılığı artıran və iltihabı basdıran hüceyrə cavabları yaradır. Fasiləli oruc hüceyrələrin oksidativ və metabolik stresə daxili müdafiəsini artıran, zədələnmiş molekulları uzaqlaşdıran və ya bərpa edən yolları işə salır. Qidalanma dövründə hüceyrələr toxumaya xas böyümə və plastiklik (neyron dəyişməsi) prosesinə daxil olurlar.
Şəklin izahı: Bədənimizə zərər verən kimyəvi maddələri yalnız xaricdən qəbul etdiyimizi düşünürük, amma əslində belə deyil! Piylənmə / artıq piy toxuması bədənimizdə bir çox zərərli kimyəvi maddə istehsal edən sanki bir fabrik kimidir. Piylənmə ilə əlaqəli bir çox xəstəlik – xərçəng, ürək-damar xəstəlikləri, diabet və ağırlaşmaları – artıq piy toxumasının; immun sistemini basdırması, xroniki iltihaba səbəb olması, mikrobiomu dəyişdirməsi və sərbəst oksigen radikallarını həddindən artıq miqdarda ortaya çıxarması ilə əlaqəlidir. Bununla yanaşı, artıq piy toxuması bəzi zərərli kimyəvi maddələrin bədəndə daha çox toplanmasına da səbəb ola bilər. Bunun ən diqqətçəkən nümunəsi nəzərdən qaçırılan bir kanserogen olan dioksinin piy toxumasında saxlanılmasıdır.
3 əsas yemək və əlavə qəlyanaltı şəklində pəhriz yanlışdırmı?
İnsanların çoxu gündə üç əsas yemək və əlavə qəlyanaltı yeyir, buna görə fasiləli oruc baş vermir. Preklinik (klinikadan əvvəlki) tədqiqatlarda piylənmə, diabet, ürək-damar xəstəliyi, xərçəng və neyrodegenerativ beyin xəstəlikləri daxil olmaqla çox müxtəlif xroniki pozğunluqların heyvan modellərində fasiləli orucun xəstəliyi effektiv dəyişdirən təsirinə dair tapıntılar vardır.
- Əlaqəli mövzu: Daha təsirli və bioloji saata uyğun yeni pəhriz
Bu yazıda fasiləli orucun ümumi sağlamlığa necə təsir etdiyini, yaşlanma və xəstəlik proseslərini necə yavaşlatdığını və ya geriyə çevirdiyini göstərən heyvan və insan tədqiqatlarını nəzərdən keçiririk.
- Əvvəlcə ən çox araşdırılan fasiləli aclıq rejimlərini və fasiləli aclığa metabolik və hüceyrə cavablarını araşdıracağıq.
- Sonra sağlam şəxslərdə və metabolik pozğunluğu olan xəstələrdə fasiləli aclıq rejimlərini sınayan preklinik tədqiqatların və daha yeni klinik tədqiqatların tapıntılarını müzakirə edəcəyik.
- Sonda fasiləli aclıq rejimlərinin necə tətbiq edilə biləcəyi barədə praktik məlumat verəcəyik. Uzunmüddətli aclıq tətbiqini (bir neçə gündən həftələrə qədər) müzakirə edəcəyik.
Fasiləli aclıq zamanı bədənimizdə nə baş verir? (metabolik dəyişikliklər)
Fasiləli aclıq enerji mənbəyi kimi qlükoza əvəzinə yağ məhsulu olan ketonun istifadəsinə keçidi təmin edir... Qlükoza (şəkər) və yağ turşuları hüceyrələr üçün əsas enerji mənbələridir. Yeməkdən sonra enerji üçün qlükoza istifadə olunur və yağ piy toxumasında triqliserid kimi saxlanılır. Aclıq dövrlərində triqliseridlər enerji üçün istifadə edilən yağ turşularına və qliserola parçalanır. Qaraciyər yağ turşularını oruc zamanı bir çox toxuma, xüsusilə beyin üçün böyük enerji mənbəyi təmin edən keton cisimlərinə çevirir. Qidalanma vəziyyətində keton cisimlərinin qan səviyyələri aşağıdır və insanlarda oruc başladıqdan sonra 8 ilə 12 saat ərzində yüksəlir. 24 saat ərzində 2 ilə 5 mM səviyyəsinədək yüksəlir.
