Ən çox qarşısı alına bilən 8 xərçəng növü

Bu məqalədə
Xərçəngin qarşısı alına bilərmi?
"Xərçəng niyə yaranır?» deyildikdə ən çox verilən cavablardan bəziləri belədir:
- Proqnozlaşdırılmayan, təsadüfi, nəzarətdən kənar səbəblər
- İrsi amillər (valideynlərdən keçmə)
Lakin bu cavablar xərçənglərin səbəblərinin yarısını nəzərdən qaçırır; çünki hər 10 xərçəng halından ən azı 4-ünün həqiqətən qarşısı alına bilər. Özümüzü və sevdiklərimizi xərçənglərdən qorumaq üçün görə biləcəyimiz müxtəlif tədbirlər var.
Yazımızda özünüzü 8 xərçəng növündən necə qoruyacağınızdan danışacağıq.
Serviks (uşaqlıq boynu) xərçəngindən qorunmaq
HPV (insan papilloma virusu) uşaqlıq boynu xərçənglərinin % 99-unun səbəbi kimi bilinir. Bu məqsədlə uzun araşdırmalar nəticəsində tapılmış HPV peyvəndi sayəsində bu xərçəngin demək olar ki, tamamilə önlənə bildiyini demək mümkündür. Qadınlar həmçinin 21 yaşdan etibarən müntəzəm Pap-smear testi ilə uşaqlıq boynu xərçəngi skrininqi etdirə və beləliklə xərçəngönü hüceyrə dəyişiklikləri tapılıb müdaxilə edilə bilər.
Aşağıdakı şəkildə, HPV ilə əlaqəli xərçənglər görünür.

Ağciyər xərçəngindən qorunmaq
Ümumdünya Səhiyyə Təşkilatına görə ağciyər xərçənglərinin ən azı % 80-i siqaret səbəblidir. Siqaret çəkməyin, çəkirsinizsə tərgidin. Eyni zamanda siqaret tüstüsünə məruz qalmağınız da bu riski artırır. Xoşbəxtlikdən artıq qapalı məkanlarda siqaret çəkmək qadağası var və bir qədər çox qorunuruq. Lakin barda və ya siqaret qadağası qanunlarından azad restoranda işləmək bu məruzqalmanı əhəmiyyətli artıra bilər. Buna diqqət etməklə ağciyər xərçəngi riski mühüm dərəcədə azaldıla bilər.
Aşağıdakı şəkildə, siqaretlə əlaqəli xəstəliklər görünür:
- Əlaqəli mövzu: Siqareti tərgitmək üçün 4 tövsiyə – mövcud yanaşmalar
Ağız və boğaz xərçənglərindən qorunmaq
Amerika Xərçəng Tədqiqatları İnstitutuna görə ağız, faringeal (udlaq) və laringeal (qırtlaq) xərçənglərin % 63-ünün xüsusilə siqaret və alkoqol qəbulunu məhdudlaşdırmaqla və bəzi asan həyat tərzi dəyişiklikləri etməklə qarşısı alına bilər. Alkoqol bir sıra xərçənglə əlaqəli olduğu bilinən qəti kanserogendir (xərçəng yaradan). Hətta mülayim alkoqol istehlakının müəyyən xərçənglərin riskini artırdığı artıq bilinir. Buna görə kişi və qadınların aşağıda göstərilən mülayim içki hədlərindən az alkoqol qəbul etməsi və ya tərgitməsi tövsiyə olunur. Həmçinin HPV infeksiyasının mühüm baş-boyun xərçəngi səbəbi olduğu unudulmamalıdır (baxın HPV ilə əlaqəli baş-boyun xərçəngləri).

- Əlaqəli mövzu: Baş-boyun xərçənglərinin əlamətləri
Qida borusu xərçəngindən qorunmaq
Qida borusu xərçənginin də % 63 nisbətində önlənə bildiyi hesablanır. İnsanın qida borusu xərçəngi olma riskini əhəmiyyətli dərəcədə artıran amil piylənmədir! Piylənmənin xərçəng riskini artırması bədən yağının yaratdığı xroniki iltihaba bağlıdır; bu da insulin müqavimətinə yol aça və hüceyrələrin böyüməsini tətikləyə bilər. Bu proseslər hüceyrələrin mutasiya keçirməsi və xərçəngin inkişafı üçün daha çox riskdir. Sağlam çəki saxlamaqla yanaşı alkoqol qəbulunu məhdudlaşdıraraq, siqareti tərgidərək və daha çox meyvə-tərəvəz yeyərək qida borusu xərçəngi riskini nəzərəçarpacaq azalda bilərsiniz.

Endometrium (uşaqlıq) xərçəngindən qorunmaq
Endometrium (uşaqlıq) xərçəngi hallarının % 59-u artıq bədən yağından qaynaqlanır.
Elmi araşdırmaların nəticələrinə görə menopauzadan sonra artıq yağ toxumasının artıq estrogen istehsal edərək uşaqlıq xərçənginə səbəb ola biləcəyi düşünülür. Rafinə karbohidratlar da endometrium xərçəngi ilə əlaqəli tapılmışdır, buna görə şəkərli içkilərin və ağ unun kəsilməsi bu riski azaltmağa kömək edə bilər. Fiziki fəaliyyətin endometrium xərçənginə müsbət təsiri göstərilmişdir. Gündə 30 dəqiqə orta dərəcəli fiziki fəaliyyət (ideal olaraq 60 dəq-yə qədər) tövsiyə edirik. Məşqlə həmişə çəki verilməsə də, təkbaşına məşq bəzi xərçənglərin yaranma riskini azaldır. Bunun səbəbi məşqin xərçəng hüceyrələrini stimullaşdıra bilən insulin kimi böyümə faktorlarını azaltması ola bilər.
- Əlaqəli mövzu: Məşq və riskini azaltdığı 14 xərçəng növü
Kolorektal (kolon və düz bağırsaq) xərçənglərindən qorunmaq
Mədə-bağırsaq sistemi istehlak edilən qida və içkilərdən əhəmiyyətli dərəcədə təsirlənir. Məsələn, alkoqol kolorektal (yoğun bağırsaq) xərçəng riskini % 50 artıran kanserogenlərdəndir. Həmçinin bu xərçənglərdə çox qırmızı və ya emal olunmuş ət yemək də riski artırır. Xüsusilə emal olunmuş ətlərdə nitratlar və nitritlər kimi qatqı maddələri də çox zərərlidir. Qırmızı ət istehlakı ümumiyyətlə ayda 1-2 tövsiyə edilir. Bu xərçəng növlərində kolonoskopiya ilə müntəzəm skrininq də çox vacibdir. Bütün yetkinlərə 50 yaşdan etibarən, məsələn, kolonoskopiya kimi üsulla kolon və düz bağırsaq xərçəngi skrininqi etdirməyi tövsiyə edirik.
Əlaqəli mövzular:
- Kolonoskopiyadan əvvəl bilinməli olanlar – hazırlıq mərhələsi
- Kolon və düz bağırsaq xərçənginin erkən diaqnozu üçün kolonoskopiyaya alternativ 7 test
Süd vəzi xərçəngindən qorunmaq
Süd vəzi xərçəngi hallarının təxminən % 33-ünün qarşısı alına bilər. Süd vəzi xərçəngində də alkoqolun məhdudlaşdırılmasının vacib olduğu, çünki alkoqolun həm menopauzadan əvvəl, həm də sonra süd vəzi xərçəngi riskini artırdığı göstərilmişdir. Südvermə qadınların bəzi süd vəzi xərçənglərindən qorunmasında faydalıdır (xüsusilə menopauzadan sonrakı süd vəzi xərçəngləri üçün). Artıq çəkidən çəkinmək və müntəzəm idman da süd vəzi xərçəngi riskini əhəmiyyətli azaldır. Bundan başqa emal olunmuş ətin, dizel qazlarının, ləkə tutmayan xalça və parçalarda istifadə edilən maddələrin və yanmış-kömürləşmiş qidalardakı müxtəlif kimyəvi maddələrin süd vəzi xərçəngi riskini artırdığına dair sübutlar var. Həmçinin irsi süd vəzi xərçəngi riski olan şəxslərin aşkarlanması və onlara yönəlmiş tədbirlər də süd vəzi xərçəngi riskini azaldır.
- Əlaqəli mövzu: İrsi süd vəzi xərçəngi olan insanlar necə izlənməli və müalicə edilməlidir?
Dəri xərçəngindən qorunmaq
Ağciyər xərçənginin ən mühüm səbəbi tütün və tütün məhsulları olduğu kimi, dəri xərçənglərinin də ən mühüm səbəbi günəş şüalarına qorunmasız məruz qalmaqdır. Amerika Dermatologiya Akademiyasına görə qoruyucu günəş kremi tətbiqi ilə zərərli UV şüalarına məruz qalmanı azaltmaq mümkündür. Günəş qoruyucusunu müntəzəm istifadə etməkdən başqa boyun və qulaqları da qoruyan enlikənarlı papaqlar geymək, günəşin ən güclü olduğu vaxtlarda günəş altında uzun vaxt keçirməmək vacibdir.
- Əlaqəli mövzu: Günəş kremləri zərərli UV şüalarına məruz qalmanı azaldır, lakin etibarsız məhsullara diqqət

Əlaqəli mövzu:
Mənbələr
Proportion and number of cancer cases and deaths attributable to potentially modifiable risk factors in the United States.
CA Cancer J Clin. Jan 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.