İnsanlarda ən çox öyrənilən fasiləli aclıq rejimləri belədir: həftədə 2 gün 24 saat aclıq və qalan günlərdə vaxt məhdudiyyətli qidalanma; həftədə 1 və ya daha çox gün 24 saat aclıq və kalori qəbulunu əhəmiyyətli dərəcədə azaldan pəhrizlər. Məsələn, gündəlik kalori qəbulunu 500 - 700 kaloriyə endirmək kimi. Bunlar növbəli gün oruc pəhrizi adlanır. Həmin günlərdə qanda yüksək keton səviyyələri görünür.
Kalorisi məhdud qidalanma yanacaq mənbəyi kimi qlükozanın istifadəsindən sonra yağ turşuları və keton cisimlərinin istifadəsini təmin edərək enerji istehsalının səmərəliliyini əhatə edir.
Keton cisimləri yalnız aclıq dövrlərində işlədilən yanacaq deyil; hüceyrə və orqan funksiyalarına böyük təsir göstərən güclü molekullardır. Keton cisimləri sağlamlığa və yaşlanmaya təsir etdiyi məlum olan bir çox zülal və molekulun ekspressiyasını və aktivliyini tənzimləyir.
Həmçinin keton cisimləri beyin sağlamlığı, psixiatrik və neyrodegenerativ pozğunluqlarla bağlı nəticələri olan beyindən qaynaqlanan neyrotrofik faktorun gen ekspressiyasını stimullaşdırır («beyindən qaynaqlanan neyrotrofik faktor» genindən sintez edilən və neyrotrofin ailəsindən bir böyümə faktoru olan «neyrotrofik faktor» ifraz olunan zülaldır, beyində və qanda mövcuddur).
Bir çox tədqiqat fasiləli orucun bəzi faydalarının çəki itkisinə təsirlərindən ayrıldığını göstərir. Bu faydalara qlükozanın tənzimlənməsi, qan təzyiqi və ürək döyüntüsünün yaxşılaşması, dözümlülüyün artması və qarın nahiyəsindəki piylərin itirilməsi daxildir.
Fasiləli aclıq və stresə davamlılıq
İndiki insanlardan fərqli olaraq əcdadlarımız hər gün müntəzəm fasilələrlə üç böyük əsas yemək və qəlyanaltı yemirdilər və hərəkətsiz həyat sürmürdülər. Əvəzində qida mənbələrinin seyrək yayıldığı ekoloji mühitlərdə qida axtarmaqla məşğul idilər.
Homo sapiens zamanla belə mühitlərə uyğunlaşmanı dəstəkləyən təkamül dəyişiklikləri keçirdi; bunlara düşüncə, təxəyyül, dil və ovu tutmaq üçün böyük məsafələr qət etməyə imkan verən fiziki dəyişikliklər daxil idi.
Fasiləli orucun yaşlanmaya və sağlamlığa təsiri necədir?
Oruc dövrlərinə təkrar məruz qalmaq sonrakı çətinliklərə davamlılıq təmin edən qalıcı adaptiv cavablarla nəticələnir. Hüceyrələr əlaqələndirilmiş uyğunlaşan stres cavabına daxil olaraq fasiləli oruca cavab verirlər. Antioksidant müdafiəsi, DNA bərpası, zülal keyfiyyətinə nəzarət kimi.
Fasiləli aclıq rejimi tətbiq edilən heyvanların bədən və beyin hüceyrələri metabolik, oksidativ və ion stresləri daxil olmaqla potensial zərərverici təsirlərə qarşı inkişaf etmiş, güclü davamlılıq göstərir. Fasiləli oruc mTOR (məməlilərdə rapamisinin hədəfi) zülal sintezi yolunu inhibə edərək autofagiyanı (yaşlanmış və pozulmuş hüceyrələrin özünü həzm etməsi) və mitofagiyanı (mitoxondrinin köhnəlmiş hüceyrələrinin özünü həzm etməsi) stimullaşdırır. Bu yollar həddindən artıq yeyən və hərəkətsiz şəxslərdə işlədilmir və ya basdırılır.
Yaxın vaxtadək kalori məhdudlaşdırılması və fasiləli oruc tədqiqatları yaşlanmaya və ömür uzunluğuna yönəlirdi. Heyvanlarda kalori məhdudlaşdırılması haqqında təxminən yüz illik tədqiqatdan sonra ümumi nəticə qida qəbulunun azaldılmasının ömür uzunluğunu etibarlı şəkildə artırması idi.
Fasiləli oruc haqqında ən erkən tədqiqatlardan birində Goodrick və həmkarları siçanları gənc yetkin vaxtlarından başlayan kalorisi məhdud rejimə tabe etdikdə orta ömrün % 80 qədər artdığını gördülər.
Wisconsin Universitetindəki tədqiqatlardan biri kalori məhdudlaşdırılmasının həm sağlamlığa, həm sağqalmaya müsbət təsirini göstərərkən, Milli Yaşlanma İnstitutundakı digər tədqiqat ümumi sağlamlığın yaxşılaşmasına baxmayaraq ölüm göstəricisində əhəmiyyətli azalma göstərmədi.
Kalori məhdudlaşdırılmasının sağlamlığa və ömür uzunluğuna təsirlərindəki dəyişkənlik cinsiyyət, pəhriz, yaş və genetik amillərdəki fərqlərlə izah edilə bilər.
İnsanlarda fasiləli oruc pəhrizləri piylənməni, insulin müqavimətini, dislipidemiyanı (lipid pozğunluqlarını), hipertenziyanı və xroniki iltihabı yaxşılaşdıra bilir.
Fasiləli aclıq kalori qəbulunun azalmasından daha çoxunu edir
Bir tədqiqatda 22 gün fasiləli oruc rejiminə qoşulan 16 sağlam iştirakçı başlanğıc çəkilərinin % 2.5 hissəsini və piy kütlələrinin % 4 hissəsini itirdi. Aclıq insulin səviyyələrində % 57 azalma oldu.
Digər iki tədqiqatda artıq çəkili qadınlardan (hər tədqiqat üçün təxminən 100 qadın) birinci qrup həftədə 2 gün növbəli oruc pəhrizi (həftədə 2 gün 24 saat aclıq) rejiminə qoşuldu, digər qrup gündəlik kalori qəbulunu % 25 azaltdı. Hər iki qrupun qadınları 6 ay ərzində eyni miqdarda arıqladılar, lakin həftədə 2 gün növbəli oruc pəhrizinə qoşulan qrupda insulinə həssaslıq daha çox artdı və bel çevrəsində daha böyük azalma oldu.
Fasiləli aclığın fiziki təsirləri hansılardır?
İnsan və heyvan tədqiqatlarında fasiləli aclıq fiziki funksiyaları yaxşılaşdırdı. Məsələn, bədən çəkiləri oxşar olsa da, fasiləli oruc tutulan siçanların qidaya məhdudiyyətsiz çıxışı olan siçanlara görə iş dözümlülüyü daha yaxşı idi. Tarazlıq və koordinasiya da daha yaxşı idi. Hər gün 16 saat oruc tutan gənc kişilər 2 aylıq müqavimət məşqindən sonra əzələ kütlələrini qoruyaraq piy itirdilər.
Heyvan tədqiqatları fasiləli orucun məkan yaddaşı, assosiativ yaddaş və işçi yaddaş daxil olmaqla bir çox sahədə idrakı artırdığını göstərir. Fasiləli oruc və kalori məhdudlaşdırılması pəhrizi piylənmə, diabet və neyroiltihabın öyrənmə və yaddaşa mənfi təsirlərini geriyə çevirir.
Klinik tədqiqatda qısamüddətli kalori məhdudlaşdırılması tətbiq edilən yaşlı yetkinlərdə verbal yaddaşın yaxşılaşdığı görülmüşdür. Yüngül idrak pozğunluğu olan artıq çəkili yetkinlərin iştirak etdiyi tədqiqatda 12 aylıq kalori məhdudlaşdırılmasından sonra idarəetmə və idrak funksiyaları yaxşılaşmışdır.
Bu yaxınlarda aparılan çoxmərkəzli randomizə klinik tədqiqatda 2 illik gündəlik kalori məhdudlaşdırılması nəticəsində işçi yaddaşda əhəmiyyətli yaxşılaşma görülmüşdür.
Xüsusilə beyin yaşlanmasına və neyrodegenerativ xəstəliklərin irəliləməsinə təsir edən hər hansı farmakoloji müalicənin yoxluğu nəzərə alındıqda, yaşlı insanlarda fasiləli oruc və idrak barədə daha çox tədqiqatın aparılması mütləq lazımdır.
Oruc pəhrizi haqqında preklinik və insan klinik tədqiqatları
Bu bölmədə preklinik heyvan modellərində və müxtəlif xəstəlikləri olan xəstələrdə fasiləli oruc tədqiqatlarının nəticələrini qısaca nəzərdən keçiririk.
Fasiləli aclığın piylənmə və diabetə təsirləri hansılardır?
Heyvan modellərində fasiləli qidalanma insulinə həssaslığı artırır, yüksək yağlı pəhrizin törətdiyi piylənmənin qarşısını alır və diabetik retinopatiyanı (hazırda ən mühüm görmə itkisi səbəbini) yaxşılaşdırır. Yaponiyanın Okinawa adasındakı yerli əhali adətən fasiləli oruc rejimini qoruyur və olduqca uzun ömürlə yanaşı aşağı piylənmə və diabet göstəricilərinə malikdir.
Okinawalıların qidalanmasına baxdıqda azkarbohidratlı, enerjisi məhdud, lakin qida tərkibi zəngin ərzaqlarla qidalandıqlarını görürük. Xüsusilə Okinawa şirin kartofu, tərəvəzlər və paxlalılar kimi.
- Əlaqəli mövzu: Dünyanın ən uzunömürlü Mavi Zona insanlarının 8 ortaq xüsusiyyəti
Çoxmərkəzli tədqiqat gündəlik kalori məhdudlaşdırılmasının piylənməsi olmayan insanlarda bir çox kardiometabolik risk amilini yaxşılaşdırdığını göstərmişdir.
Həmçinin artıq çəkili və ya piylənməsi olan yetkinlərin qısamüddətli tədqiqatı fasiləli aclığın arıqlamaq üçün standart pəhrizlər qədər təsirli olduğunu göstərmişdir.
Gündəlik kalori məhdudlaşdırılmasının və ya 4:3 növbəli gün oruc pəhrizinin (həftədə üç dəfə 24 saat aclıq) prediabet və ya tip 2 diabetli xəstələrdə insulin müqavimətini geriyə çevirdiyi aşkar edilmişdir.
Bununla yanaşı, alternativ gün oruc pəhrizi qrupunu (həftənin müəyyən günlərində 24 saat aclıq), gündəlik kalori qəbulu məhdudlaşdırılan qrupu və nəzarət pəhrizi qrupunu müqayisə edən 12 aylıq tədqiqatda bütün qruplardakı iştirakçılar arıqladılar, lakin nəzarət pəhrizi qrupunda insulinə həssaslıq, qandakı yağ səviyyələri və ya qan təzyiqində yaxşılaşma olmadı.
Fasiləli aclığın ürək-damar xəstəliklərinə təsirləri hansılardır?
Fasiləli oruc heyvanlarda və insanlarda qan təzyiqi daxil olmaqla bir çox ürək-damar sağlamlığı göstəricisini yaxşılaşdırdı. İstirahətdə ürək döyüntüsü, LDL, HDL xolesterin, triqliserid, qlükoza, insulin dəyəri və insulin müqavimətində yaxşılaşmalar göstərmişdir.
Ürək-damar sağlamlığı göstəricilərində yaxşılaşmalar adətən növbəli gün orucunun başlanmasından sonrakı 2 ilə 4 həftədə görünür və pəhrizsiz izləmə başladıqda bir neçə həftə ərzində pisləşir.
Fasiləli aclığın xərçəngə təsirləri hansılardır?
Bir əsrdən artıq müddət əvvəl Moreschi və Rous orucun və kalori məhdudlaşdırılmasının heyvan şişlərinə faydalı təsirini açıqladı. O vaxtdan gəmiricilərdə çoxsaylı tədqiqatlar gündəlik kalori məhdudlaşdırılmasının və ya oruc pəhrizinin şiş yaranmasını azaltdığını göstərdi. Eyni zamanda kimyaterapiya və radioterapiyaya həssaslığı artıraraq bir çox şişin böyüməsini basdırdığını göstərdi.
Eynilə fasiləli aclığın xərçəng hüceyrələrində enerji metabolizmini pozduğu, böyümələrini əngəllədiyi və klinik müalicələrə həssaslaşdırdığı düşünülür.
Fasiləli aclıq normal hüceyrələrin stresə davamlılığını artırarkən xərçəngdən qorunma təmin edə bilər.
Qlioblastomalı xəstələri əhatə edən bir neçə klinik hal tədqiqatı fasiləli aclığın şiş böyüməsini basdıra və sağqalmanı uzada bildiyini göstərir.
ClinicalTrials.gov saytında davam edən tədqiqatlar süd vəzi, yumurtalıq, prostat, endometrium, kolorektal xərçənglər və qlioblastomalı xəstələrdə fasiləli oruca yönəlir. Fasiləli aclığın insanlarda xərçəngin residivinə (təkrarlanmasına) təsir edib-etmədiyi barədə tədqiqat isə hələ aparılmamışdır.
Fasiləli aclığın neyrodegenerativ pozğunluqlara təsirləri hansılardır?
Epidemioloji məlumatlar xüsusilə orta yaşlı şəxslərdə həddindən artıq enerji qəbulunun insult, alzheimer və parkinson xəstəliyi riskini artırdığını göstərir. Növbəli gün oruc pəhrizinin heyvan modellərində xəstəliyin başlanmasını və irəliləməsini gecikdirə biləcəyinə güclü preklinik məlumatlar vardır.
Neyrodegenerativ pozğunluq riski olan və ya ondan təsirlənmiş şəxslərdə fasiləli oruc pəhrizinin nəzarətli tədqiqat məlumatı yoxdur.
Fasiləli aclığın astma, multiple skleroz və artritə təsirləri hansılardır?
Bir tədqiqatda növbəli gün aclıq rejiminə əməl edən xəstələrdə enerji məhdudlaşdırılan günlərdə keton səviyyəsinin yüksəldiyi, 2 aylıq müddətdə arıqladıqları və astma simptomlarının azaldığı görülmüşdür.
Multiple skleroz mərkəzi sinir sistemində akson demiyelinizasiyası və neyron degenerasiyası ilə xarakterizə olunan autoimmun xəstəlikdir. Alternativ gün orucu və ardıcıl 3 günlük periodik dövrlərlə enerji məhdudlaşdırılması autoimmun demiyelinizasiyanı azaldır və multiple sklerozun siçan modelində funksional nəticəni yaxşılaşdırmışdır.
Fasiləli aclığın iltihabı azaltdığı üçün revmatoid artritdə faydalı olması gözlənilir. Artritli xəstələrdə istifadəsini dəstəkləyən sübutlar vardır.
Fasiləli aclığın cərrahiyyəyə və işemik toxuma zədələnməsinə təsirləri hansılardır?
Əməliyyatdan əvvəl oruc toxuma zədələnməsini və iltihabı azaldır, cərrahi nəticələri yaxşılaşdırır. Heyvan modellərində 3 günlük aclığın qaraciyər və böyrəklərdə işemiya-reperfuziya zədəsini azaltdığı və zədələnmədən əvvəl travmanın azalmasına səbəb olduğu görülmüşdür.
Randomizə çoxmərkəzli tədqiqat əməliyyatdan əvvəl 2 həftəlik gündəlik enerji məhdudlaşdırılmasının mədə şuntlanması keçirən xəstələrdə nəticələri yaxşılaşdırdığını göstərmişdir. Bu tapıntılar əməliyyatdan əvvəl fasiləli orucun cərrahi nəticələri yaxşılaşdırmaq üçün təhlükəsiz və təsirli üsul ola biləcəyini düşündürür.
Fasiləli aclıq pəhrizi praktikada tətbiq edilə bilərmi, necə tətbiq olunmalıdır?

Fasiləli aclığın sağlamlıq faydalarına və bir çox xəstəliyə tətbiq edilə bilməsinə dair sübutlara baxmayaraq, bu yemək vərdişlərinin cəmiyyətdə və xəstələr tərəfindən geniş qəbul olunması üçün maneələr vardır.
Bunlar nələrdir;
Birincisi, mədəniyyətimizdə hər gün qəlyanaltıların olduğu üç əsas yeməkli pəhriz o qədər kök salıb ki, bu qidalanma qaydasının dəyişməsi xəstələr və ya həkimlər tərəfindən nadirən qəbul olunacaq. İnkişaf etmiş ölkələrdə qida bolluğu və geniş marketinq də aşılmalı əsas maneələrdəndir.
İkincisi, fasiləli oruc rejiminə keçdikdə bir çox insan aclığın və enerji məhdudlaşdırılmasının yaratdığı əsəbilik və diqqət azalması yaşaya bilər. Bu əlamətlər 1 ay ərzində yox olur və xəstələrə bu proses bildirilməlidir.
Üçüncüsü, həkimlərin çoxu fasiləli oruc müdaxilələri barədə kifayət qədər məlumatlı olmaya bilər. Həkimlər xəstələrə fasiləli oruc pəhrizinə tədricən keçməyi təklif edə bilərlər.
Alternativ olaraq həkimlər ilk ay həftədə 1 gün, ikinci ay həftədə 2 gün qəbul edilən 900 ilə 1000 kalori ilə 5: 2 (həftədə 2 gün 24 saat aclıq) fasiləli aclıq pəhrizini təklif edə bilərlər. Üçüncü ay həftədə 2 gün 750 kalori, dördüncü ay isə həftədə 2 gün 500 kalori şəklində qidalanma rejimi tövsiyə edə bilərlər. Kalori qəbulunun geniş vaxt ərzində məhdudlaşdırılması xəstənin pəhrizə uyğunlaşmasını asanlaşdıra bilər.

Xəstənin qida ehtiyaclarının qarşılandığına əmin olmaq və davamlı məsləhət təmin etmək üçün dietoloqa və ya qidalanma mütəxəssisinə müraciət edilməlidir. Bütün həyat tərzi müdaxilələrində olduğu kimi həkimlərin kifayət qədər məlumat, davamlı ünsiyyət və dəstək təmin etməsi vacibdir.
Nəticə
Preklinik və klinik tədqiqatlar fasiləli aclıq pəhrizinin piylənmə, diabet, ürək-damar xəstəlikləri, xərçəng və nevroloji pozğunluqlar kimi bir çox sağlamlıq probleminə faydalı olduğunu göstərmişdir.
Heyvan modelləri fasiləli aclığın ömür boyu sağlamlığı yaxşılaşdırdığını göstərərkən, klinik tədqiqatlar nisbətən qısamüddətli müdaxilələr əhatə edir. Səbəbi insanların illərlə fasiləli oruc pəhrizini davam etdirməməsidir. Buna görə heyvan modellərində görünən faydaların potensial olaraq reallaşıb-reallaşmayacağı hələ müəyyən edilməyib. Həmçinin klinik tədqiqatlar əsasən artıq çəkili, gənc və orta yaşlı yetkinlərə yönəlib. Bu tədqiqatlarda müşahidə edilən fasiləli orucun faydalarını və təhlükəsizliyini digər yaş qruplarına ümumiləşdirə bilmərik.
Xüsusi mexanizmləri tam anlamasaq da fasiləli aclığın faydalı təsirləri metabolik keçidi və hüceyrələrin stresə davamlılığını əhatə edir. Bununla yanaşı bəzi insanlar fasiləli oruc rejiminə əməl etmək istəmir. Buna görə qidalanma vərdişlərini əhəmiyyətli dəyişmədən fasiləli orucun təsirlərini təqlid edən hədəfli farmakoloji müalicələr hazırlanıb və sınanıb. Nümunələrə yüngül metabolik müqavimət yaradan vasitələr (2-deoksiqlükoza, metformin və mitoxondrial ayırıcı vasitələr), mitoxondrial bioenerji dəstəkləri (keton esteri və ya nikotinamid ribozid), yaxud mTOR yolunu inhibə edən vasitələr (məs., everolimus və sirolimus) daxildir. Lakin heyvan tədqiqatları belə farmakoloji yanaşmaların təhlükəsizliyinin və effektivliyinin fasiləli aclıq pəhrizindən aşağı olduğunu göstərir.
Mənbələr
Effects of Intermittent Fasting on Health, Aging, and Disease.
NEJM, 26 Dec 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.